“Bumeranq fenomeni”

Və ya …bizdə olan qeyrətə…

Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri

21 mart 2013-cü il – Novruzun ilk günü səhər-səhər internet portallarında gözləmədiyim bir xəbərlə üzləşdim: – “Azərbaycanda “Tolışstoni sədo” radiosu fəaliyyətə başlayıb…” Sevindiyimdən inanın, bircə qanadlarım çatmadı uçmağa.
Özümü ələ alıb, komputerin “mışkasını” tələsik həmin xəbərin üstünə tuşladım. Radio açıldı və danışmağa başladı… Heyrətdən yerimdəcə donub qaldım. Bu nədir?.. Radio dalğası Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərindən yayımlanırdı (?!).
Ani yaranan sevincim qəfil alt-üst oldu, sanki başıma qaynar su tökdülər. Qeyri-müəyyən və narahat hisslər bütün varlığımı bürüdü.  Baharın elə ilk günündəcə ruhuma çox ağır bir niskil hakim kəsildi. Elə bil öz ana dilimlə mənə möhkəm bir şillə vurmuşdular. Xəcalətdən, vallah, yer aralansaydı, girərdim ora.
İlahi gör iş nə yerə çatıb ki, kimlərsə hansısa məqsədlər naminə, həya-abır eləmədən artıq   ən müqəddəs duyğularla oynamaqdan belə çəkinmirlər! Özü də haradan? – Vətənimin işğal olunmuş dilbər güşəsi  Şuşa şəhərindən!
Özümü məcbur edib, axıracan dinlədim bu radionu. Diktorlar çətin anlaşılan, qəribə bir talış ləhcəsiylə danışırdılar; amma mahnılar və poeziya nümunələrinin əksəriyyəti şübhəsiz ki, “YouTube”da yerləşdirilən Azərbaycan talışlarının milli yaradıcılıq nümunələrindən seçmələr idi!
Nigaran və şübhəli ehtimallar dinclik vermirdi mənə. “Tolışstoni sədo” radiosu niyə axı Şuşadan yayımlanmalıdır? Nə üçün mənim doğma ana dilim yağı düşmən tərəfindən səsləndirililməlidir?! Bu nə oyundur, görən niyyətləri nədir? Əslində, bu sualların cavabı bəlliydi.
“Kor kor, gör gör” idi! Yəni, hiyləgər və tədbirli erməni ideoloqları öz ənənəvi üslublarına rəğmən, Azərbaycanın kövrək stabilliyini pozmaq üçün zərbəni məhz həssas nöqtələrdən birinə yönəltmişdilər.
Əlbəttə, ağlı başında olan hər kəs başa düşür ki, işğal olunmuş Azərbaycan ərazisində talış dilində radio verilişlərinin yayımlanması ermənilərin heç də talışın milli-mədəni irsinə həyan durmasından, yaxud onların məşhur təndir ləvəngisinə, plovuna, uzunömürlülüyünə aşiq olmasından xəbər vermir.  Əksinə, talışların yaralı nöqtələrinə toxunmaqla, onları qızışdırıb min illər qohumluq, dostluq ünsiyyətilə yaşamış, sevinci, kədəri bir olmuş türk qardaşları ilə üzbəüz qoymaq, bir-birindən rəncidə salmaq niyyəti güdür. Unutmayaq, onlar uzaqgörən və olduqca məkrli planlar qurmaq üzrə mahir ustadılar.
Ona görə də mən, həm talış kökənli insan kimi, həm Azəri-Talış Birliyinin sədri, ən əsası isə, məmləkətin ərazi bütövlüyü və dövlətçiliyinə böyük hörmət və həssaslıqla yanaşan sadə bir Azərbaycan vətəndaşı  kimi, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində talış və ya digər etniklərin dilində hər hansı radio – televiziya verilişlərinin yayımlanmasının xoş məramlı olmasına qətiyyən inanmıram, heç inanmaram da!
Mənim Şuşam Azərbaycanın ürəyi, onun mədəniyyətinin, musiqisinin və tarixinin  beşiyidir. Ermənilər Şuşanı  işğal edəndən sonra heç “uf” da demədən, bu qədim şəhərin muzeylərini, məscidlərini, tarixi abidələrini, eləcə də dini və milli-mədəniyyət nümunələrini yerlə-yeksan etdilər. Bu cür varvar münasibətdən sonra onların həmin şəhərdə talış dilində yayımlanan radio qovşağı açmalarına nə ad vermək olar? Əlbəttə, bu, Azərbaycanın daxilində etnik qarşıdurmaya hesablanmış və incə məkrlə  həyata keçirilən  provakasiyadan başqa bir şey deyil. Bunun özgə adı varmı?!
