Rusiyalı jurnalistin Azərbaycanın hakim elitasını ifşa edən etirafları
Uzun müddət Rusiyanın NTV və «Pervıy» kanalları ilə əməkdaşlıq edən müstəqil telejurnalist Elxan Mirzəyev bu günlərdə Rusiya və Azərbaycan ictimaiyyətini sözün həqiqi mənasında şoka salan bir kitab yayınlayıb. «Ostankino yuxuları» («Mənim Ostankino yuxularım və ya subyektiv düşüncələr») adlı bu kitab internetdə dolaşır. Kitabda Rusiya və Azərbaycan elitası haqqında çox dəhşətli faktlar yer alır.
Kitabın məzmunu ilə bağlı geniş təqdimat vermədən orada Heydər Əliyev Fondu haqqında bəhs olunan bir olayı « Azadlıq »ın oxucularına təqdim edirik.
« …Sözlə ifadə edilən bu fikir Vadimin xətrinə dəydi və o, dərhal məndən qisas aldı. Nəyə görəsə, o mənim Vətənimlə bağlı bir tarixçəni xatırlatdı : 2006-cı ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın NTV kanalına sifariş etdiyi 45 saniyəlik bir turizm reklam çarxının çəkilişini. Əsasən o zamanlar « NTV Dizayn » kompaniyasının və telekanalın art direktoru Sergey Şanoviçlə, eləcə də o zamanlar hələ Xəbər Xidmətinin əməkdaşı olan Maksim Sokolovla bağlı olan tarixçəni.
Yayda onlar Azərbaycandakı çəkilişləri qurtarıb geri dönərkən, daha çox reklam çarxının hazırlanması işlərindən deyil, orada rəsmi Azərbaycan tərəfinin təşkil etdiyi əyləncələrdən, yeyib-içməkdən və başqa istirahət türlərindən söhbət edirdilər. Hərçənd, rolik çəkilişi haqqında danışılacaq elə bir söz də yox idi. Üstəlik, ondan da danışırdılar ki, dövlət ifarəsinin sifariş etdiyi bu rolikin çəkiliş xərclərini nəyə görəsə Heydər Əliyev Fondu ödəyib.
Sonralar mən bu reklam çarxını CNN-in efirində gördüm. Orada bir epizodda Azərbaycan prezidentinin qızı Leyla Əliyeva çəkilmişdi. Xırdaçılıq etməyəcəyəm. Rolik gözəl alınmışdı. Parlaq və dəbdəbəli idi, amma xüsusi bir şey yox idi. NTV əməkdaşlarına ödənilən bir neçə yüz min dollara dəyəsi heç nə yox idi. Üstəlik, bu çarxa görə daha çox pullar silinmişdi. Bu «məhsul» korrupsiya, neft dollarları, büdcə yeyintisi iyi verirdi, Azərbaycan hökumətinin öz xalqına həqarətini göstərirdi. Və əlbəttə, bütün bunlara dözən, bütün bunlara imkan verən xalqın kütlüyünü. Bu reklam çarxının maksimal qiyməti 5 min dollar ola bilərdi. Şəxsən mən, bu dəbdəbəyə görə öz puluma qıymazdım.
Sifarişçilərin, təşkilatçıların və icraçıların qafasında yalnız yeyib-içmək, bu cür tələbat və butiklərdən qoparılan dəstlər olanda belə mənasızlıq alınmalıdır, əlbəttə. Və şampan şərablarının partlayışları…
Amma məsələnin mahiyyəti bununla bitmirdi. Bizim NTV dən olan həmkarlarımız Bakıda çox müdhiş keflər çıxarmışdılar. Maksim Sokolov danışırdı ki, qəbul edən tərəf, konkret olaraq Heydər Əliyev Fondunun adamları dəridən-qabıqdan çıxmışdılar ki, hər şey «əziz qonaqlar»ın xoşuna gəlsin.
Heydər Əliyev Fondunun təşkil etdiyi xidmət haqqında Maksim, əlbəttə, hamıya danışmamışdı, amma NTV-də hamı bilirdi ki, uşaqlar Bakıda əla «işləyiblər».
Vadim Fefilov bu olaylar haqqında mənə danışanda biz Türkiyənin Alaniya ərazisindən Kiprə keçməyə hazırlaşırdıq. Limanda gəmi gözləyərkən gəzişirdik və Vadim etiraf edirdi ki, Azərbaycan məmurlarının bu hərəkətləri haqqında eşitmək onun özü üçün də pis olub: «Əgər bu, Rusiyada, Ukraynada,.. olsa, bəlkə də, qəbul etmək olardı… Amma Azərbaycanda… Elxan, hətta mən də özümü təhqir olunmuş saydım».
Vadim danışırdı, amma mən xəcalət çəkirdim. Yer yarılsa, yerə girərdim. Elə buradaca, bu limanda… ».
Telejurnalist Elxan Mirzəyevin bu kitabının tam variantını buradan http://ostankino2013.com/,
konkret olaraq Heydər Əliyev Fondunun sözü gedən reklam çəkilişləri ilə bağlı qeydlərini isə buradan
http://ostankino2013.com/kipr-komandirovka-v-raj.html oxuya bilərsiniz.
Elxan Mirzəyev Azərbaycan elitası ilə münasibətləri olan adamdır. O, müxtəlif zamanlarda hökumət yönlü medyada hətta ekspert səviyyəsində görünüb, təqdim edilib. (Məsələn, burada olduğu kimi
http://news.day.az/society/150049.html).
Yəni, Azərbaycanın inzibati çevrələri üçün təsadüfi adam deyil.
İnformasiya şöbəsi