Vüsal Hüseynzadə
hus-vusal@mail.ru“
Sənin doğduqların azad deyilsə,
Sən necə azad olmusan, qadın!
(Ramiz Rövşən)
İslam və Azadlıq məhbuslarına ithaf olunur!
Azadlıq elə bir incidir ki, adətən əldən verəndən sonra qədri bilinir. Elə buna görə də müqəddəs məqsədlər naminə öz azadlıqlarını qurban verən və ya təhlükəyə atan insanlar atəşin salamlara layiqdirlər.
Bəşəriyyət tarix boyu azadlıq üçün olmazın əzablara dözüb, bu yolda başlar qoyub, canlar fəda edib. Azərbaycanın mərd oğulları minillər boyu bu yolda şəhid olub, yadellilərlə vuruşa qalxıb.
Azadlığı qurban vermək bəzən canı qurban verməkdən də çətin olur. Uca məqsədlərdən ötrü canını fəda edən şəxs qısa müddətdən sonra şəhidlik məqamına qovuşur, əbədi dincliyə, səadətə nail olur. Bu yolda azadlığını verən insan isə hələ çox çətinliklərə dözməli, ağır sınaqlardan keçməli və mübarizəsini davam etdirməlidir. Müqəddəs Peyğəmbərimizdən və məsum imamlarımızdan tutmuş qandilərə, gevaralara, qütblərə, xomeynilərədək əksər azadlıq öndərləri müxtəlif dönəmlərdə öz azadlıqlarını əldən vermişlər.
Bu gün də eyni mübarizə davam edir. Bu gün dünyanın məzlum xalqları öz azadlıqları uğrunda ayağa qalxmışlar. Bizdə də Qarabağın azadlığı eşqilə yaşayan, itirilmiş torpaqlarımızın azad edilməsi üçün ciddi addımlar atılmasını tələb edən adamlar var. Onlar həm də əcnəbilərin diktəsindən uzaq bir ölkə yaratmağa çalışır, seçkilərdə səslərinə hörmət göstərilməsini, nəticələrin dəyişdirilməməsini istəyirlər. İstəyirlər ki, öz talelərini 5-6 nəfər yox, yalnız özləri müəyyənləşdirsinlər, siyasi görüşlərinə görə işdən qovulmasınlar, dini inanclarından dolayı təzyiqlərlə üzləşməsinlər. Bunların hamısı xalqın azadlıqsevərliyini, azad yaşamaq istəyini göstərir.
Vaxtilə monarxiya üsul-idarəsində yaşayan, uyğun sistemlə razılaşan insanlara gülürük bəzən. Ancaq fərqinə varmırıq ki, bugünkü halımız onlardan çox da fərqlənmir. Elə onlar kimi bizim cəmiyyətimiz də azadlıq və demokratiya haqqında yetərli bilgilərə malik deyil. Elə bizdə də çoxları mövcud vəziyyətlə razılaşır, bunun ideal variant olduğunu düşünür, bəzi imkanlardan yalnız vəzifəli məmurların və onların yaxın çevrələrinin istifadə etməsini təbii qarşılayırlar. Onlara görə, hansısa ödülləri almaq, işə düzəlmək, məsələn deputat seçilmək üçün cəmiyyətin etimadı, elm, vətənpərvərlik və sair mənəvi dəyərlər yox, məhz kimlərinsə kursuna tabe olmaq, kimlərinsə önündə səcdə etmək, kimlərəsə yaltaqlanmaq əsas şərtdir, yüksək rütbəli məmurların milyardlarla sərvətə malik olması çox normaldır, seçkilərdə xalqın səsi asanlıqla təhrif olunursa, onun iradəsi kobud təhqirə məruz qalırsa, bunda da qeyri-adi heç nə yoxdur. Düçar olduğumuz bu durum Azadlıq və Demokratiya haqqında maarifləndirmə aparılmasını, fundamental işlərin görülməsini və *ictimai psixologiyanın dəyişdirilməsini zəruri edir.
Bu gün Azərbaycan dindarı öz vətənində inancına uyğun həyat sürməkdən məhrum edilir, məscidlər sökülür, örpəkli qızlar təhsildən uzaqlaşdırılır, dini verilişlərə qadağa qoyulur, etiraz edənlər isə ləyaqətsiz ittihamlarla həbs olunurlar. Bu isə o deməkdir ki, siyasi azadlıq olmadan dini azadlığa nail olmaq mümkün olmayacaq. Deməli, siyasi maarifləndirmə də, ən azı dini maarifləndirmə qədər vacib və zəruridir. Bu qısa yazıda sözügedən imkan olmasa da, İslam və Azadlıq, xüsusi olaraq siyasi azadlıq mövzusuna hələlik ötəri nəzər salmağa çalışacağıq.
