“Heç kim bizə gümüş sinidə demokratiya verməyəcək!”

Azərbaycanın bugünkü siyasi ab-havası 80-ci illəri xatırladır. Demək olar ki, günün bütün yaddaqalan hadisələrini gənclər yaradır. Icazəsiz etiraz aksiyalarında həbs olunanlar da, şərlənərək cinayət işi açılanlar da, misli görünməmiş məbləğdə cərimə olunanlar da, döyülən və təqib olunanlar da əsasən gənclərdir. Şübhəsiz, bu acınacaqlı mənzərə ürək ağrıdır. Amma mən bugünkü qorxusuz və cəsur gəncliyin gözündə 80-ci illərin işığını görürəm. O illəri ona görə xatırlayıram ki, mən özüm də bir universitet tələbəsi olaraq, bu gənclik qədər qorxusuz, cəsur və enercili idim. Həmin mübariz gənclik Azərbaycana azadlıq gətirdi. Əminəm ki, indiki parlaq gənclik də qanun və demokratiya gətirəcək…
Bu yaxınlarda AXCP-nin gənc fəallarından olan Tural Həsənzadə məhbəsdən “Azadlıq”a məktub yollamışdı. Gənc fəal saxlandığı cəzaçəkmə müəssisəsində həyatının təhlükədə olduğunu yazırdı. Yazırdı ki, Vüqar Qarayev adlı məmur ona qarşı fiziki zorakılıq tətbiq edib, yerə yıxaraq sürüyüb və nalayiq sözlərlə təhqir edib. Tural bu Vüqar deyilən adamın cəzaçəkmə müəssisəsi xaricindən öyrədilmiş şəxs olduğunu, təcridxanada saxlanılan məhkumlara işgəncə verən idmançı kimi tanındığını qeyd edir:ÿ”…Bu hadisədən öncə mən bir neçə məhkumla 10 mart “Əsgər ölümlərinə son” aksiyası haqqında söhbət etdiyimi görmüş və məndən qisas almaq istəmişdir. Lakin mən bəyan edirəm ki, heç nə, heç kim məni əqidəmdən döndərməyə nail ola bilməz!”.

Bəli, məsələ birbaşa Turalın siyasi fəallığı ilə bağlıdır. O, AXCP Gənclər Komitəsinin üzvüdür. Tural bundan əvvəl cəza çəkdiyi müddətdə “Hipatit C” virusuna tutulub. Sonra o, qanunun tələblərinə uyğun şəkildə evə buraxılıb. Bundan əvvəl 12 yanvar “Əsgər ölümlərinə son” aksiyasında saxlanılıb, Nəsimi Rayon Məhkəməsi onu 600 manat cərimə edib. Lakin 10 mart aksiyasında daha ciddi cəza kəsilib. Onu yenidən 13 saylı məntəqə tipli cəzaçəkmə məntəqəsinə göndəriblər. Bununla da ürəkləri soyumayıb. Onu karserə salıblar, işgəncə veriblər. Turalın həbs müddəti avqust ayında başa çatır. Onun və onun simasında bütün həbs olunan gənclərin müdafiəsi üçün cəmiyyətin səfərbər olması lazımdır. Qanunsuz, ədalətsiz və qəddar adamların belə əqidəli gəncləri məhv etməsinə yol vermək olmaz. Bir gün bütün bunlar və Turalın o cəzaçəkmə müəssisəsində yoluxduğu xəstəlik üçün cavabdeh olanlardan da hesab sorulacaq əlbət… Tural tək deyil, bilirsiniz. Bu gün başqa siyasi partiya və qurumlardan da həbsdə olan çox sayda fəal gənclərimiz var. Tural da mübarizə ruhunu heç şübhəsiz, mənsub olduğu partiya sıralarından alıb. O sıralarda Tural kimi onlarla cəsarətli gənci örnək göstərmək olar. Bir faktı demək yetərlidir ki, ötən ilin 25 mayından bu yana AXCP sıralarından yüzlərlə gəncə müxtəlif təzyiqlər olub, onlarla gənc sutkalıq həbslər alıb, yüksək məbləğlərdə cərimə olunub. Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlıya həbs olunduğu Yasamal rayon Polis Idarəsində elektroşok verilib.

