Sizi bilmirəm, mən ətrafımdakı insanlardan, tanıyıb-tanımadığım adamlardan tez-tez həyatın yeknəsəqliyi haqqında giley-güzar eşidirəm. Qınamalı da deyil, əksəriyyət üçün yaşam çox darıxdırıcı, bezdiricidir, onun gündəlik hərəkət trayektoriyası “səhər naxıra, axşam axura”dır.
Yasaqların, qadağaların, basqıların, qorxuların bol olduğu, birqütblülüyün, təkəlçiliyin, təkfikirliliyin at oynatdığı ölkədə həyatı maraqlı, rəngbərəng etmək bulanıq suda balıq tutmaqdan belə qat-qat çətindir, hətta mümkünsüzdür.
Üçüncü rəng varmı?
Hə, adamlarımızın həyatında rəngarənglik çatışmır. Küçələri al-əlvan işıqlarla, səkiləri, parkları rəngbərəng güllərlə bəzəyirlər, amma bunlar insanların həyatına yansımayınca, o işıqlar da sönük, o çiçəklər də solğun görünür.
Çoxluğun həyatında rəngarəngliyin çatışmaması ölkədəki idarəçilik tərzinin və təfəkkürünün nəticəsidir. Hər kəsin bir nəfərin beyni ilə düşünüb, bir nəfərin ağzı ilə danışmağa məcbur edildiyi…
Hər kəsdən bir nəfərin arxasınca getməyin tələb olunduğu ölkələrdə adamların həyatının da bir rəngli olmasından təbii heç nə yoxdur.
Belə ölkələrdə uzaqbaşı iki rəngdən danışmaq mümkündür: qara və ağ.
Ağ rəngi isə yalnız ləyaqətini itirməmiş, vicdanlı, mübariz adamlar yaradır belə ölkələrdə.
Onların sayəsində bu cür ölkələr tamamilə qaraya – qaranlığa tam təslim olmurlar.
Bir azca da ağ günün – aydınlığın ümidləri qalır.
Vəssalam. Üçüncü rəng yoxdur.
Bəli, Azərbaycan kimi Şərin hegemon olduğu, qaranın – qaranlığın hökm sürdüyü ölkələrdə üçüncü rəng axtarışı axmaqlıqdır. Ya da Şərə satılanların, Şərə qulluq edənlərin axmaq özünəbəraəti, əclafcasına uydurmasıdır – bununla onlar öz çirkin əməllərini, niyyətlərini malalayırlar. Guya qaradan və ağdan başqa da rənglər var və onlar məhz həmin rəngləri təmsil edirlər, nəinki Şərə xidmət.
Halbuki Azərbaycan kimi ölkələrin düşdüyü vəziyyəti Kamyu daha dəqiq izah edib: “Şərə qarşı ya döyüşürlər, ya da onunla əməkdaşlıq edirlər”. Yəni üçüncü yol yoxdur. Üçüncü rəng olmadığı kimi.
Bir ölkədə üçüncü və daha çox rəngin olması üçün, insanların həyatının rəngarəng olması üçün o ölkədə fərqliliklərə nifrət aradan qalxmalıdır.
Alternativlər çoxalmalı, çoxaldılmalıdır.
Hər cür düşüncənin önü açılmalıdır.
Hər ağızdan bir avaz gəlməsi top-tüfənglə qarşılanmamalıdır.
Azadlıqlar boğulmamalıdır.
Siyasət bir nəfərin iradəsinə tabe edilməməlidir.
Az qala hər meyvə-tərəvəz üzərində belə, bir nəfərin monopoliyası, nəzarəti olmamalıdır.
Yazıçıya qələmi, rəssama fırçanı necə tutmağı bir nəfər müəyyənləşdirməməlidir.
Əks halda siz sadəcə küçələrə, səkilərə, parklara düzdüyünüz al-əlvan işıqlarla, çiçəklərlə insanların da həyatını rəngarəng edə bilməzsiniz.
Düşüncələrin, şüurların Şərə, qaranlığa, zülmətə təslim edildiyi ölkəni xaricdən aldığınız bahalı küçə çilçıraqları ilə işıqlı göstərmək qədər gülünc, komik heç nə ola bilməz.
Insanların hansısa əlamətdar günlərdə sevgililərinə bir dəstə çiçəyi necə hədiyyə edəcəyinin fikrini çəkdiyi bir ölkəni hansısa mənasız, qondarma “Gül bayramı” keçirməklə, yol qıraqlarına çiçək kolları əkməklə güllük-gülüstanlıq kimi göstərməyə çalışmaq qədər absurd, abırsız heç nə ola bilməz.
***
Biz indi elə vəziyyətdəyik ki, Xeyirlə Şər arasında seçim etmək məcburidir. Həm də düzgün seçim etmək məcburidir.
Ya ağın yanında olmalıyıq, ya qaranın – ya aydınlığın, ya da qaranlığın. Hər kəs harda olduğunu qətiləşdirməlidir.
Üçüncü yol, üçüncü rəng yoxdur. Indiki vəziyyət davam etdikcə də olmayacaq.
Həyatını durğun, bezdirici, yorucu yaşamaq istəməyən, onu rəngləndirməyi, onu mənalı, dolğun etməyi düşünən hər kəs üçün indi seçim anıdır – doğru seçim anı.
Elliklə ağı seçəcəyiksə, başqa rənglər də olacaq həyatımızda. Mütləq olacaq.
Yoxsa yenə qaranı seçəcəksinizə, danışmağa dəyməz, onsuz da qaradan artıq rəng yoxdur, qaradan başqa da rəng olmayacaq.
Hətta ağ rəngi də – aydınlıq ümidlərini də itirəcəksiniz.
Mən bunu indidən yazım ki, siz də elə indidən oxuyun, yoxsa sonra – elliklə sonu görünməyən, dibsiz, hüdudsuz qaranlığa gömüləndə yazsam belə, necə oxuyacaqsınız?!