İnsan – yalnız Allahın qulu
“Allahdan başqa heç bir tanrı yoxdur!”
İslama görə, insan yalnız Allahın quludur. Ona ağalıq etməyə, onu yaratmış Allahdan başqa heç kimin haqqı çatmır. Bunu hamı instinktiv olaraq dərk edir. İnsan fitrəti hamının bərabər yarandığına, birinin digəri üzərində səltənət haqqının olmadığına şəhadət verir. Bu din bütün insanların bərabərliyini, birinin digərinə qul yaradılmadığını, heç kəsin başqa insan iradəsi üzərində hökmran edilmədiyini, ayrısının taleyini həll etmək hüququna malik olmadığını və insana öz hüquqları uğrunda mübarizə ruhunu aşılayır.
Ümumiyyətlə, İslam dini bəşərin azadlığı üçün nazil edilib. Qurani-kərimdə bu barədə buyurulur: “Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki, Allaha ibadət edin və tağutlardan uzaq durun” (1). Tağut tüğyan edən, həddini aşan deməkdir. Quranda 7 dəfə işlədilən bu söz əsasən şeytana, bütə və zalım hakimə aid edilir. Buna əsasən, Allah-Taala bütün ümmətlərə, onları şeytan, büt və zalım hakim köləliyindən azad etmək üçün peyğəmbərlər göndərib. Peyğəmbərlər insanlara azad yarandıqlarını xatırlatmaq üçün gəliblər. Bu ayədən həm də bəlli olur ki, tağutlardan uzad durmaq, onların köləliyindən çəkinmək və zülmlərinə qarşı çıxmaq bir ilahi vəzifədir.
Tarix belə tağutlardan çox görüb: Firon, Nəmrud, Əbu Süfyan, Yezid, Səddam, Mübarək və bəşəriyyət tərəfindən lənətlənən yüzlərlə, minlərlə belə tiranlar… Onların hamısı insanları özlərinə qul hesab edirdilər. Firon rəsmi şəkildə özünü xalqın böyük rəbbi adlandırırdı (2). Tarixin bütün despotları faktiki olaraq allahlıq iddiası etmiş, tabeliklərində olan xalqların başına istədiyi oyunları açmışlar.
Yuxarıdakı məsələ digər ayələrdə də təsdiq olunur. Allah-Taala başqa bir ayədə buyurur: “(Peyğəmbər ona tabe olanların) boyunlarından ağır yükü və üzərlərindəki zəncirləri götürür” (3). Nəticədə isə insanlar azadlığa qovuşur, din və etiqadlarını, habelə yaşam tərzlərini azad şəkildə seçir, əsarət yükündən, köləlik, ədalətsizlik, ayrıseçkilik və cəhalət zəncirindən, məhdudiyyət və qadağalardan qurtulurlar. İmam Əli (ə) bu haqda deyib: “Allah-Taala Məhəmmədi (s) göndərdi ki, bəndələrini insanların ibadətindən çıxarıb, Öz ibadətinə, insanların qanunundan çıxarıb, Öz qanununa, insanların itaətindən çıxarıb, Öz itaətinə, insanların hakimiyyətindən çıxarıb, Öz hakimiyyətinə gətirsin” (4).
İslam qoşunları Azərbaycan torpaqlarını fəth etmək istərkən, İslam dinilə maraqlanan bölgə sipəhsaları Rüstəm Fərruxzadın, “bu dində daha nə var?” sualına müsəlman ərəbin verdiyi cavab da eyni məzmuna malikdir: “Bəndələri insan ibadətindən çıxarıb Allah ibadətinə sövq etmək. Onlar Adəm və Həvvanın övladlarıdırlar, ata-anadan birdirlər” (5). Yəni insanların qulu olmamaq, əməldə onlara ibadət etməmək – İslam dininin əsas prinsiplərindəndir.
Allah-Taala təbiəti insanlar üçün yaradıb, amma insanları insanlar üçün yaratmayıb. Quranın çoxlu ayəsində Yerin, Günəşin, Ayın, ulduzların, gecə-gündüzün, dənizlərin, bitkilərin və digər nemətlərin insan üçün yaradıldığı deyilir (6). Amma heç bir ayədə insanın insan üçün yaradıldığına işarə vurulmur. Bu müqəddəs kitabda insan üçün elə böyük məqam tanınır ki, o, hətta mələklər tərəfindən səcdə olunur.
