Əliyevlər Qarabağ probleminin həllinə necə mane olur?

Hakimiyyətin dünya ilə düşmənçiliyi dövlətin haqlı mövqeyinə zərbə vurur

İsrail rəsmən Türkiyədən üzr istədi. “Mavi Mərmərə” olayından (Qəzzaya humanitar yardım aparan beynəlxalq  missiyalı Türkiyə gəmisinə Israilin basqın etməsindən)  sonra iki dövlət arasında diplomatik, iqtisadi və hərbi strateji əlaqələr dondurulmuşdu. Türkiyə uzun müddətdir ki, Israilin ondan üzr istəməsini tələb edirdi. Qarşı tərəf isə cidd-cəhdlə özünün haqlı olduğunu bəyan edirdi. Bugünlərdə isə gözlənilmədən Israilin baş naziri Netanyahu bəyanatla çıxış edərək, Türkiyədən üzr istədi.
Dünya mediasında bu hadisəni ABŞ prezidenti Barak Obamanın Israilə səfərilə əlaqələndirənlər də oldu. Iddialar əsasən ondan ibarətdir ki, Vaşinqton yeni dövr siyasətində  Türkiyənin rolunu əvəzsiz sayır və buna görə də Israili belə bir addım atmağa məcbur edib. Bir çox kriteriyaları fərqli olsa da, ilk assosiativ sual bundan ibarətdir ki, görəsən, ABŞ belə bir təzyiqi Azərbaycan üçün Ermənistana edərmi?
Əlbəttə, Türkiyə və Israil münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən xeyli fərqlidir. Amma məsələ burasındadır ki, Azərbaycan da dövlət olaraq, haqlı mövqeyə malikdir. Üstəlik, Israillə müqayisədə Ermənistan ABŞ üçün demək olar ki, az əhəmiyyətli bölgə sayıla bilər.
Azərbaycan kimin dostudur?
Son günlərdə, hətta Israil mətbuatı da Əliyevlər hakimiyyətinin korrupsioner mahiyyətindən yazdı. Bu, Azərbaycandakı hazırkı rejim üçün dünyada ən sonuncu əhəmiyyətli müttəfiqi olan Təl-Əvivdən zərbə idi. Bir çoxları hesab edirlər ki, qəzetlər hakimiyyətlərin mövqeyini ifadə etmir. Amma demokratik toplumlarda media ilə hakimiyyət ictimai mövqenin ifadəsində uzlaşır. Bu mənada Israil mediasının mövqeyi həm də Israil toplumunun, dolayısıyla, o toplumun seçdiyi hökumətin mövqeyi sayıla bilər. Rusiya və Türkiyə ilə vəziyyət aydındır. Qərblə isə sözsüz konfrantasiya şəraitində olan Azərbaycan hakimiyyəti demək olar ki, dostsuz durumdadır. Hətta dünya ilə əlaqələr o qədər anormaldır ki, Qarabağ məsələsində Iranla ABŞ-ın mövqeyi eynidir.
Azərbaycan hakimiyyəti strateji olaraq dünyanın həlledici qüvvələrilə, başda ABŞ olmaqla,  münasibətləri dövlət maraqlarına görə qurmur. Demokratik dünyanın qlobal və regional siyasətinə nəinki dəstək olmur, əksinə, mane olur. 2011-ci ilin yekununda rəsmi qəzetlərdə yazılmışdı ki,  Azərbaycan bilərəkdən NABUCCO-ya mane olur. Bu da aşkar göstərir ki, Əliyevlərin şəxsi maraqları dövlət  maraqlarının təmin olunmasına aşkar mane olur.