Azərbaycan nazirlərinin, komitə sədrlərinin vəzifə yaşı haqqında bir araşdırma vardı dünənki qəzetlərdə.
Zatən mənə “kim neçə ildir hansı vəzifədədir” sualının cavabı heç maraqlı deyil.
Bu sistem qaldıqca hansı vəzifədə kim nə qədər istəyir otursun. Guya adlar nəyi dəyişir ki? Əliyevçi rejim, Əliyevçi idarəetmə tərz və təfəkkürü var olduqca, Məmmədi Əhmədlə əvəzləməyin mənası nədir?
Yaptokratiyada gələnlər gedənlərə rəhmət oxutmaqdan başqa nəyə yarayır?
Bəs yuxarıda haqqında danışdığım araşdırmanı niyə xatırlatdım? Hövsələnizi basın, mən də elə indi onu yazacam.
Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri. Həm də düz 20 ildir. Onun bu vəzifəyə təyin edildiyi ildə rejimin təzəlikcə şərləyib həbsə atdığı “NIDA”çı Bəxtiyar Quliyev dünyaya gəlib.
Elman Rüstəmov – Mərkəzi Bankın sədri. 1994-cü ildən həm də. Oysa şərlənən başqa bir “NIDA”çı Şahin Novruzlu bundan bir il sonra dünyaya gəlib.
Rejimin son repressiyalarından dadan digər bir “NIDA”çı Məmməd Əzizovun 21 yaşı var. Yəni Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun vəzifə yaşından cəmi iki il böyükdür.
Bir sözlə, bu gün heydərçi sistemin müharibə elan etdiyi, savaş açdığı, sindirməyə, qorxutmağa, geri çəkilməyə çalışdığı gənclərin yaşı üç aşağı, beş yuxarı Misir Mərdanovların, Aydın Bəşirovların, Səfər Əbiyevlərin, Ramiz Mehdiyevlərin, Ramil Usubovların eyni vəzifədə keçirdiyi illərə bərabərdir.
Utancvericidirmi? Utancvericidir!
Rəzalətdirmi? Həm də lap yekəsindən!
Amma sistem üçün yox. Çünki onun mahiyyəti belə tələb edir, çünki ona yaraşan budur.
Utanacaq, üzü qızaracaq, vicdanı sızlayacaq biri varsa, o da bu rəzaləti sinəyə çəkənlərdir, buna dözən, buna susan, bu iyrənc mənzərəni dəyişmək yerinə, onu mədh etməyi özünə rəva görənlərdir.
Əgər hələ də onlarda vicdanın “v”sindən əsər-əlamət qalıbsa…
Əgər hələ də üzləri ətdəndirsə…
Əgər hələ də sinələrindən daş deyil, ürək asılıbsa…
Rəsul Quliyevin “özünütənqid”inə sözardı
Rəsul Quliyevin son müsahibəsini oxudum dünən.
Deyir: “Bir çoxundan fərqli olaraq səhvlərimi də görürəm, səhvlərimi boynuma almağı, özünütənqidi də bacarıram”.
Olsun. Amma elə bu cümləsindən azca əvvəl Rəsul müəllim baxın nə deyir? Sitat: “Mən həyatımda iki dəfə çox ağır nəticələr verən səhvə yol vermişəm. Birinci səhvim 1996-cı ildəki istefa qərarım olub. Fikirləşmişdim ki, onsuz da Əliyevlər rejimi uzun müddət yaşaya bilməz və normal yolla bunları hakimiyyətdən uzaqlaşdıracağıq. Düşünürəm ki, yanlış davranmışam. Ikinci böyük səhvim 2003-cü ildə olub. Kimlərisə separat şəkildə dəstəkləməklə böyük səhvə yol vermişəm”.
Belə çıxır ki, Heydər Əliyevin hakimiyyətə gətirilməsində göstərdiyi cahanşümul xidmətləri Rəsul Quliyev həyatının böyük səhvi saymır, halbuki bu səhvi etməsəydi, nə özünün yuxarıdaca sadaladığı birinci, nə də ikinci səhvə ehtiyac qalacaqdı. Bir xalqın, bir ölkənin Şərə, istibdada təslim edilməsində əsas rollardan birini oynayıb, amma bunu “həyatının əsas səhvi” görmədən hansı etiraf və özünütənqid mədəniyyətindən danışmaq olar?
Belə yarımçıq, alaçiy özünütənqiddənsə, özünütəriflə məşğul olmaq məsləhətdir – heç olmasa, kənardan səmimi görünərdi.
Bir məsələnin kökü
“Su da bir qabda çox qalsa iylənər” deyə bir ata sözü var azərbaycanlıların.
Eyni azərbaycanlıların başqa bir ata sözü də var “daş düşdüyü yerdə ağırdır” deyə.
Bir ata sözümüzə görə, “oddan kül törəyər”.
Başqa bir ata sözünə görə, “qurd oğlu yenə qurd olar”.
Bir ata sözümüzdə asta qaçana namərd deyilir, başqa bir ata sözümüzdə “igidlik ondur, doqquzu qaçmaq” deyilir.
“Qarın səndən aşağıdır” deyən də azərbaycanlı atalar olub, “qarın qardaşdan irəlidir” deyən də.
“Qonaq allah qonağıdır” da azərbaycanlıların ata sözüdür, “qonağa get deməzlər, altından palazı çəkərlər” də. “El üçün ağlayan göz kor olar” da bizim ata sözüdür, “el üçün yanmayan ocağa su düşər” də.
Nə bilim, vallah…
Bir də durub ərinməz-ərinməz “hardandır bir toplumda bu qədər riyakarlıq, ikiüzlülük, saxtakarlıq?” deyə soruşanlar var.

Vicdanın baş hərfi
•
•