Hamı üçün eyni Azadlıq
Hinduizmdə insanlar ictimai təbəqələrə bölünürlər. Brahman adlanan ruhanilər ən yüksək təbəqədə, dövlət adamları və hərbçilər ikinci təbəqədə, tacir və əkinçilər üçüncü təbəqədə, fəhlələr isə dördüncü təbəqədə yer alırlar. Murdar adlandırılan digər insanlar üçün isə nəinki azadlıq, heç insanlıq haqqı da tanınmır, onlara baxmaq belə günah sayılır. Buna oxşar ayrıseçkilik yəhudi təlimlərində də mövcuddur. Onlar dini və milli toplum olaraq özlərini ən üstün məxluq hesab edir, digər xalqların onlara xidmət üçün yarandığını iddia edirlər. Aqressiv millətçiliyə haqq qazandıran bu təfəkkür tərzi onların müqəddəs saydığı Talmud kitabından əxz olunub. Bu kitabda belə deyilir: “Yəhudi olmayanlar heyvandırlar”; “Qeyri-yəhudinin qanını tökmək, Allah yolunda qurban kəsmək sayılır” və s.
İslama görə isə, heç bir millətin digərindən, heç bir insanın o birindən üstünlüyü yoxdur, hamı Allah qarşısında bərabərhüquqlu, cəmiyyətdə isə azaddır. Allahın verdiyi azadlıqları (qanun xaricində) məhdudlaşdırmağa heç peyğəmbərin də haqqı yetmir. Bu dində hamıya hörmət göstərmək məsləhət görülür, amma heç kimə xüsusi imtiyaz verilmir, məhdud sayda olan məsumları çıxmaq şərtilə, heç kim – seyid, ruhani, ayətullah, məmur, nazir və prezident olmasından asılı olmayaraq, heç kim müqəddəs sayılmır.
Məhəmməd peyğəmbər (s)
Məhəmməd peyğəmbər (s) insanları təkallahlılığa və özəlliklə İslama dəvət etməklə, həm də onları Azadlıq dəyəri ilə, humanist prinsiplərlə tanış edirdi. O, cahillik dövründə ictimai və iqtisadi məhrumiyyətlərlə böyümüş, hətta ömür boyu qul olmuş insanları belə 180 dərəcə dəyişib azad, qorxmaz və mübariz insanlara çevirirdi. Bu yerdə tarixin ən böyük qul üsyanına başçılıq etmiş Spartakın sözlərini xatırlatmaq yerinə düşər. O deyir: “Mənim silahım və fiziki cəhətdən yüksək hazırlığa malik çoxsaylı canlı qüvvəm var idi. Lakin bu insanlar qul idilər və təəssüf ki, belə qısa bir müddətdə onların beynindən Qul psixologiyasını çıxarmaq mümkün olmadı”. Peyğəmbərin təlim-tərbiyə etdiyi sabiq qullar isə heç bir zalıma tabe olmur, döyüşlərdən qaçmır və son anadək mübarizə aparırdılar.
Məhəmməd peyğəmbər (s) diktator və ya monarx olmayıb, totalitar rejim yox, açıq cəmiyyət qurub. O, başçılıq etdiyi cəmiyyətdə azadlıq üçün hərtərəfli şərait yaratmışdı. İlkin müsəlmanlar onu Allahın elçisi bilir və onun fikrinə qarşı çıxmamağa çalşırdılar, amma bununla belə onların azadlığına heç bir məhdudiyyət qoyulmurdu. Onun yanında hamı asanlıqla sözünü deyir, bəzən fikrinə qarşı çıxır, bir çox məsələlərdə ondan izahat tələb edirdilər. O da öz növbəsində bütün fikirlərə hörmətlə yanaşır, mühüm işlərdə müsəlmanlarla məsləhətləşir, əksəriyyətin çıxardığı qərara tabe olurdu (7).
Allah rəsulu (s) sultanlardan fərqli olaraq, çox təvazökar, mehriban və qayğıkeş bir rəhbər idi. Came məscidinin tikintisi zamanı hamı kimi işləyir (8), yer qazır, torpaq daşıyırdı, öz səhabələrilə bir yerdə oturarkən məclisin yuxarı-aşağı tərəfləri bilinməsin deyə, hamını dairəvi şəkildə əyləşdirir, onlardan seçilmirdi.
