Zərdab rayonu Alıcanlı kəndində məktəbli qızın zorlanması və bu yaxınlarda dünyaya uşaq gətirməsi xəbəri sadəcə, dəhşət doğurur. Əlbəttə, bu zorlanma hadisəsi dünyada nə birincidi, nə sonuncu. Insanın xislətində heyvanlıq oyandıqca həmişə baş verəcək. Maraqlıdı ki, xalqların mentalitetindəki seksual yanaşmalarda nə qədər fərq olur-olsun, insan oğlu hər yerdə bu heyvanlaşma aktına qarşı eyni dərəcədə sərt təpki göstərir, heç bir xalqın nümayəndəsi bunun üstündən elə asan-asan keçmir.
Bəli, Alıcanlı kəndində baş verən olay birinci və sonuncu deyil, lakin hər yeni zorlama faktı hər dəfə ilk fakt kimi dəhşət və nifrət doğurur. Bu aralar Türkiyədə zorlanma üstündə həbs edilənlərin hətta axtalanması məsələsinin qanuna salınması söhbəti gedir və mən hesab eləyirəm ki, bu, son dərəcə doğru addımdı, çünki az öncə dediyim kimi, elə bir xalq və dövlət yoxdu ki, bu məsələyə loyal yanaşa. Hətta bəyənmədiyimiz Avropada, yəni dünyanın mədəni kəsimində belə iyrəncliyə qarşı daha sərt davranırlar. Keçmiş sovet məkanında qanunlarda bu işə görə çox ciddi cəzalar nəzərdə tutulsa da, yenə də bir kəm-kəsirlik vardı, ona görə də oğru qanunları bu suç üstündə yatanlar üçün daha sərt və ədalətli hökm çıxarmışdı. Bildiyimə görə, bu suçla gələnləri üzdəniraq eləyərək, onlara öz cəzalarının əvəzini ödədirdilər. Yəni suça uyğun cəza! O cəzanın verilməsinin özündə də bir zorlanma aktının baş verdiyini danmaq olmaz, yəni o namussuzu üzdəniraq eləyənin özü də zorlama ilə məşğul olur, ancaq birinci zorlama üstündə bu ikinci zorlamaya haqq qazandırmağa məcbur qalırsan. Ən yaxşısı isə, Türkiyədə hazırlanan qanundu.
Lakin bir şeyi xüsusi qeyd etmək gərəkdi ki, ədalətsiz cəmiyətdə o tip cəzaların, məsələn, axtalamanın qanun halına salınmasının da çox ciddi fəsadları ola bilər. Yəni təsəvvür eləyək ki, Azərbaycan kimi qanunun, ədalətin, vicdanın susduğu rejimlərdə iqtidarda olan qüvvə bu gün müxalifətçiləri yalançı narkotik, silah ittihamıyla həbs edirsə, onlardan öz xislətinə uyğun cılız şəkildə qisas alırsa, sabah bunu zorlama ittihamıyla əvəz edə və bu maddəylə yüzlərlə gənci o cəzaya məruz qoya bilər. Aydın məsələdi ki, bu, gənclərin, ümumiyyətlə, kişilərin ən tez düşə biləcəyi tələdi… Adamın sevgilisini belə işgəncə verə-verə onun üzünə durğuza və ya həyat qadınlarının əliylə bu cür şərlədə bilərlər. Hətta yalandan belə. Onlara nəyi sübut edəcəksən ki? Hətta sübut eləsən belə nə olacaq? Uzaqbaşı Avropa Insan Haqları Məhkəməsinə müraciət edə bilərsən, onlar da maşallah, işə baxana kimi iş-işdən keçmiş ola bilər. Nə isə, şükür, hələ ki, Azərbaycan zorlanmaya belə loyal yanaşır, o cür qanunlar haqda düşünmür və hətta zorlayanın tərəfində durur. Çünki onların bu xarakteri, bu nacinsliyi üst-üstə düşür.
Təcavüzə uğramış bədbəxt qız deyib: “Məni hədələyirlər ki, səsini çıxarsan, səni öldürərik!”.
Eyni şey deyilmi? Zorlayır və üstəlik səni hədələyir ki, səsini çıxarma, daha betərini gətirərik başına. Eynisini hakimiyyət də eləyir. Bütün xalqı, onun mənliyini, mədəniyyətini, mentalitetini, ləyaqətini, azadlığını, seçim hüququnu, tarixini, bu gününü, sabahını, təhsilini, elementar qidalanma imkanlarını, yeraltı, yerüstü sərvətlərini zorlayırlar, səsini çıxaranları isə həbs edir, öldürür, işgəncə verir və kəsəsi, elə zorlamaqda davam eləyirlər.
Bu üzdən də zorlamadan sonra zorlayanların at oynatmasını, qanunu öz tərəflərinə çəkməsini çox təbii qarşılayıram. Lakin mən heç nəyə də olmasa, təbiətin ədalətinə inanan adamam və inanıram ki, cəmiyyətdə xaos yarananda və bu, düzəlməz hala gələndə işə təbiət qarışmalı olur. Harmoniyanı bərpa eləmək üçün. O zaman nə qədər axtalanma baş verəcək! Sıraya düzsən, Bakıdan Hindistana dəmir yolu çəkmək olar…

Axtalama
•
•