İsmayıllı görəcəyi: məni niyə hədələyirdilər?

Ismayıllının yeni icra başçısı keçmiş başçını, onun komandasını topa tutub, komandası ilə birlikdə onun rayonu dağıtdığını bildirib: “…Bir ay 10 gün müddətində bütün istiqamətlər üzrə təhlillər aparılıb. Ürək açan bir nəticəyə rast gəlinmir… Rayonumuzda sənaye istehsalı yox dərəcəsindədir. Fabrik-zavod yoxdur, iş yerləri açılmayıb… Hər şey yenidən qurulmalıdır. Rayonun qaz xətləri gülünc bir layihə əsasında çəkilib. Cavanşir, Babək, Axundov küçələri bərbad vəziyyətdədir. Prospekt başdan-başa abadlaşdırılmalıdır”. Ismayıllıda olmuşam (2008-ci ildə), bunları yazmışam, “Azadlıq”da çap etdirmişəm – hamısı doğrudur. Ancaq… bütün bunlardan sonra soruşmaq gərəkir: Tofiq Yaqublu ilə Ilqar Məmmədovu niyə tutmusuz? Hə, rayon adamlarını qızışdırıb hakimiyətə qarşı qaldırdıqlarına görə. Onda məntiq hanı?
Indiki icra başçısı Mirdamət Sadıqovun da dediyinə görə, keçmiş icra başçısı rayonu bütünlüklə DAĞIDIB, bununla da adamları hakimiyətə qarşı qaldırıb. Belədə bir neçə saatlığa, özü də iş-işdən keçəndən sonra rayona gələn müxalifətçilər niyə tutulub suçlanır? Hakimiyətin, hakimiyət adamlarının çoxsaylı CINAYƏTLƏRINƏ görə! Budur məntiq. Kriminal-korrupsioner rejim məntiqi!
Məndən qabaq Ismayıllıda I.Əliyev olmuşdu. Royonun özündən Ivanovkayadək. Mən də Ismayıllıda o marşrut üzrə olmuşdum. Qayıdıb böyük bir yazı yazmışdım. I.Əliyev Ivanovkayadək Ismayıllı ilə bağlı çıxışlarında, hər yerdə olduğu kimi, yenə də hansısa “analoqsuz inkişafdan”, “daha da artıq çiçəklənmədən” danışmışdı. Mən yazımda Nizami Ələkbərovun komandası ilə birlikdə rayonu dağıtdığını, özü də Ivanovkanın özünədək dağıtdığını yazmışdım. Mənə icra hakimiyətindən zəng vurub o yazıları dayandırmağımı istəyir, hədələyirdilər. Hədələndiyimi də yazdım, hakimiyət-hökumət adlanan bu korrupsioner yığınından reaksiya olmadı. Bütün ölkədə oxşar durum olduğundan, doğrunu yazdığım bəlli idi. Buna görə də Prezident Administrasiyasından hüququ qoruma orqanlarınadək hamısı susdu.
Ən azı hədə faktına görə araşdırma aparmaq, gerçəyin nə yerdə olduğunu bilmək, ortaya çıxarmaq dövlət orqanlarının borcu idi. Dövlət orqanlarının! Əliyevçi rejimdə dövlət orqanları yoxdur – klan var, klan maraqları var. Ən çox da PUL maraqları var. Bütün başqa başçılar kimi N.Ələkbərov da rayonu dağıtmaq yoluyla əldə etdiklərini PA-yadək bölüşdürməklə hüquqdan, qanunlardan üstün ÖZBAŞINALIQ statusu qazanırdı. Dövlət qəzetlərində Ismayıllını çiçəkləndirməsi ilə öyülən N.Ələkbərov. Onlar da, başqa yerlərdən olduğu kimi, paylarını alıb yazırdılar.
M.Sadıqov prezidentinin Ismayıllı ilə bağlı 2008-ci il çıxışını alt-üst edir: “Rayonumuzda sənaye istehsalı yox dərəcəsindədir, fabrik-zavod yoxdur, iş yerləri açılmayıb…”. Soruşmaq gərəkir: bunların hansı başqa rayonlarda var, Azərbaycanın bütün rayonları bu gündə deyilmi? I.Əliyevin ivanovkalılar qarşısında etdiyi çıxışdan: “Rayon inkişaf edir. Bu gün mən rayon mərkəzində oldum. Və təzə parka, idman kompleksinə, baxdım, hovuz da vardır. Gözəldir, beynəlxalq səviyyədədir”. Indiki başçı rayonun DAĞIDILMAĞINDAN danışır. Ona belə göstəriş verilib: “Çalış seçkiyədək rayonda dinclik olsun”. Seçkiyədək ona da yaxşı olacaq, rayon adamlarına da. Seçkidən sonra “ayrı-seçkiliyə” son qoyulacaq: o da bütün başçılar kimi AL-VER siyasi sisteminin sıra subyektlərindən biri olacaq. Işdir, olmaq istəməsə… bayıra atılacaq!
Ekspertlərin bildirdiyinə görə, işləmədən dincəlməyi, gəzib kef çəkməyi çox xoşlayan I.Əliyev son 3 ayda 37 gün dincəlmədə olub. Belə prezidentə yaxşı işləyən başçılar deyil, yaxşı gəlir gətirən başçılar gərəkdir. Yeni başçı bilir nə deyir: “Prospekt başdan-başa abadlaşdırılmalıdır”. Abadlaşdırılmalıdır, özü də dönə-dönə – başlıca gəlir qaynaqlarından biri kimi!