Bir gün səfərdə olarkən bir qoyun kəsib, yemək hazırlamaq lazım oldu. Səhabələrin biri dedi: “Başını mən kəsərəm”. O birisi dedi: “Dərisini mən soyaram”. Daha birisi dedi: “Bişirmək mənim boynuma”. Peyğəmbər buyurdu: “Odunu mən yığaram”. Səhabələr dilləndilər: “Ey Allahın rəsulu! Odunu da biz yığarıq, siz zəhmət çəkməyin”. Peyğəmbər cavab verdi: “Bilirəm ki, bunları edərsiniz, lakin özümü sizdən fərqləndirmək istəmirəm. Allah belə bəndələri sevmir” (9).
İmam Əli (ə)
Azadlıq haqqında danışarkən İmam Əlinin (s) söylədiyi qızıl kəlamı yada salmamaq olmur. O, oğlu İmam Həsənə (ə) vəsiyyətində deyir: “(Ey oğlum!) Heç zaman başqasının qulu olma! Çünki Allah səni azad yaradıb!” (10) Digər bir yerdə isə bütün bəşəriyyətə belə səslənir: “Ey insanlar! Adəm heç zaman qul və kəniz doğmayıb. Bütün insanlar azaddırlar!” (11)
İmam Əlini (ə) həm də azad seçkilər uğrunda mübarizə aparan siyasi rəhbər saymaq olar. Peyğəmbərin vəfatından sonra tələsik şəkildə və məhdud çevrədə reallaşan xəlifə seçkisinə etiraz edənlərin başında məhz o dururdu. O, bu məsələdə azadlığın tərəfdarı olub, zorla beyət alınmasına qarşı çıxır və obyektiv səsvermə üçün lazımi şəraitin yaradılmasını tələb edirdi. O həzrət Misirə vali göndərdiyi Malik Əştərə yazdığı məktubunda isə belə deyir: “Qəlbini xalqa qarşı lütf və məhəbbətə bürü, onlarla mehriban ol. Ov heyvanı kimi onları yeməyi qənimət bilmə; çünki insanlar iki qisimdirlər: ya sənin din qardaşların, ya da yaranışda sənə oxşar (sənin kimi insan) olanlardır. Əgər səhvə yol versələr, onları bağışla” (12).
Elmi, ictimai və dini rəhbərliklə yanaşı, siyasi rəhbərliyin də Allah tərəfindən verilməsinə baxmayaraq, İmam Əli (ə) xalqın istəmədiyi təqdirdə zorla hakimiyyətə can atmamış, Allahın iradəsinin gerçəkləşməsi üçün təbliğat aparmış, baş tutmadığı zaman isə səbir etməyə üstünlük vermişdir. O, üçüncü xəlifənin qətlindən sonra edilən xəlifəlik təklifindən imtina etmiş, yalnız misli görünməmiş izdihamın israrından sonra bununla razılaşmışdır. Bu zaman da o, heç kimdən zorla beyət almağa çalışmamış, bu işdən imtina edən bir neçə nəfəri azad buraxmışdır (13).
İmam Əli (ə) hakimiyyətdə olduğu 5 ilə yaxın müddətdə də xalqın azadlığına əhəmiyyətlə yanaşmış, onların hüquqlarına riayət etmiş, özbaşınalıq edən məmurlarını sərt cəzalandırmışdır. Onun xəvariclə (separatçı qiyamçılarla) münasibəti bu baxımdan çox önəmlidir. Xəvaric legitim hakimiyyətə qarşı siyasi qruplaşma olsa və hətta imamı kafirlikdə ittiham etsə də, onların hərəkəti hərbi xarakter almayana və hakimiyyət tərəfdarlarına qarşı terror hərəkətləri həyata keçirməyənə qədər onlara əsla güc tətbiq edilmədi; digər müsəlmanlar kimi azad gəzir, beytül-maldan məvacib alır, fikirlərini təbliğ edirdilər (14).
Bir gün İmam Əliyə (ə), ona qarşı çıxanlardan birinin şəhəri tərk etmək və hakimiyyətə qarşı təxribat hazırlamaq istədiyini xəbər verdilər. İmamın məsələyə əhəmiyyətsiz yanaşdığını görən bir nəfər ondan həmin adamı nə üçün həbs etməməsini soruşdu. İmam Əlinin (ə) verdiyi cavab siyasi azadlıq baxımından fövqəladə əhəmiyyətə malikdir: “Biz ittiham etdiyimiz hər bir kəsi həbs etsək, onda həbsxanaları doldurmalıyıq. Mən xalqa divan tutan, onları həbs edib cəzalandıran adamlardan deyiləm” (15).
