Yeni qurumun təqdimatını kim ləngidir?

«Partiyalardan biri işin yekunlaşmasına mane olur»

Bir müddət əvvəl gündəmə gələn iki yeni qurumdan biri – “El” Hərəkatı artıq təsis edilib. Demokratik Qüvvələrin Ümümxalq Hərəkatı isə hələ də rəsmən elan olunmayıb. Baxmayaraq ki, qurumun ideya müəlliflərindən olan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov təqdimat mərasiminin ötən ayın sonlarında baş tutacağını bildirmişdi.
Hacıbaba Əzimovun sözlərinə görə, prosesin ləngiməsinə siyasi partiyalardan biri səbəb olub: “Mən həmişə verdiyim sözün arxasında durmuşam, indi də dururam. Sadəcə olaraq sizlərin də yaxşı tanıdığı partiyalardan biri bu işin baş tutmasını ləngidir. Əvvəl dedilər ki, qabağa düş, bu işdə ağsaqqalıq elə, biz hazırıq. Sonra dedilər, təşkilatın əsasnaməsinə baxmaq istəyirik. Yazıb verdim, ondan sonra da dedilər, hələ siyahını verin görək, qurumda kimlər təmsil olunacaq. Indi də deyirlər ki, məsələni hələ partiyada müzakirə etməliyik. Bu adamları başa düşə bilmirəm. Onu deyim ki, söhbət, AXCP-dən yox, adını açıqlamaq istəmədiyim başqa partiyadan gedir. Bu adamlar iş görməklə yox, işi pozamaqla məşğuldular”.
Hazırlıqların yekunlaşdığını deyən H.Əzimov istənilən halda qurumun təqdimatını yaxın vaxtlarda keçirəcəklərini deyir.
Qeyd edək ki, yeni qurum ümümmilli xarakter daşıyacaq və demokratik düşərgəyə aid olan siyasi partiyaları, QHT-ləri, tanınmış ziyalıları özündə birləşdirəcək.