Yaxın 10-20 ildə…

“Ilham Əliyevin Xorvatiya səfəri bu ölkədə elə narazılıqla qarşılanıb ki, baş nazir Zoran Milanoviç Nazirlər Kabinetinin iclasında məsələyə münasibət bildirməyə məcbur olub”,- “Azadlıq” yazır.
Baş nazirin açıqlamasında iki məsələ diqqət çəkir. Birincisi:
“Narazılıqların ”həddən çox şişirdilmiş olduğunu” bəyan edən baş nazir Azərbaycanla iqtisadi əlaqələrin Xorvatiya büdcəsinə pul axınına səbəb olacağını deyib. Həmin QHT-lər isə bu büdcədən maliyyələşir – bunu unutmasınlar?,- baş nazir deyib.
Pul axını… Demək, dövlətimizin, xalqımızın pulu (hərçənd o pullar sözdə xalqındı) indi də Xorvatiyaya axacaq. Axmadığı yer qalmadı Azərbaycan xalqının ehtiyac səbətindən başqa. Ölkənin təqaüdçüləri hər seçkidən-seçkiyə aldıqları cüzi məbləğə 70 qəpiyin əlavə olunmasına sevinirlər, bayram eləyirlər. Əslində, bu artım bayrama deyil, matəmə çevrilir. Bir təqüdçünün bazarda başına gələn hadisə adamı çox məyus edir, özünə, öz ölkənə, onun vətəndaşlarının çıxılmaz və tragikomik halına acıyırsan. Demək, bu qoca təqaüdlərin artımı böyük hay-küylə rəsmən elan olunandan sonra bazara gedib, nəsə alanda qiyməti salmaq istəyib, onda bazar adamı deyib ki, özünüzü nə yazıq kimi aparırsınız, pensiyalarınız da artdı, yenə də ağlayırsınız. Bizi isə soğan kimi soyurlar, hələ bir siz də qiymətdən narazılıq eləyirsiniz.
Adam danışırdı ki, bu sözdən sonra elə bir günə düşdüm, hirsimdən az qaldım zır-zır ağlayam, ancaq o artımın 70 qəpik olduğunu deməyi özümə sığışdırmayıb oradan uzaqlaşdım. Buyur, bu da artımın xeyri. Artım adı eşidən kimi qiymətləri qaldırırlar ki, xalqın gəliri artıb. Bir aya alacağın 70 qəpiklə ancaq şəhər içində marşrutla bir o yana, bir bu yana gedərsən, qalan 10 qəpiyə də özünü yandırmaq üçün bir qutu keyfiyyətsiz kibrit alarsan. Ancaq bu 70 qəpiyi dövlət başçısı faizlə ifadə eləyib (məsələn, təqaüdlər 50 faiz artırıldı deməklə), elə minnət qoyur, deyirsən, durum canımı da buna verim ki, borclu qalmayım.
Nə isə, bunun müəllimi də belə, həkimi də, başqa məmurları da. Rüşvət olmasa bu ölkədə on günün içində adam qalmaz, acından qırılar. Sözün qısası, Azərbaycan xalqından başqa hara desən axır pullarımız.
Xorvat baş nazir Azərbaycan kimi avtoritar, onun prezidenti kimi diktator biriylə görüşməsinə haqq qazandırmaq üçün bir söz də deyib ki, bir yandan adamı çox sevindirir, bir yandan da qəmə bələyir. Nazir nəyə bel bağladığını söyləməsə də, Azərbaycanın yaxın 10-20 il ərzində demokratiya baxımından inkişaf edəcəyinə inandığını deyib: “Bəli, Azərbaycan demokratik ölkə deyil. Lakin düşünürəm ki, bizə ”korrupsioner diktatorla görüşmüsünüz” deyib hücum etmək yersizdir”. Çünki xeyirləri olacaq…
Təsəvvür eləyin ki, qıraqdan hər kəs belə deyir bizimçün: hə, onların kim olduğunu bilirik, feodal qafalıdırlar, demokratiya onlara yaddı, bəli, onlar özlərini ərəb şeyxləri, krallar kimi hiss edirlər və bütün həyati mənaları da bundan ibarətdi. Ancaq onların da, onların xalqının da, dövlətinin də canı cəhənnəmə, bizə öz gün-güzəranımız lazımdı, çətini ata çatıncadı, arxı keçincədi, qoy pulları bizim ölkəyə axsın, nə itiririk ki? Adamı xəcalət təri basır. Öz insanına, vətəndaşına bir qəpik də investisiya qoymayan hakimiyyət var-yatırımızı silib-süpürüb xaricə axıdır, onu da öz biznesləri üçün. Əlbəttə, bir dövlətin başqasına investisiya qoyması normal haldı, ancaq biləsən ki, bu investisiyanın son məqsədi həmin vəsaitin yiyəsi olan xalqdı, bir ovuc müftəxor deyil.
Baş nazirin “10-20 il söhbəti”nə qalanda isə, mən bilmirəm o bu inamında nəyə əsaslanır, çünki bu rejimlə heç 100 il sonra üçün də belə inam bəsləmək əbləhlikdi. Baxın, əli Azərbaycan rejiminin əlinə dəyən kimi, istənilən avropalı da xalqına yalan satmağa başlayır. Yaxşı ki, baş nazirin sözü Quran ayəsi deyil. Biz öz gözümüzə inanırıq. Daha 10 il, 20 il də yatmaq fikrimiz yoxdu.