Dəyərli köşə yazarı Anar Mahmudoğlu Ukraynada olub, qayıdıb səfərdə gördüklərini, öyrəndiklərini yazıb. Əminəm ki, qardaşımız bu cür keyfiyyətli yazı yazmasının sevinci içindədi, ancaq xəbəri yoxdu ki, onun yazısını oxuyanlar hansı hisslər keçirirlər. Mən özüm bu yazıdan çox məyus olmuşam. Niyəsi yazıdan sitat gətirəcəyim bircə parçada var. Ancaq onu da deyim ki, söhbət hansısa gəlişmiş Avropa ölkəsindən yox, Azərbaycan kimi keçmiş sovet respublikasından gedir.
Anar ukraynalı jurnalistdən soruşur:
“Elə bir fəal adı çəkə bilərsinizmi ki, siyasi aktivliyinə görə qohumları işdən qovulub, doğmaları həbs edilib və ya iqtisadi-siyasi sanksiyalarla üzləşib?”. Bu sualından sonra yazır:
“Anlamadı. Bir neçə dəfə təkrarlayandan sonra təəccüblə üzümə baxdı: ”Qohumların, doğmaların bura nə dəxli var?”. Güldüm, acı təcrübəmizdən danışdım. Heyrətə gəldi: “Siz 37-ci ildəmi yaşayırsınız” sualını elə dəhşətlə verdi ki, mənim özümü heyrət bürüdü…”.
Anarı heyrət bürüyüb. Ama mən çox kədərlənmişəm. Bir ukryanalıya, hələ məlumatla işləyən jurnalist birinə söhbət heç cür çatmır: “Qohumların, doğmaların bura nə dəxli var?”. Öz ölkəndəki durumu başqa ölkələrə çıxanda, oradakı mövcud reallıqlarla tutuşduranda daha çox anlayırsan. Əlbəttə, bizimçün “qohum-doğma” məsələsi tam aydındı, hər birimiz bunu öz təcrübəmizdə görmüşük, yaşamışıq, acılarını çəkmişik. Ancaq bir yabançı bizim sualımızı anlamayanda, çaşıb qalanda və gözləri heyrətdən kəlləsinə çıxıb “Qohumların, doğmaların bura nə dəxli var?” soruşanda biz nə gündə olduğumuzu daha aydın təsəvvür etməyə və Anarın dediyi kimi heyrətlənməyə başlayır, barmağımızı dişləyirik: “Deməli, biz nəsə çox dəhşətli gerçəkliyin ağır şərtləri altında yaşayır və nəsə eləmək baxımından çox əlacsız durumda qalırıq”. Iki göz gərəkmiş ki, bizim halımıza ağlasın.
Ukraynalı jurnalist inanılmaz təəccüblə soruşur: “Siz 37-ci ildəmi yaşayırsınız?”. Bəlkə də həmin anda ona elə gəlib ki, Anar hansısa zaman maşınının yardımıyla Ukraynaya ötən əsrin 37-ci ilindən gəlib. Bunu 70 il bizimlə birgə bir ittifaqda olmuş keçmiş sovet respublikalarından birinin vətəndaşı deyir. Şəxsən mən həmin məqamda və ya indi o ukraynalı yoldaşla bir yerdə olmasam da, oturduğum yerdə qızarıb xəcalət çəkirəm. Gör, Ilham Əliyevin analoqsuz dediyi, kosmik sürətlə inkişaf elədiyini söylədiyi dövlət kənardan necə görünürmüş, o dövlətdə vəziyyət necəymiş! Az qala bir əsr geridə qalıbmış analoqsuz dövlət! Adam ölüb yerə girir…
Mən bu dövlətin adi, sıradan bir vətəndaşı bu heyrətamiz sualı eşidib utanıram. Təbii, bu geridəqalmışlığa görə mənim də suçum var, ancaq bu suça görə birbaşa məsuliyyət daşımıram və bu analoqsuzluğa görə qızarası adam da mən deyiləm. Ancaq yenə də, dövlətin tək və şəriksiz başçısı Əliyev deyil, mən qızarıram, xəcalət çəkirəm, az qalıram bu suçuma görə nə iləsə özümü təmizə çıxaram. Ama nə ilə?..
…Mənə bioloji tellərlə çox yaxın olan birisi var. Xaricdə yaşayır. Azərbaycandan acından ölmək ərəfəsində çıxıb, indi özünə gəlib, daha doğrusu, özünü tutub. Anarın sualındakı “qohum-doğma” məsələsinin acısını da şəxsən çəkib. Bu ölkənin nə gündə olduğunu deməkdən də yorulmur. Hətta ona burada təklif olunan yaxşı vəzifədən də imtina edib: “Mən belə yerdə işləyə bilmərəm!”. Ancaq ağzını açıb Əliyev və ya bu rejim haqda bir kəlmə desən, adamla qırğına çıxır. Başqa gözəl insani keyfiyyətləri olmasa, onu doğrar da, uf deməzsən. Belə gözəl insan ola-ola belə də cahil və qanmaz olan tiplər az deyil. Mənimsə başa düşmədiyim bir şey var. Hər şey faciə səviyyəsində pisdirsə, Əliyevi, onun israrla yaşatdığı rejimi necə müdafiə etmək olar və belə durumda günahkar kimdi? Heç kimin günahkar olmadığı yerdə bu qədər rəzalət necə ola bilər? Əslində cavab sadədi: Buralarda 37-ci ildi. Ancaq 37-ci ilin adamına stalinizmi anlada bilməzsən ki…

37-ci ilin adamı
•
•