Bizim tərəflərdə bir ata çağırış vaxtı hərbi komissara yalvar-yaxar edir ki, oğlunu Murova salsınlar. Komissar təəccüblə soruşur:
– Sənin ağlın başındadırmı, a kişi, camaat Murova düşməməkdən ötrü bilirsən nə qədər verir?
Kişi:
– Bilirəm, deyir, amma biz Murovu istəyirik.
Komissar xeyli baş sınıdırandan sonra ortaq nöqtə tapır:
– Kişi, bax, buranın qayda-qanunlarını bilirsən. Hər yerin öz qiyməti var. Əlbəttə, Murov Bakı, Lənkəran, Quba və sairə deyil, amma bizim üçün o da vətənin bir parçası kimi dəyərlidir. Sən bir uşaqlara yaxınlaş, silkələn, gör gücün nəyə çatır.
Kişi çağırışın ta son günlərinə qədər daş atıb başını tutur ki, pulu yoxdu, amma Murovdan vaz keçməyəcək.
Onda komissar işçilərinə tapşırır ki, öyrənsinlər görək bu Murov məhəbbəti nəymiş.
Işçilər kişini yanlayıb öz aləmlərində ondan söz almaq istəyirlər. Kişi də and verir bunlara ki, “bəs komissar bilməsin, bizim nəslin bütün uşaqları Murovda olduğuna görə oğlumu ora saldırmaq istəyirəm, nə də olsa orada darıxmaz. Amma sizin komissarınız buna görə məndən bircə qəpik görməyəcək”.
Məlumatı dərhal yerinə çatdırırlar.
Hirsindən çılğınlaşmış komissar göstəriş verir:
– Göndərin ə, bunun uşağını Bakıdakı hissələrin birinə, ağlı başına gəlsin. Hərbi xidmətdir bu, müftə görüş yeri deyil.
Çoxdan yazmışam bunu, guya lətifəyə oxşayır, amma olmuş əhvalatdı. Niyə lətifəyə oxşayır, kimsə könüllü olaraq uşağını Murova göndərməz deyəmi? Niyə istəməz, çünki gözdən-könüldən uzaq Murovdakı əsgər daha əsgər deyil, dalğaların ümidinə atılmış yelkənsiz qayıqdı… Bu səbəbdən və yüzlərlə başqa səbəblərdən bu lətifəyə gülmək olmur.
Çoxdanın söhbətidir. Bir dəfə yaxın qohumumdan ötrü hərbi komissardan xahiş eləməyə getmişdim. Atası ölüm döşəyində can verən gənci növbəti çağırışa qədər saxlatmaq mümkün olarmı deyə. Yeni təyin olunmuş komissar sanki məktəb yoldaşı kimi “səmimi” danışdı:
– Niyə növbəti çağırışa qədər? Elə birdəfəlik saxlayaq da. Sizin üçün min manata düzəltmək olar, tək uşaq olduğunu da sənədləşdirərik. Nədir ki, on qohumun hərəsi yüz manat qoyanda düzəlir…
Təbii ki, bu “ağıllı” məsləhətdən faydalanmadıq. Komissar da bu diqqətsizliyi layiqincə qiymətləndirib uşağı həmin çağırışın ilk günündə Ağdam istiqamətinə göndərdi.
Başqa bir komissardan çoxdan sorağı gəlməyən bir uşağın hərbi hissəsinin ünvanını öyrənmək üçün getmişdim. Qəbul imtahanları vaxtıydı. Komissar gərgin görünürdü, telefonda bir qızın adını çəkib tez-tez nəticəni soruşurdu. “Qızınız imtahan verir?”, deyə xəbər aldım. Komissar adamın dərdi tərpəndi:
– Qızım olsaydı nə dərd, bu dəfə olmasın, gələn dəfə verər. Oğlandı qəbuldakı, indi girə bilməsə, gələn il çağırışa düşəcək. Di gəl, ondan sonra buna “yaramaz” düzəlt…
– Nə əcəb indiyə qədər düzəltməmisiz? Vaxtında münasib bir əlillik vəsiqəsi alaydınız gərək.
– Inanırsınız, başım o qədər qarışıq olur ki, bu heç ağlıma gəlməyib. Indi gərək sıfırdan başlayam…
Bu mehriban dialoqu uzatmamaq üçün cənab komissardan başının nəyə qarışıq olduğunu soruşmadım. Soruşsaydım, özünü gecə-gündüz dövlətin və xalqın yolunda fəda etdiyindən uzun bir nağıl söyləyəcəkdi.
Sitat gətirdiyim hərbi komissarlar artıq böyüyüb nazirliyə-flana gediblər. Qəbələnin son illərdəki komissarlarını tanımıram. Sadəcə indi bu vəzifədə oturan gənc adam Qənirə Paşayevanın kürəkənidir, deyirlər. Özündən eşitmədiyimə görə lap dəqiq deyə bilmərəm, amma niyə də olmasın? Indiki vaxtda Qənirə Paşayevanın qohumunun Qəbələdə hərbi komissar işləməyindən təbii heç nə yoxdu. Sadəcə bir şey var ki, həmin indiki komissar çox danışmağı sevmir deyirlər. Yəni əsil hərbiçi kimi konkret haqq-hesab adamıdır. Yoxsa daha “başına dönüm ay komisssar, bir az da gözlə görüm neyləyirik”-zad bilmir.
Əsil ordu quruculuğunun əsas bazası əsil hərbi komissarlıqdan başlayır. Əsil və əsil! Heç biri əsil olmayanda əsgərlik də təhlükəli mövzuya çevrilir. Bu mövzuda danışılan hər kəlmədən övlad əvəzinə sirli tabut qarşılayanların yarasına köz basılır. Amma nə fayda ki, bu gerçəyin acı tüstüsü hələ də alidən adiyə qədər hökumət rəsmilərinin gözlərini yaşartmır.
Qaldı ki, ordudakı vəziyyət…

Qorxulu lətifələr…
•