Bəli, bu radionun məhz Şuşa şəhərindən yayımlanmasının səbəbləri ilk baxışda göründüyündən daha qəlizdir! Onun efirə çıxması, talış dilində laylalar, mahnı və müsiqilər səsləndirməsi sadə, statistik talışın birbaşa təhtəlşüuruna yönəlik psixoloji təxribatdır.Yəni,: “Bax, Azərbaycanda sənin ana dilinə zaman-zaman yasaqlar qoyurlar, biz isə öz doğma dilində sənə ürəyin və ruhun istəyən çeşidli proqramlar ərməğan edirik. Buyur, dinlə, feyziyab ol!..”
Zənnimcə, dilini xalqının ruhu sayaraq onu dəlicəsinə sevən insanların arzularının qəsdinə hesablanmış bu sayaq təbliğat, qeyd elədiyim statistik orta talışı mövcud durumdan incik salıb separatçılığa meylləndirmək və onun ürəyinə nifrət toxumu səpmək üçün yetərlidir…  Bax, təhlükəlisi budur!
14 dekabr 2012-ci il tarixdə biz, Azəri-Talış İctimai Birliyi olaraq, Lənkəran şəhərində fəaliyyət göstərən CTV-də (Azərbaycan dili ilə yanaşı),  talış dilində də radio və televiziya proqramlarının yayımlanması ilə bağlı ölkə Prezidenti İlham Əliyevə, eləcə də Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət ünvanladıq. Əsaslandırdıq ki, Lənkəran regional TV-də talış dilində bir neçə saatlıq verilişlərin yayımlanması məqsədəuyğundur və bu addım atılacağı təqdirdə yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanacaq.  Bu vacib məsələnin həlli üçün biz, təmənnasız olaraq istənilən yaradıcılıq (habelə, texniki və maliyə) köməkliyimizi belə əsirgəmərik.
Müraciətimizdən 4 aya yaxn müddət keçməsinə baxmayaraq, indiyə kimi bizə heç bir rəsmi və ya qeyri-rəsmi cavab verilməmişdir. Yalnız arada, öz təkidli səylərimiz nəticəsində, Prezident Administrasiyası “milli-azlıqlarla bağlı iş” şöbəsinin müdiri Müzəffər Talıblı adlı özündən müştəbeh bir məmurla telefon əlaqəsi qurmağa nail olduq.
Məlum məzmunlu məktubla bağlı zəng etdiyimizi eşidən kimi o, “Talışlar nə istəyirlər axı?” – deyə çəmkirdi. “Onlara MM-də 5-10 dənə yer vermişik də (?!) Bir də onlara öz xarabalarında talış dilində danışmağa kim mane olur ki? Nə qədər istəyirlər danışsınlar,oxuyub-oynasınlar, özləri üçün… Qaldı radio və televiziyaya, biz bunları talışlara vermərik! Talışlara versək, onda gərək ləzgilərə də, kürdlərə də, tatlara da verək”.
Bu da cavab! Vəssalam! Məncə, izaha-şərhə ehtiyac yoxdur.
Dedik ki, ay müəllim, axı ləzgi də, kürd də, tat da, avar da eyni ilə azəri türkləri kimi, bu ölkənin övladları, vətəndaşlarıdır. Onlar gündə bir neçə saat ana dillərində proqramlar dinləsələr, verilişlərə baxsalar nə olar, dünya qara geyər? Bildiririk ki, ay hörmətli cənab dövlət məmuru, sabah bizimlə düşmən münasibətində olan başıbatmış dövlət bu boşluqlardan əleyhimizə istifadə edəcək, göz görə-görə biz niyə buna rəvac verməliyik axı?!
Vəzifə məsuliyyətini dərk etməyən, yerlibazlıq prinsiplərilə məsul dövlət kürsüsünə yiyələnən və milli azlıq anlayışını “milli azğınlıq”la eyniləşdirən həmin məmur müəllim (və ya cənab) verdiyimiz suallardan təbii ki, yaman qeyzləndi! Biz isə məktubumuza rəsmi olaraq cavab vermələrini tələb edib telefonu qapatdıq. Lakin bu günə kimi də cavab gözləyə-gözləyə, necə deyərlər, gözümüzün kökü sarala-sarala qalıb…
Bu da nəticə! Özü də əvvəlcədən asanlıqla proqnozlaşdırılan nəticə, –   səriştəsizliyin, psevdo vətənpərvərliyin, məmur səviyyəsizliyinin və ciddi problemlərə məsuliyyətsiz yanaşmanın acı nəticəsi!
Ermənilər Şuşadan “Tolışstoni sədo” radiosunu yayımladı!