Gənc fəal Cabbar Savalanlı, Elnur Məcidli saxta ittihamlarla uzun müddət həbsdə yatıb. Renad Nəcəfovun çənəsi, Elşən Kərimovun qabırğası sındırılıb. Ismayıllı hadisələrinə görə saxlanılan Elşən Ismayıllı həbsdədir. Dünən isə Sumqayıtda gənc fəal Daşqın Məlikovu şərləyib tutublar. Guya o, saxta pul kəsirmiş. Əbülfəz Qurbanlı: “Mübarizə olduqca, həbslər də olacaq. Heç kim bizə gümüş sinidə demokratiya verməyəcək. Hər kəs bunu anlayır və qorxmur. Buna görə də, aksiyalar kütləviliklə baş tutur. Indi nə etməli? Yeni mərhələnin öz şərtləri var. Kütləviliyə arxayınlaşmadan güclənmək, partiya və təşkilat çevrələrindən kənarda qətiyyətli fəallığa və birliyə, hər kəsin təmsil olunduğu birliyə nail olmaq…”.

Bu yazını hazırladığım zaman son aksiyada həbs olunan gənclərin FB səhifələrinə göz gəzdirib qeydlərini yazdım. Seçdiyim qeydlər bu çevrədəki bütün gənclərin ruhunu ifadə etdiyinə görə, kimsə unudulduğunu düşünməz hər halda…

Renad Nəcəfov:
“…Məni həbs etdirdiyin, döydürdüyün yerdəyəm – sapasağlam və qürurla!!! Sənin qoçuların mənim sadəcə ”sümüyümü qıra bildi” ƏQIDƏMI QIRA BILMƏZSINIZ!!!

Türkel Azərtürk:
“Hakimiyyətin bu repressiyaları, cərimələri, həbslər bizi heç nədən çəkindirmir. Azərbaycan gəncliyi adından deyə bilərəm ki, qətiyyətliyik. Bu rejimi dəyişə biləcəyik. Demokratiyanı Azərbaycana bu gənclik gətirəcək. Həbsxanada olduğumuz müddətdə qəzetdə oxuduq ki, Rəşad Həsənovu həbs ediblər. Aksiyada Renad Nəcəfovu, Elşən Kərimovu çox pis döyüblər. Bunlar bizi çəkindirmir. Rejim özü elə bir şərait yaradır, məcbur edir ki, ölkədə köklü dəyişikliklər baş versin!..”.

Elvin Baycan:
“Deyirlər mitinqlərə niyə çıxırsan? Mən də deyirəm belə hadisələrə necə göz yummaq olar? Öz adımdan deyirəm, belə videolara baxanda heç cür qəzəbimi boğa bilmirəm. Mübarizəmiz davam edir, mübarizənin sonu olmur, qələbəsi olur. Bizlər bu qələbəni birlikdə zəfər edəcəyik. Bir balaca möhkəm və özümüzə bir balaca əziyyət verməliyik”.

Əslində, adını xüsusi qeyd etmək istədiyim gənclərimizin siyahısı xeyli uzundur. Onların hamısı eyni dərəcədə fədakardır. Komitənin rəhbərliyindəki Nihad Hüseyn, Bəyim Həsənli, Dadaş Sadıqlı, Ilham Hüseyn, Sərraf Əliyev, Toğrul Ibrahim, Orxan Rza, Tural Ağayev də, “müsəlləh əsgərləri”  Tacəddin, Ehtiram, Ramin, Çilənay, Dəyanət, Türkel, Kamran, Rəvan, Ziya, Əşrəf, Ilahə, Xanım, Sabir,  Ilkin, Təbriz, Sərvər və başqaları da…

Bəli, onlar bizim gənclərdir. Həm intellekt sahəsində, həm də meydanda öncül olan gənclərimiz. Azərbaycana əsl baharı onlar gətirəcək. Bu bahar çiçəkli, sakit, rəngli və əbədi bir bahar olacaq!