Digər xəlifə və imamlar
Peyğəmbərin (s) vəfatından sonra hakimiyyətə gəlmiş birinci xəlifə Əbu Bəkr xalq qarşısında etdiyi ilk çıxışında insanların siyasi azadlığına toxunmuş, onları neqativ hallara qarşı etiraza səsləmişdi. O deyirdi: “Mən sizə başçı seçildim… Əgər doğru yolla getsəm, mənə itaət göstərin, (yoldan) yayınsam, düzəldin. Mən sizdən üstün olduğumu iddia etmirəm” (16).
Xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə Əmr As Misirin valisi idi. Əmr Asın oğlu orada yarışda bir gəncə uduzduğunu görüb, onu vurmağa başlayır. Vurulan gənc Əmr Asın yanına gəlib əhvalatı danışır, Əmr As isə şikayətə məhəl qoymayıb, gənci bir müddət həbsə də salır. Belə olduqda gənc Mədinəyə gedir və xəlifə Ömərə şikayətlənir. Xəlifə Əmr Ası və oğlunu təcili Mədinəyə çağırır. O, şikayətçi gəncə bir qamçı verib, Əmr Asın oğlunu vurmağı əmr edir. Sonra deyir ki, indi də Əmrin özünü vur, çünki oğlu ona güvənərək belə edib. Xəlifə üzünü valiyə tutub, təkcə ona yox, həm də bütün tarix boyu haqqı-ədaləti bir quruşa saymayan, yetimlərin, məzlumların ahından qorxmayan, gücünə, postuna arxalanıb qoçuluq edən cılız komplekslərə tarixi mesajını verir: “Siz nə vaxtdan xalqı özünüzə qul etmisiniz; halbuki anaları onları azad doğub?!” (17)
Xəlifənin bu hərəkəti məmur özbaşınalığına qarşı mübarizənin kəskin metodlarından biridir. O, bəzən bölgələrdəki valilərinin sərvətlənməsindən xəbər tutur, onları paytaxta çağıraraq var-dövlətinin böyük bir hissəsini alıb kasıblar arasında paylayır, özünü isə ya qamçılayır, ya da tənbeh edərək yola salırdı.
İmam Hüseyni (ə) İslam və Azadlıq şəhidi adlandırmaq olar. O həzrət, dövründə yaranmış şəraitə əsasən, təqiyyəni kənara qoyub, zalım hakimə qarşı açıq mübarizəyə başladı. O, deyirdi: “Mən ölümü səadət, zalımlarla birgə (onların boyunduruğu altında) yaşamağı isə bezikdirici hal sayıram” (18). Təsadüfi deyil ki, tarixin bir çox qəhrəmanları özlərinin Azadlıq uğrundakı mübarizələrində məhz İmam Hüseyn (ə) hərəkatından ilham almış, zalımlar üzərində qələbə çalmışlar.
Azadlıq ən üstün və ən başlıca insani dəyərlərdəndir. Azadlıq olmayan yerdə heç bir tərəqqidən, yaradıcılıq və nailiyyətdən söhbət gedə bilməz. Heç bir maddi üstünlük, dünya nemətləri insan azadlığını əvəz etmir. İnsan məqamına vaqif olanlar ac-susuz halda, ən çətin şəraitdə yaşamağa razı olar, amma digərinin əsirinə, quluna çevrilmək istəməzlər. İmam Sadiq (ə) İbn Cündübə etdiyi tövsiyələrində buyurur: “Öz azadlığına qovuşmaqdan başqa bir fikirlə səhər edən insan əzəmətli məsələni kiçik saymış, Rəbbindən üz çevirərək çox az qazanca önəm vermişdir” (19).
Müsəlman hökmdara etiraz
Dilimizdə “İslam və Azadlıq” mövzusunda yazılmış yazılara göz gəzdirərkən qəribə bir məqama rastladım. “İslamda söz azadlığı” məqaləsinin müəllifi bu dində hakimə qarşı aşkar etirazın qadağan edildiyini söyləyib, Peyğəmbərdən belə bir hədis nəql edir: “Kimsə sultana məsləhət vermək istəyirsə, qoy bunu xalqın qarşısında etməsin, əksinə sultanın əlindən tutaraq onunla təklikdə söhbət etsin. Əgər sultan onun məsləhətinə qulaq asarsa, yaxşı, yox asmasa, o artıq öz vəzifəsini yerinə yetirmişdir”.