Burada kiçik bir haşiyə çıxmağa məcburam. Biz neçə dəfələrlə bildirmişik, bəyan etmişik ki, ay hörmətli-izzətli iqtidar cənabları! Azərbaycanın cənub hissəsində yüz minlərlə talış kökənli Azərbaycan vətəndaşı yaşayır və onların tam əksəriyyəti özlərini bu məmləkətin bərabərhüquqlu üzvü hesab edib bundan fəxarət duyurlar. Onlar Vətən üçün, ölkənin dövlətçiliyi, ərazi bütövlüyü üçün nə mümkünsə canla-başla ediblər və edirlər də! Amma səmimi ünsiyyət birtərəfli yox, ikitərəfli YOL prinsipilə yaranır. Həmişə almaq olmaz. Sən arada aldığının müqabilində, heç olmasa bircə zərrə də olsa verməlisən. Verməlisən ki, dübarə, yenə də ala biləsən.
Qarşıda isə növbəti Prezident seçkiləri gəlir. Nəzərə alsaq ki, talışların özü istəməsə heç kimin ONDAN ala bilməyəcəyi və yalnız ONA məxsus olan… SƏSLƏRİ var və bu səslərin sahibləri ölkədə demokratik dəyişikliklər həsrətində, hamının və hər kəsin hüququnu qoruyacaq bir hakimiyyət arzusundadırlar. Ancaq ortada qeyri-müəyyən, daha doğrusu, qeyri-adekvat münasibətlər sistemi də mövcuddur. Özü də bu “münasibətlər sistemi” əsasən cavabını gözləyən saysız-hesabsız suallardan ibarətdir. Və bu suallardan bəlkə də ən əsası budur: Niyə, nə səbəbə və hansı mənəvi,hüquqi əsasla bizlərə – biz talışlara ikinci “sort” etnos kimi baxılmalıdır?!
Biz fəryad qoparırıq, müraciət, xahiş, tələb edirik ki, məmurlar tərəfindən insanların, o cümlədən milli azlıqların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarına yönəlik etinasızlıqlara son qoyulsun. Biz rica, təvəqqe edib demişik və dediklərimizi dəfələrlə ictimai rəyə gətirmişik ki, talışların kompakt yaşadıqları regionda fəaliyyət göstərən TV və Radio kanalları talış dilində də verilişlər yayımlasın. Bunu sadə məntiq deyir, bunu ölkə Konstitusiyası, milli azlıqlarla bağlı Prezident Fərmanı (AR Prezidenti Əbülfəz Elçibəy, Bakı, 1992-ci il) deyir. Nəhayət, bunu qoşulduğumuz, öhdəlik götürdüyümüz, imza atdığımız sayı-hesabı bilinməyən beynəlxalq konvensiyalar, sazişlər, müqavilələr, xartiyalar və s. və i. a. deyir.
Qəribədir. Erməni siyasi texnoloqları yığışır, düşünüb-daşınır, müzakirə edir, qarşı tərəfin zəif-güclü nöqtələrini arayıb tapır və nəticədə zərbəni məhz həmin istiqamətə tuşlayır. Ən başlıcası isə, nəyi müzakirə etdiklərini və nə edəcəklərini bilirlər.
Təbii ki, bizimkilər də, yəni bizim siyasi texnoloqlar da yığışır, düşünüb-daşınır, müzakirələr keçirirlər. Ancaq təəssüflər ki, nəyi müzakirə etdiklərinin fərqinə varmır və nəinki zərbə vurmağı, hətta zərbədən yayınmaq yollarını belə hesablaya bilmirlər. Yaxud istəmirlər.
Erməni dəyirmanına su tökməyin buynuzu olmur ki!
Hakimiyyətin düçar olduğumuz mövcud problemlərə barmaqarası baxmaq xəstəliyi artıq xroniki-klinik xarakter alıbdır. İstər demokratik, şəffaf, ədalətli seçki məsələləri olsun, istər insan hüquq və azadlıqları, eləcə də xalq-hakimiyyət və iqtidar-muxalifət münasibətləri, istərsə etnik azlıqlara yanaşma prinsipləri, istərsə də milli-mənəvi-dini dəyərlər sisteminə baxış bucağı olsun.
Ölkə üçün taleyüklü bu amillərə nümayişkəranə sayğısızlıq sərgilənməsi və “qoy mən sağ olum, özgələr ilə nədi karim” yanaşması heç şübhəsiz ki, son nəticədə bumeranq fenomenilə qarşılaşar. Bu qaçılmaz, mütləq və şəksizdir.
Şuşadan talış dilində danışan radionu da dediklərimizi təsdiqləyən kiçik bir sübut kimi dəyərləndirmək olar. Belə getsə, onda az sonra ermənilərin, işğal altında olan ərazilərdən “Talışların sədası”, “Tatların əks-sədası”, “Ləzgilərin səsi”, “Kürdlərin nəfəsi” və s. kimi müxtəlif ağırçaplı televiziya proqramları ilə bizləri təbliğat atəşinə tutmaları gərək heç kəsi təəccübləndirməsin…
Bumeranqın “təbiəti” belədir, neynəmək olar?..