Elşad Abdullayevin videoları ilə bağlı ilkin araşdırmalar barədə ilginc məlumatlar
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolarla bağlı, ilkin araşdırmalara ilginc məlumatlar almışıq. Məlumatda xüsusilə Gülər Əhmədova ilə bağlı videoların araşdırılması zamanı baş verənlər diqqət çəkir. Məlumata görə, Elşad Abdullayev ötən ilin iyulunda bu videoları Baş Prokurorluğa təqdim etdikdən sonra sözügedən qurum araşdırmalara başlayıb.
Və Gülər Əhmədovanın özü də prokurorluğa dəvət edilib. Məsələdən xəbərdar olan sabiq deputat ciddi narahatlıq keçirib və prokurorluğa gəlib baş verənlərə aydınlıq gətirməkdə yardımçı olacağını bildirib. Lakin sonradan Gülər Əhmədova prokurorluğa getməkdən vaz keçib. Prokurorluqdan bir neçə dəfə yenidən Gülər Əhmədova ilə əlaqə saxlamağa cəhd olunub. Lakin sabiq deputat zənglərə də cavab verməyib.
Məlumatlara görə, Gülər Əhmədovanın bu saymazyana hərəkəti hakimiyyətdəki hansısa qüvvələrin ona dəstəyindən irəli gəlib. Sabiq deputata bildirilib ki, məsələyə əhəmiyyət verməsin. Gülər Əhmədovaya dəstəyin hansı qüvvələrdən gəlməsi barədə dəqiq məlumat verilməsə də, sonradan baş verənlər müəyyən nəticələrə gəlməyə əsas verir.
Məsələ burasındadır ki, Elşad Abdullayev videoları prokurorluğa göndərdikdən bir neçə ay sonra ictimailəşdirdi. Videoalara baxanların yadında olar ki, “mandat alveri”ndə əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı hallanır. Elşad Abdullayev də mətbuata açıqlamalarında Gülər Əhmədovanın bu məsələdə sıravi şəxs olduğunu, verdiyi pulların Ramiz Mehdiyevə çatdığını iddia edir. Bu baxımdan ehtimal etmək olar ki, Gülər Əhmədovaya dəstək də elə bu xəttdən gəlib. Lakin məsələ ictimailəşəndən, anti-Mehdiyevçilər baş verənlərdən PA rəhbərinə qarşı istifadə etməyə başlayanda problemin Sevinc Babayeva ilə həll edilməsi qərara alınıb. Yəni, bütün işləri Sevinc Babayeva üzərinə götürür və bununla da siyasi hakimiyyətin etdiyi “mandat alveri” dələduzluq əməli kimi “oformit” olunur. Sevinc Babayevanın ölümü bu planın Gülər Əhmədovaya tətbiq edilməsini şərtləndirir. Bu baxımdan da sabiq deputat həbs edilir. Məlumatlara görə, Gülər Əhmədova hələ ki, bu planda rol almaq istəmir.
Azad