«Heydər Əliyev Fondu Tanzaniya şirkəti deyil ki…»

“Ostankino yuxuları” kitabının müəllifi danışdı

Haqqında bir neçə gün qabaq xəbər verdiyimiz «Ostankino yuxuları» («Mənim Ostankino yuxularım və ya subyektiv düşüncələr») kitabının müəllifi, Rusiya telekanallarında işləmiş jurnalist Elxan Mirzəyev “Azadlıq” radiosuna müsahibə verib. Müsahibədə o, kitabında Azərbaycana aid yer alan məqamlarla bağlı suallara cavab vderib. Xatırladaq ki, kitabda Heydər Əliyev Fonu ilə bağlı da şok məqamlar var və “Azadlıq” qəzeti bu hissəni oxucularına təqdim etmişdi. İndi isə E.Mirzəyevin müsahibəsini təqdim edirik:

– O şeyləri göstərmişəm ki, sistemi aça bilim. Kompozisiya rolunu oynayan bəzi məqamlar bulvar qəzetləri üçün maraqlı ola bilər – NTV-dəki içki məclisində nələr olurdu, kim nə iş görürdü və s. kimi məqamlar. Belə məclislərin birində işçilər arasında bıçaqlaşma da olmuşdu. Ancaq kitabın bəzi yerlərində niyyətim ap-açıq görünür. Məsələn, Pavel Lavkov adlı bir jurnalist vardı. Onun telekanaldakı bəzi davranışlarını çox açıq göstərmişəm. Bulvar  mediasının diqqətini çəkmək üçün deyil, əsas məqsədimə uyğun və bir kompozisiya elementi kimi o davranışları  göstərmişdim. Əsas məqsədim də bilirsiniz nə idi? Bəzən insanlar televiziyaya baxır və elə bilirlər ki, orada ən ağıllı adamlar toplaşıblar. TV dünyasına bir inam var. Mənsə göstərirəm ki, bunlar çox adi və daxilən çox zəif adamlardır. Yəni, kredit və vəzifə kimi keçici şeylərlə onları ələ almaq olar. Demək istəyirəm ki, indiki zamanda kim istəsə, xəbər tapa bilər – kitab və internet var, media var. Demək, insan istəsə, həqiqəti üzə çıxaracaq.

– Demək istəyirsiniz ki, TV-lər heç də həmişə gerçəyi göstərmirlər?

– Demək istəyirəm ki, TV-lərdə heç də ən ağıllı və əxlaqlı adamlar işləmirlər. Bundan başqa, çox zaman sistemə uyğunlaşan və bu sistemin içərisində çalışan insan düşünür  ki,  zaman ötər və pis işlər unudular. Ancaq belə deyil, hər şeyi açıb göstərən kimsə mütləq tapılacaq. Məsələn, Putin hakimiyyətə gələndə Moskvadakı partlayışlar onun əliylə törədilib. Vaxtilə 1999-cu ildəki partlayışlara dair məlumatlar maraqsız görünürdü, indi bu məsələ yenidən qızışır. Bu da dirənişin yeni cəbhəsidir. Rusiyada sistem adamları həbslərlə, güllələmələrlə qısnayıb-boğur.Gör neçə anarxisti gizlincə güllələyiblər. Gərək hər kəs müqavimət göstərsin…

– Kitabda Azərbaycanla bağlı epizodlar var. Heydər Əliyev Fondu barədə, İlham Əliyevlə müsahibəyə dair. Məqsəd yenə də sistemin iç üzünü açmaqdır?

– Nə varsa, açıb göstərməliyik. Kitabı 2009-cu il martın 26-da başlamışam yazmağa. Onda düşünürdüm ki, vaxt gələr və hər şey açığa çıxar. Rusiyada bir yüksək rütbəli polis mənə demişdi ki, sizin «Ostankino»da etdiyiniz aksiyaya əvvəlcə ağılsızlıq kimi baxırdıq, sonra bundan ibrət götürdük (Elxan Mirzəyevin «Birinci kanal»dan işdən çıxarılandan sonra «Ostankino» tele-qülləsində barrikada quraraq aclıq etməsini nəzərdə tutur – A.K.). 2000-ci il Rusiyada  lal axanların və susub yerə baxanların zəmanəsi idi. İndi hamı danışmağa başlayır. Heydər Əliyev Fonduna gəlincə, onların işçilərinin davranışları hamıya maraqlıdır və hamı onların nə edib-etmədiyini bilməlidir. Ora Tanzaniyanın bir şirkəti deyil ki…

– Amma Bakıda baş verənləri bir başqa jurnalistin dilindən həmkarınız sizə danışır. Niyə inanaq bu yazılanlara?