Müəllif gətirdiyi hədis üçün heç bir istinad göstərməsə də, onun qondarma olduğu mətnindən bəllidir. Bu hədislər Əməvilər dövründə insanları istismaq etmək məqsədilə quraşdırılmışdır. Belə çıxır ki, hökmdar min oyundan çıxsa, məsələn Allahın evini yandırsa, Peyğəmbərin nəvəsini faciəli şəkildə qətlə yetirsə, Peyğəmbər şəhərini darmadağın etsə, üç gün öz ordusuna əhaliyə qarşı hər bir təcavüzü halal eləsə də, müsəlman hökmdar olduğu üçün ona yalnız məsləhət verilə bilər; qulaq assa, lap yaxşı, qulaq asmayıb cinayətlərini davam etdirsə, insanları öz quluna çevirsə, hamı bununla razılaşmalıdır. Necə də qəribə məntiqdir! Bu formada göstərilən din necə mütərəqqi olub, ideal cəmiyyət nümunəsini təqdim edə bilər?! Bir din qanun pozuntusuna qarşı mübarizəni, hətta aşkar etiraz sərgiləməyi belə öz tərəfdarlarına qadağan edirsə, nə haqla azadlıqdan, insan haqlarından danışa bilər?! Belə çıxır ki, İslam insanların azadlığını tanıyır, amma onun əldə edilməsi üçün atılan addımları yasaq edir.
Təəssüf ki, uyğun düşüncə tarix boyu zalım hakimlərin əlində vasitə olmuş, beləcə din adından sui-istifadə edilmişdir. Bu təfəkkürün aydın Quran ayələri və Peyğəmbər (s) sünnəsilə ziddiyyət təşkil etməsi göz qabağındadır. İslamı az-çox tanıyan insan belə iddiaların əsassız olmasına şübhə etməz. Zülmə qarşı etiraz, ictimai ədalətin bərpası və sosial ayrıseçkiliklərin ləğvi uğrunda mübarizə bu dinin əsas özəlliklərindən sayılır. Konkret olaraq, aşkar etiraza gəlincə isə, bu haqda düzgün dini mətnlərdə heç bir qadağa görünmür. Qadağa qoyulmayan hər bir iş isə halal və icazəlidir. İndi isə aşağıdakı ayəyə diqqət yetirək:
“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (20)
Göründüyü kimi, məzlum edilən və zəif saxlanan insanlara kömək göstərmək, onlara zülm edənlərə qarşı mübarizə tövsiyə olunduqda, zalımların kafir olması qeyd olunmur. Həm də kafir hakimlərin çoxu adda müsəlman olan rəhbərlərdən daha ədalətli, İslama daha yaxın, məscidlərə daha doğma, dindarlara qarşı daha dözümlü deyillərmi? İslam kimi bir dinin zahirdə müsəlman jesti edən dinsizlərə bu qədər toxunulmazlıq statusunu verməsi necə mümkündür?! Ölkənin sərvətlərini ata malı kimi mənimsəyib, xalqı ac-yalavac qoyan, intihara sövq edən Mübarəkə, ondan daha çox milyardları oğurlayan Qəzzafiyə, insanları sərçə sayağı qətlə yetirən, yaralılara yardım göstərən həkimləri katorqalara göndərən Ali-Xəlifəyə aşkar etirazın yasaq edilməsi ağla və məntiqə uyğundurmu?!
Təbii ki, hökmdara qarşı etiraz dedikdə onun özəl həyatına aid məsələlər nəzərdə tutulmur. İslam heç kimə başqa bir insanın, tamamən özünə aid olan şəxsi işlərini faş etmək və eybini yaymaq azadlığını verməyib. Şantaj məqsədi olmasa belə, bu növ məsələlərə burun soxmaq, belə məlumatları əldə etmək, bu haqda danışanı dinləmək də haram buyurulub. Sultanlar da bu hökmdən istisna deyillər. Lakin onların ictimai addımları, ayrısının, yaxud ayrılarının hüququna qarşı hərəkətləri, xalqın malını oğurlamaları, ümumi sərvətləri talayıb öz hesablarına köçürmələri şəxsi məsələ deyil və özəl həyata aid olmur. Buna əsasən, belə şəraitdə aşkar etiraz etmək və ictimai şəkildə münasibət bildirmək dini baxımdan nəinki qəbahət deyil, həm də çox lazımlı bir işdir. Aşağıdakı iki ayə bu növ siyasi azadlığı təsdiq edir:
“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır” (21).
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun” (22).
Son ayə siyasi təşkilatlanmanın, partiya və birlik yaratmağın lazım olduğunu da bəyan edir.
Bu barədə əziz Peyğəmbərimizdən (s) çoxlu hədis də göstərmək olar. Lakin ixtisara riayət etmək məqsədilə yalnız bir nümunəylə – İmam Hüseynin (ə) qiyam öncəsi kufəlilərə yazdığı məktubunda Peyğəmbərdən (s) nəql etdiyi hədislə kifayətlənirik: “Allahın halalını haram edən, əhdini pozan, Allah rəsulunun sünnəsinə qarşı çıxan, Allah bəndələrinə qarşı cinayət və düşmənçilik işlədən zalım hakimi görüb ona qarşı çıxmayan insanı həmin zalımın daxil olduğu yerə (cəhənnəmə) daxil etmək Allah üçün qəti haqdır” (23).
