“El” hərəkatı ofisindən çıxarıldi

Eldəniz Quliyev: «Hakimiyyət bu cür addımlarıyla göstərir ki, «EL»in varlığından narahatdılar»

“EL” Hərəkatının paytaxtın Əlizadə küçəsi 11 ünvanında yerləşən ofisi ətrafında martın 29-dan etibarən gərginlik yaranıb. Hərəkatın ofis kimi istifadə etdiyi mülkün sahibləri “EL”in rəhbəri Eldar Namazova bildiriblər ki, onlara dəhşətli təzyiqlər var, həbs oluna bilərlər. Bu səbəbdən də onlar mülkün boşaldılmasını tələb ediblər.
Bu barədə elə həmin ünvanda mərhum vəkil Isaxan Aşurovun xatirəsinə həsr olunmuş tədbirdə çıxış edən Hikmət Hacızadə məlumat verib.
Martın 30-dan məsələ daha da ciddiləşib. Faktiki, “EL” Hərəkatından heç kim ofisə daxil ola bilməyib. Hərəkatın nümayəndələrinə ofisdən şəxsi əşyalarını götürməyə də icazə verilməyib. Mülki geyimlilər “EL” üzvlərinə qarşı zorakılıq edir, onları həbslə hədələyirlər. Bu, əslində, hakimiyyətin təzyiqi nəticəsində ofisin fəaliyyətinin dayandırılması anlamına gəlir.
Qeyd edək ki, Əlizadə 11 ünvanındakı məlum ofis bundan əvvəl də siyasi ünvan kimi tanınıb. “EL” Hərəkatının lideri Eldar Namazovun 2005-ci ildə yaratdığı “YES” bloku da məhz bu ünvanda yerləşirdi…
Ictimai Palata da “EL” Hərəkatına qarşı təzyiq və təqiblərlə bağlı müzakirələr aparıb. Bu barədə məlumat verən Ictimai Palatanın Koordinasiya Şurasının dönəm sədri Qələndər Muxtarlı bildirib ki, Ictimai Palata “EL” Hərəkatının ofisdən çıxarılmasını, hərəkatın mülkiyyətindən istifadəyə qadağa qoyulmasını, onun liderlərinə qarşı qanunsuzluqları pisləyib. Bununla əlaqədar Ictimai Palata bəyanat hazırlayıb.
“EL” Hərəkatının üzvü Eldəniz Quliyev deyir ki, bütün bu baş verənlər hakimiyyətin nə qədər qorxaq olduğunu, necə cılız hisslərlə yaşadığını göstərir: “Hakimiyyət bizə mesajlar göndərirdi ki, ”EL” Hərəkatı hakimiyyətlə rəqabət apara bilməz. Ancaq öz hərəkətlərilə göstərirlər ki, “EL” Hərəkatının varlığından narahatdılar. Biz mətbuat konfransı keçirib, yeni ofisimiz haqda məlumat verəcəyik. Bu cür təzyiqlər nəinki bizi sarsıtmır, əksinə, ruh yüksəkliyi verir. Biz öz mübarizəmizdən bir addım da geri çəkilmək fikrində deyilik”.

İlham