Amerikalı keçmiş diplomatdan Azərbaycan hakimiyyətinə təzyiq çağırışı
Rebeka Vinsent: «Hakimiyyət prezident seçkilərinə ATƏT-in Insan Hüquqları və Demokratik Təsisatlar Bürosunu buraxmaq istəmir»
Bir müddət əvvələ qədər ABŞ-ın Bakıdakı səfirliyində çalışan, lakin insan hüquqları və demokratiya məsələlərində prinsipial mövqe nümayiş etdirdiyinə görə Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələn Rebeka Vinsent ötən ilin dekabrından bəri ölkəyə buraxılmır. Baxmayaraq ki, onun həyat yoldaşı Azərbaycanda işləyir.
Amerikalı keçmiş diplomat hazırda Londonda yaşayır və insan hüquqlarının müdafiəsilə məşğul olur. Xanım Vinsent növbəti dəfə “Əl-Cəzirə”də Azərbaycandakı gerçək durumdan bəhs edən məqalə ilə çıxış edib. Məqaləni qısa ixtisarla təqdim edirik:
***
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar son vaxtlar hökumət nümayəndələrinin, eləcə də hökumətyönlü mətbuatın artan təzyiqlərinə məruz qalırlar. ABŞ hökuməti tərəfindən maliyyələşən Milli Demokratiya Institutu Azərbaycanda inqilab hazırlamaqda, o cümlədən bu yaxınlarda Bakıda keçirilən etiraz aksiyalarına dəstək verməkdə ittiham olundu. Hökumətyönlü mediada Milli Demokratiya Institutunun direktoruna qarşı qarayaxma kampaniyası başladı, təşkilatın Bakı ofisinin azərbaycanlı əməkdaşı öz istəyilə etiraz aksiyasında iştirak etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirildi.
ATƏT-in baş katibi Lamberto Zanyer martın əvvəlində Azərbaycanda olarkən məlum oldu ki, hökumət bu təşkilatın Bakı ofisinin mandatının dəyişdirilməsini təklif edib. Azərbaycan hökuməti ATƏT-in Bakı ofisinin statusunun “layihə koordinatoru səviyyəsinə endirilməsini” istəyir. Eyni zamanda, söz-söhbət yayılıb ki, hökumət oktyabrda keçiriləcək prezident seçkilərinə ATƏT-in Insan Hüquqları və Demokratik Təsisatlar Bürosunu müşahidəçi qismində dəvət etmək niyyətində deyil.
Hakimiyyətin yüksək vəzifəli nümayəndələri beynəlxalq təşkilatlara qarşı ittihamları artırdılar. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev beynəlxalq təşkilatları Azərbaycanda qanunsuz fəaliyyət göstərməkdə və maliyyə vəsaitlərindən destruktiv məqsədlər üçün istifadə etməkdə günahlandırdı.
Ümumiyyətlə, Azərbaycan hakimiyyəti digər ölkələrdə fəaliyyət göstərən və hökuməti tənqid edən şəxslərin də qarşısını almaq üçün səyləri artırıb. Buna misal kimi, Avropa Şurasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmamasını göstərmək olar. Xəbər verildiyi kimi, Azərbaycan hakimiyyəti müəyyən şəxsləri ələ almaqdan çəkinməyərək, siyasi məhbuslarla bağlı məruzənin qəbulunun qarşısını aldı. Təbii ki, bu hadisə ölkədə siyasi məhbus problemini dərinləşdirməklə yanaşı, həm də Avropa Şurasının nüfuzuna ciddi zərbə oldu.
Indi Azərbaycanla beynəlxalq təşkilatlar arasında problemlərin yeni mərhələsi başlayır. BMT-nin iki rəsmisi Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı hesabat hazırlayır. Aprelin 30-da Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı məsələ BMT-nin Insan Hüquqları Komitəsində müzakirə olunacaq. Mayın 3-də isə BMT-nin Iqtisadi, sosial və mədəni hüquqlar komitəsində Azərbaycandakı vəziyyət müzakirəyə çıxarılacaq.
Baxmayaraq ki, BMT Azərbaycana güclü təsir göstərmir, amma hökumətin beynəlxalq təşkilatlarla münasibətlərinin gərginləşməsi fonunda bu müzakirələrin əhəmiyyəti artır.
Azərbaycan hökuməti BMT qarşısında hesabatlarında ölkədəki vəziyyəti reallıqdan çox fərqli şəkildə təqdim etməyə çalışır. Iddia olunur ki, Azərbaycan insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Məsələn, insan hüquqları üzrə Milli Fəaliyyət Proqramının qəbulunu ciddi irəliləyiş kimi qələmə verirlər. Amma həmin proqramda əksini tapmış bir sıra məsələlərin həyata keçirilmədiyini, o cümlədən diffamasiya haqqında qanunun qəbul edilmədiyini demirlər.
Yerli və beynəlxalq təşkilatların hesabatları göstərir ki, hökumət fərqli düşünənlərə qarşı çox dözümsüzdür və ölkədə tənqidi səslər zorla boğulur. Qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlarda göstərilir ki, BMT-nin Insan Hüquqları Komitəsinin 2009-cu ildə qəbul etdiyi tövsiyələri Azərbaycan hökuməti yerinə yetirmir.
BMT-nin martın 27-də Cenevrədə keçirilən və 30 ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirində Azərbaycanı təmsil edən Insan Hüquqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu və Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbərləri ölkədəki vəziyyətlə bağlı narahatlıqlarını bildirdilər. Onların çıxışlarında vətəndaşların ifadə, toplaşma, birləşmə azadlıqlarının kobud şəkildə pozulmasıyla bağlı faktlar sadalandı. Azərbaycandan gəlmiş nümayəndələr siyasi motivli həbslərdən, dinc nümayişçilərə qarşı aşırı güc tətbiqindən, jurnalistlərə hücumlardan və belə hücumları təşkil edənlərin cəzasız qalmasından, müstəqil QHT-lərə təzyiqlərin artmasından, hüquq müdafiəçilərinə qarşı qisas xarakterli addımlardan və digər ciddi qanun pozuntularından ətraflı danışdılar.
Digər dövlətlər Azərbaycan hakimiyyətinin reaksiyasından asılı olmayaraq, bu ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması üçün ciddi səylər göstərməlidir. Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Azərbaycan hakimiyyətinə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün təzyiqlər artırılmalıdır.
İnformasiya şöbəsi