“Biz Daşqınla fəxr edirik” (VİDEO)

Partiyadaşları həbsdəki gənc cəbhəçinin ailəsinə baş çəkdi

Polislər Daşqın Məlikovun və valideynlərinin pensiya kartlarını da “müsadirə edib”

Bu gün AXCP sərdinin müavini Gözəl Bayramlı, Qadınlar Şurasının sədri Solmaz Hüseynova, Nüşabə Atakişiyeva, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və partiyanın digər üzvləri Sumqayıt şöbəsinin bir neçə gün öncə narkotik ittihamı ilə həbs olunan gənc üzvü Daşqın Məlikovun ailəsini ziyarət edib.
Gözəl Bayramlı gənc cəbhəçinin ailəsini narahat olmamağa çağırıb, partiyanın və demokratik düşərgənin Daşqının, onun ailəsinin yanında olduğunu bildirib. “Hakimiyyət həmişə bu yola əl atır. Ona müxalif olan, təmiz gəncləri şərləməyə çalışır. Amma bu şər heç vaxt o gənclərə yapışmır. Hər kəs bilir ki, Daşqın öz düşüncələrinə, seçdiyi yola görə həbs olunub. Daşqının müdafiəsi üçün əlimizdən gələ hər şeyi edirik və edəcəyik. Onun müdafiəsi işi şəxsən sədrimiz Əli Kərimlinin diqqətindədir”, – deyə G.Bayramlı qeyd edib.
Əbülfəz Qurbanlı deyib ki, Daşqının “Amnesty İnternational” tərəfindən vicdan məhbusu kimi tanınmasına çalışacaqlar. “Fəxr edirik ki, Daşqının belə ailəsi var. Siz onun niyə görə şərləndiyini anlayırsız. Ona dəstək olursuz. Geri çəkilmirsiz. Biz də həmişə sizinlə birlikdə olacağıq. Məktubundan görünür ki, Daşqın da möhkəmdir”, – deyə GK sədri əlavə edib.

Daşqının atası Əlisəfa Məlikov deyib ki, oğlu onun yolu ilə gedir: “Mən də meydanlarda, Xalq Hərəkatının iştirakçısı olmuşam, azadlıq uğrunda mübarizə aparmışam. 90-cı illərdə hakimiyyət dəyişəndən sonra başımız qarışdı dolanışığa. İşsizlik, çətinliklər imkan vermədi mübarizədə davam etməyə. İndi mənim oğlum mübarizə aparır. Oğlumla qürur duyuram. Hər kəs, qonşular da, qohumlar da bilir ki, oğlumu şərləyiblər. Hamı bilir ki, o heç vaxt narkotikdən istifadə etməz. Xəstəliyinə görə 9-cu sinifdən məktəbdən çıxmalı oldu. Əksər vaxtlarda evdə olurdu. Bədii kitablar oxuyurdu. İndi də həbsxanada bizdən kitab istəyib, aparmışıq. Oğlum 12 ildir ki, xəstədir. İkinci qrup əlildir. 66 manat təqaüd alırdı. Onu tutanda bizim təqaüd kartlarımız da və onunku da üstündə olub. Üçünü də götürüblər, qaytarmırlar. Tək dolanışıq yerimiz təqaüdümüzdür. İndi onu da vermirlər. Evə gəlib axtarış aparanda soruşdular ki, oğlun hansı partiyanın üzvüdü. Deyəndə ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin, partiya üzvlük vəsiqəsini aldılar, surətini çıxardlar. Yəni elə bu onu deməyə əsas verir ki, oğlumu şərləyiblər”.
Daşqının anası Tofiqə xanım da oğlunun arxasında durduğunu deyib: “Həbsdən qabaq bilmirdim ki, oğlum bu yoldadır, azadlıq uğrunda mübarizə aparır. İndi ki belə oldu, “azad Azərbaycan” dedikləri halda oğlumu şərləyib həbs elədilər, mən də onun arxasındayam. Oğlum həbsxanadan çıxsın, özüm deyəcəm ki, get mübarizəni davam etdir”.

Bəyim