Boyunlarına “Molotov kokteyli” qoymaqla rejim NIDAçı gənclərlə bağlı repressiyalara başladı. Kimlərsə tutulub, kimlərsə tutulacaqlarını gözləyə-gözləyə qalıblar. Indiyədək gənclərdən ikisi “cinayətini” boynuna alıb. Qalanları da nələrisə boyunlarına ala bilərlər. Kimlərsə “Molotov kokteyli”ni düzəltməyin professionalı olduqlarını, kimlərsə ABŞ-ın Milli Demokratiya Institutundan böyük yardımlar, kimlərsə Mərkəzi Kəşfiyat Idarəsindən yönərgə (yönərgə – təlimat) aldıqlarını, beləliklə, ölkədə çevriliş-devrim işlərinə uğraşdıqlarını deyə bilərlər. Hələ kimlərsə Stalin repressiyaları dönəmində olduğu kimi, bir çox dövlətlərin şpionu olduqlarını da bildirərlər. Sözsüz, əliyevçi repressiyalardan ortaya çıxan bu sayaq söyləmələrə inananlar da olacaq. Ancaq biz bunların hamısının – gənclərin tutulmalarının, “cinayətlərini” boyunlarına almalarının – kriminal-korrupsioner rejim görsənişləri olduğunu gözəl bilirik.
Bunlar 20 illik hakimiyətləri boyunca nə özlərini dəyişə bildilər, nə ölkəni. Ortaya ölkədə dəyişiklik yaratmaq istəyən gənclik çıxıb. Regionda ən güclü hərbi-polis rejimi yaradanlar dəyişiklik istəyən gəncliyi “Molotov kokteyli” ilə “yandırmaq” istəyirlər. Görünür, Ilham Əliyev özünü arxasında Iranla Rusiyanın “Hizbullah”la HƏMASın dağ kimi dayandığı Bəşər Əsəddən güclü saydığından, gəncliyin istədiyi demokratik dəyişiklikdən qaçaraq Bəşər Əsəd yoluna yönəlir. B.Əsədin arxasında hansı güclərin dayandığını dedik. Göründüyü kimi, adı çəkilən güclərə arxalanaraq xalqı qırmaq yolu tutan Antibəşərin indi bircə yolu qalır – özünü öldürüb canını qurtarmaq. Indiki durumda onun can qurtuluşu yalnız bu ola bilər: ayrı variant yoxdur. Antibəşəri iki il ayaqda adı çəkilən güclər saxladı. Suriya variantı işə düşəndən sonra I.Əliyevi ikicə ay ayaqda saxlayacaq bir güc yoxdur ortada. Rejim funksionerlərinin özlərinin dediklərinə görə, yaxın qonşular – Iranla Rusiya bunları indidən əzməkdədir. Rejim Türkiyə, ABŞ, Avropa ilə çoxdan SOYUQ SAVAŞ durumundadır.
Qalır ancaq rejimə bağlı güc strukturları. Bu strukturların hansı ideya-siyası bazada oturuşduğunu Elşad Abdullayevin videomateriallarından görmək olar. Ilk video yayılanda ilkin səsini çıxaranlardan biri Gülər Əhmədova, o biri onun seçki-alver ortağı R.Mehdiyev oldu. Onlar videomaterialı “təxribat”, kimlərinsə onları ləkələmək istəyi adlandırdılar. Sonrakı videolarla Elşad onları susdurub yerlərində oturtdu. Daxili Işlər Nazirliyi ilə bağlı vidematerial ortaya çıxarılanda DIN sözçüsü Ehsan Zahidov bildirdi: “Bu video ilə Daxili Işlər Nazirliyinin, nazirin fəaliyətinə gölgə salmaq olmaz”. DIN-lə bağlı sonrakı videokompromatlar onlara susmaqdan başqa yol qoymadı. DIN deyəcəyini gərəyincə ölçüb-biçməmişdi. Heydərizmin bütünlüklə qaranlığa bürüdüyü ölkədə (DIN bu işdə ayrıca rol öynayıb) hansı kölgədən danışmaq olardı? Kölgə işıqlıqda olur. Qaranlıqda kölgədən danışmaq çaşqınlıq, qaranlıq içində çabalamaqdır.
Kameraman-professor bir-birindən ötə gedən videokompromatlarını hələ də sürdürməkdədir. Hələlik bunlardan antidövlətçilik baxımından ən effektliləri prezidentin qoruması, bir də MTN-lə bağlı olandır. “Gözü çıxan qardaş” faktoru öz işini gərməkdədir: daha kimsə haray-həşir qoparıb “montaj”, “təxribat” kimi anlayışlara əl atmır – hamı susur. MTN-də susur. Ancaq videomaterialdakı MTN əməkdaşı… danışır: “Təzə iynələr çıxıb. Iynəni vurur, nə eləməmisən e-e-e, eləmədiyin şeyin üç qatını belə danışırsan: mən belə elədim, mən elə elədim”.
…Mənim işim “Molotov kokteyli” düzəltmək idi. Yadımdadı, hakimiyəti devirmək üçün bir gün 10 min dənə “kokteyl” düzəltdim. Sonra… Sonra da onları ermənilərə satdım. Istədim pulumuz olsun, mənim anam da… şəkərbura bişirsin… Şəkərburanı çox sevirəm!

Qaranlıqda kölgə faktoru
•