İbn Bazın diktatorları sevindirən fətvası
Daha sonra müəllif məşhur vəhhabi alimi İbn Bazdan belə bir sitat gətirir: “Peyğəmbərin mömin ardıcılları heç vaxt hökmdarların səhvlərini faş etməmiş və onlar haqqında məscidlərin minbərlərindən danışmamışlar”. Maraqlı iddiadır. Görəsən Əbuzər Peyğəmbər əfəndimizin “mömin ardıcılları”ndan deyilmi? Yoxsa mərhum İbn Baz doğrudanmı onun xəlifə Osmana qarşı aşkar etirazlarından və bu səbəbdən də Şama sürgün edilməsindən, Şamda da sakit oturmayıb Müaviyəni ifşa etməsindən, nəticədə Mədinəyə qaytarılmasından, oradan da Rəbəzəyə sürgün edilməsindən xəbərsiz idi?! (24) Müsəlman alimlərinə bu da məlumdur ki, xəlifə Osmanın yanlış siyasətləri nəticəsində ona qarşı etiraz aksiyası keçirən müsəlmanların arasında Əmmar Yasir kimi Peyğəmbər səhabəsi də vardı. Həm o, həm də başqa bir qrupa rəhbərlik edən Malik Əştər İmam Əlinin (ə) ən yaxın səhabələri hesab olunurdular. İmam Əli (ə) xəlifəni öldürmək istəyənlərə qarşı çıxdı, amma heç bir yerdə onların bu növ etirazının dinə zidd olduğunu buyurmadı.
Bu mənada ən gözəl nümunə isə İmam Hüseynin (ə) qiyamıdır. O, Yezidin hakimiyyət kürsüsünə oturduğu zamandan onu tənqid etmiş, Əməvi hökumətinə qarşı çıxan kufəlilərin rəhbəri olmağa razılıq vermiş və nəticədə qeyri-bərabər döyüşdə şəhid edilmişdir.
İbn Baza görə, hökmdara qarşı ictimai tədbir keçirmək xalq üsyanına səbəb ola bilər ki, bunun yalnız zərəri olur və heç bir xeyir gətirmir. Halbuki dünya tarixindən məlumatı olan heç kəs Fransa, Kuba, Hindistan, İran, Tunis və Misir inqilablarının bu xalqlara zərər gətirdiyini söyləməz. Bu inqilablar ancaq yadelli istismarçılara və yerli diktatorlara zərər yetirə bilər. Məzlumların qanını soran ünsürlərdən ötrü isə əsla nigaran olmağa dəyməz. Lakin əgər məqsəd maddi zərərlər və can qorxusudursa, bəli, inqilabdan sonra bir müddət bu ola bilər. Düzgün idarəçiliklə həmin müddəti azaltmaq da mümkündür. Amma yadda saxlamaq lazımdır ki, Azadlıq bütün bunlardan qat-qat artıq dəyərlidir.
Son
Yekun olaraq bildirməliyik ki, İslam dini monarxiyanı, avtoritarizmi, diktaturanı qəti şəkildə rədd edib, cəmiyyətə siyasi azadlıq və hər bir fərdə etiraz haqqı tanıyır. Bu dinə görə, hakimiyyət başçıları insanların siyasi görüşlərinə hörmətlə yanaşmalı, nəinki bitərəf qüvvələrə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, heç müxalif partiyalara da düşmən gözü ilə baxmamalı, onların görüşünə dəyənəklə çıxmamalıdırlar. Siyasi təşkilatlanma, sərbəst toplaşmaq, kütləvi etiraz, seçim və digər bu tip hüquqlar İslam tərəfindən təsdiqlənir, təkcə müsəlmanlara yox, hər hansı bir dini və milli azlığa, eləcə də dinc aksiyalara qarşı polis zorakılığı və hüquqa zidd əməllər qəti şəkildə rədd edilir.