–Ola bilsin, jurnalist olayı bir qədər bəzəyib. Ancaq çəkiliş qrupu Bakıdan qayıdandan sonra NTV-də hamı bu hadisədən söz açırdı. Kimsə deyə bilər ki, «Elxan, niyə respublikanı biabır edirsən?». Respublikanı heç kim biabır etmir. Bütün NTV və təbii ki,  xəbərlər xidməti bunu bilirdi. Rusca da «kürü diplomatiyası» ifadəsi var, bəs bunu niyə Azərbaycanla bağlayırlar? Deməli, əsasları var.  Bir misal çəkim: Azərbaycan telekanallarından xahiş edirdilər ki, NTV-dən təlimçilər göndərim. Uşaqlar gedib qayıdanda deyirdilər ki, texnika gözəldir, ancaq işləmək istəyən yoxdur. Bir televiziyanın operatoru Prezident İlham Əliyevi «alnından» çəkib (kameramanlar buna «müsahibin başının kəsilməsi», yəni tam verilməməsi deyirlər – A.K.), kadrı düz tuta bilməyib. İrad tutanda ki niyə belə çəkmisən, deyib – «nə olsun?».  Sonra daha belə işlərlə əl qoymadım, çünki biabır olurdum. Çünki məndən soruşurdular ki, «azərbaycanlıların hamısı belə çoxbilmişdir?».

– İlham Əliyevlə müsahibənin gedişində həmkarınıza deyirsiniz ki, niyə kəskin sualları vermədin? Hansı sualları soruşmaq istəyirdiniz?

– Çəkiliş qrupumuzla sualları götür-qoy etmişdik. Bir sual mütləq olmalıydı – Azərbaycandan Rusiyaya miqrant axını haqqında. Onu soruşmadılar. Həmin filmi bulvar üslubunda çəkmişdilər. Buna görə aramız dəydi. Adımın titrlərdən silinməsini tələb etmişdim. Amma silməmişdilər.

– 2010-cu ildə bitirmisiniz bu kitabı. Niyə indi – Rusiyaya ilə az-çox bağlı şəxslərin bəyanat və hərəkətlərində «Milyarderlər İttifaqı» izlərinin axtarıldığı dönəmdə yaymısınız?

– İndi Bakıya qayıtmışam, ona görə indi yaymışam. Vaxtilə Rusiyada belə bir fikir vardı ki, mitinqləri Dövlət Departamenti keçirir. Azərbaycanda da hamı yönləndirilərək təbliğata uyur və Rusiya barədə fikirləşir ki, ay nə bilim, Rusiya müharibə etmək istəyir, buranı qarışdırmaq istəyir və s. İndi Putinin vəziyyəti həqiqətən pisdir, hakimiyyətə gələndə nə qədər adam qırıb, Çeçenistanda savaş törədib. Putinin bircə dərdi var – özünü necə hakimiyyətdə saxlamaq dərdi… Kitabı 2009-cu ildə çap etsəydim, deyəcəkdiniz ki, Əli Kərimli və partiyası mitinq keçirmişdi, onunla bağlıdır. Bəs hansı vaxt uyğun olardı?

– «Milyarderlər İttifaqı» deyir ki, məqsədim Rusiyadakı azərbaycanlıların hüquqlarını qorumaq, onlara lobbiçilik etməkdir. Nə dərəcədə inandırıcıdır?

– Bu ittifaqın işinə çox laqeydəm. Özüm anarxist görüşlü bir insanam. Lider-filan boş şeydir. Hər kəsin özü fəal olmalıdır, heç kimi gözləməməlidir. Daha çox oğurluq pullar hesabına sərvət sahibi olan 10-15 adamın bir yerə toplaşmağına gülməyim gəlir. Ola bilər, kimsə birləşib qurum yaradıb, ancaq hədəf Azərbaycanda gedən proseslərdir. Böyük ədalətsizlik var, korrupsiya da bunun nəticəsidir. Çox adam təbliğatla məşğuldur və elə bilir ki, hər şey 2000-ci ildəki axarında davam edəcək. Azərbaycan televiziyası gülünc durumdadır, hətta bulvar xəbərlərini də gülməli formada təqdim edilir. CNN də belə işləyir, ancaq bu işi keyfiyyətlə görür. 2010-cu ildən televiziyaya baxmıram. Ancaq bəzən dostlarım internetlə AzTV-dən maraqlı videoçarxlar göndərirlər. Məsələn, ən çox sevdiyim şair – 20-ci əsrdə yaşamış Əhməd Cavad barədə. Görürsən ki, ara-sıra, AzTV-də də maraqlı veriliş efirə gedir. Ümumilikdə isə, TV-lər həqiqətdənqaçan, mənasız proqramlar hazırlayır. Bu sistemin xırda bir hissəsinə çevrilmək, həyatını buna qurban etmək anlamsız və gülüncdür.