Nə isə, bu yazıda İslam azadlığı ilə Azərbaycan azadlığını müqayisə etmək fikrimiz yoxdur. Azərbaycanda mövcud olan insan azadlığı və siyasi azadlıqların səviyyəsi hamıya bəllidir. Yenə Ramiz Rövşənin dililə desək, bura “milyonçular ölkəsi, dilənçilər vətəni”dir. Burada rəhmətlik Çingiz Aytmatovun “manqurt”larını xatırladan simalara tez-tez rast gəlmək olur təəssüf ki. Bura, yeraltı-yerüstü sərvətlərinin yalnız beş-altı nəfərə məxsus olduğu Azərbaycandır: 21-ci əsrdə yaşamasına rəğmən, quldarlıq dövrünün psixologiyasından qurtula bilməyən insanların, itirdiyi torpaqların möcüzə yolu ilə azad edilməsini gözləyən müsəlmanların vətəni!
Qeydlər:
1. Nəhl/36.
2. Naziat/24.
3. Əraf/157.
4. Küleyni, Məhəmməd ibn Yəqub. “Əl-Kafi”. Səkkiz cilddə, “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1984, c. 8, səh. 386.
5. Təbəri, Məhəmməd ibn Cərir. “Tarix ət-Təbəri”. Səkkiz cilddə, “Ələmi”, Beyrut, 1983, c. 3, səh. 32-33; İbn Əsir, İzzüddin. “Əl-Kamil fit-tarix”. On iki cilddə, “Daru sadir”, Beyrut, 1966, c. 2, səh. 462.
6. İbrahim/33; Nəhl/12; Həcc/65 və s.
7. Bax: Təbəri, c. 2, səh. 131, 189.
8. İbn Hişam, Əbdül-məlik. “Əs-Sirə ən-nəbəviyyə”. Dörd cilddə, “Dar əl-kutub əl-ilmiyyə”, Beyrut, 2003, c. 2, səh. 79.
9. Məclisi, Məhəmməd Baqir. “Bihar əl-ənvar”. Yüz on cilddə, “Daru ihya ət-turas əl-ərəbi”, Beyrut, 1983, c. 73, səh. 273.
10. Nəhcül-bəlağə, 31-ci məktub.
11. Küleyni, c. 8, səh. 69.
12. Nəhcül-bəlağə, 53-cü məktub.
13. Təbəri, c. 3, səh. 451.
14. Kufi, Məhəmməd ibn Süleyman. “Mənaqib əl-İmam Əmirəl-möminin”. İki cilddə. “Məcmə ihya əs-səqafə əl-islamiyyə”, Qum, 1412 h. q., c. 2, səh. 341; Təbəri, c. 4, səh. 53, 54.
15. Səqəfi, İbrahim ibn Məhəmməd. “Əl-Qarat”. İki cilddə, c. 1, səh. 335; İbn Əbil-hədid. “Şərh Nəhcül-bəlağə”. İyirmi cilddə. “Dar ihya əl-kutub əl-ərəbiyyə”, c. 3, səh. 129; Məclisi, c. 33, səh. 407.
16. Bəlazuri, Əhməd ibn Yəhya. “Ənsab əl-əşraf”. On üç cilddə. “Dar əl-fikr”, Beyrut, 1996, c. 2, səh. 274; İbn Səd, Məhəmməd. “Ət-Təbəqat əl-kübra”. Altı cilddə. “Dar əl-fikr”, Beyrut, 1994, c. 2, səh. 192.
17. Qürəşi Misri. “Fütuh Misr və əxbaruha”. “Dar əl-fikr”. Beyrut, 1996, səh. 290; İbn Əbil-hədid, c. 11, səh. 98; Müttəqi Hindi. “Kənz əl-ümmal”. On altı cilddə, “ər-Risalə”. Beyrut, 1989, c. 12, səh. 660-661.
18. Təbərani. “Əl-Möcəm əl-kəbir”. İyirmi cilddə. “Daru ihya ət-turas əl-ərəbi”, Beyrut, 1984, c. 3, səh. 115; Hərrani, İbn Şöbə. “Tühəf əl-üqul”. İslami, Qum, 1984, səh. 245; Təbəri, c. 4, səh. 305.
19. Hərrani, səh. 302-303.
20. Nisa/75.
21. Nisa/148.
22. Maidə/2.
23. İbn Əsəm Kufi, Əhməd. “Əl-Futuh”. Səkkiz cilddə, “Dar əl-əzva”, Beyrut, 1411 h.q., c. 5, səh. 81; Təbəri, c. 4, səh. 304; İbn Əsir, c. 4, səh. 48.
24. Yəqubi, Əhməd ibn Vazeh. “Tarix-Yəqubi”. İki cilddə, “Daru sadir”, Beyrut, c.2, səh. 171-172; İbn Əsəm Kufi, c. 2, səh. 373-376; Bəlazuri, c. 5, səh. 542-544.
MÜƏLLİFİN ƏVVƏLKİ YAZISI: