Gözlənilən üzr üzərində gəzişmələr

Türkiyənin dəstəklənməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır

“Ankara Strateji Institutu” Türkiyə ətrafında baş verən son prosesləri analiz edən məqalə ilə çıxış edib. Məqalənin müəllifi doktor Haluk Özdemirdir. Məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq:

– İsrail komandosunun 2010-cu ilin mayında “Mavi Mərmərə”yə basqını nəticəsində 9 nəfərin ölümündən sonra Türkiyə ilə Israil arasında münasibətlər donma nöqtəsinə çatdı. O tarixdən bu günə qədər Türkiyə tərəfi, Israilin üzr istəməsini və təzminat ödəməsini tələb edirdi. Gözlənilən üzr 3 il sonra martın 22-si 2013-cü ildə gəldi. Bu üzrün bölgədəki qüvvələr nisbəti və Yaxın Şərqin yenidən formalaşması baxımından önəmi çox böyükdür. Əvvəla, Israilin türk xalqından üzr istəməsi, psixoloji baxımdan Türkiyənin bölgədəki nüfuzunu artıran amildir. Amma baş verən hadisəni yalnız Türkiyənin tarixi diplomatik uğuru kimi qiymətləndirmək, digər mühüm faktoru – regionda güc balansının dəyişməsinin görsənişini kölgədə qoya bilər.  Türkiyə üçün diplomatik baxımdan böyük uğur olan Israilin üzri regionda baş verən digər prosesləri də görməmizə imkan verir.
Israil beynəlxalq normalara zidd davranmasına baxmayaraq üzr istəməyən və geri addım atmayan bir dövlət kimi tanınır. Yaxşı, illər sürən inadkarlıqdan sonra Israil Türkiyədən nəyə görə və niyə məhz indi üzr istədi? Israilin bu addımı regiondakı qüvvələr balansı baxımından çoxmənalıdır. Əvvəlla, biz onu qeyd etməliyik ki, üzr nadir hallarda rast gəlinən diplomatik vasitə ilə istənilir. Ərdoğan, Obama və Netanyahu arasındakı telefon danışığından sonra Israil səhvini qəbul edərək, üzr istəmişdir. Iki ölkə arasındakı münasibətlərə üçüncü tərəfin, özü də telefonla müdaxilə etməsi, diplomatik normalar baxımından maraqlı görünür. Ona görə baş verəni Türkiyə, Israil və ABŞ rakursundan çoxtərəfli qiymətləndirmək gərəkdir.

ABŞ-ın Yaxın Şərq problemlərinə yeni baxışı

ABŞ-ın hazırda əsas diqqətinin Asiya-Sakit Okean bölgəsinə yönəldiyi bir zamanda Yaxın Şərqdə yaranan boşluğu doldura biləcək namizədlər sırasında əsasən Rusiya, Iran və Türkiyə ön plana çıxır. Rusiya və Iran regionda bir-birinə yardım edirlər. Bölgəyə kənar bir güc olaraq ABŞ indiyə qədər ya əsgəri müdaxilə, ya da müttəfiqləri vasitəsilə təsir edib. ABŞ keçmişdə buraxdığı səhvlər ucbatından bölgədə əsgəri qüvvəyə müraciət etmir. Xüsusilə Əfqanıstan və Iraqdakı hərbi əməliyyatlardan sonra ABŞ əsgəri gücdən uzaq durmağa çalışır. Obamanın bu məsələdəki yanaşmasının nə cür olduğu Liviya hadisələrində özünü göstərdi. Əsgəri gücə müraciət olunmamağa üstünlük verilməsi Suriyada baş verənlərlə bağlı özünü açıq formada göstərir.
Amerikanın yanaşmasındakı bu dəyişiklik, Israil ilə birbaşa  əlaqəlidir. Belə ki, Amerikanın əsgəri gücü Israilin bölgədə güvəndiyi əsas amillərdən biridir. Proseslər tərs gedən kimi ABŞ hadisələrə Israil adından müdaxilə edərək protektaratlığını nümayiş etdirirdi. Məsələn, 2003-cü il Iraq hadisələri. Iraqa müdaxilə ABŞ-ın mənafelərinə tam uyğun olmasa da, Israilin təhlükəsizliyi üçün atılmışdı.
Böyük ehtimalla Obamanın Israilə səfəri zamanı müzakirəyə çıxarılan məsələlər sırasında Suriyadakı son vəziyyət və Iranın nüvə proqramı da var idi. Israil uzun müddətdir ki, Irana müdaxilə edərək onun hərbi obyektlərini sıradan çıxarmaq istəyir. Amma ABŞ bölgədə hələ ki, gücə müraciət etməyəcəyini Israilin diqqətinə açıq formada çatdırıb. Ən azı Obamanın hakimiyyəti dövründə Amerika Yaxın Şərqdə əsgəri gücdən istifadə etmək niyyətində deyil. Bu vəziyyət isə Israili narahat edir.
Beləliklə, ABŞ güclü yəhudi lobbisinin fəaliyyətinə rəğmən Israil ilə məsafə saxlamağa üstünlük verir. Bunun nəticəsi olaraq bir müddət əvvəl Obama ilə Netanyahu arasındakı gərginlik mediaya yol tapmışdı. Nəticədə ABŞ prezidenti Obama münasibətləri yumuşaltmaq üçün Israilə rəsmi səfər etmək məcburiyyətində qalmışdı.
Amma bu ziyarət yəhudi lobbisinin təsiri ilə reallaşsa da, görüşün gündəmini və şərtlərini məhz ABŞ müəyyənləşdirmişdi. Obama Israilin məskunlaşdırma siyasətini kəskin tənqid edərək, müstəqil Fələstin dövlətinin yaradılmasının regionda sülhün əldə olunması üçün vacib şərt adlandırmışdı.  
Əsgəri gücə müraciət etmək ehtimalının azalması ABŞ-ın bölgədəki müttəfiqlərinə, xüsusilə Türkiyəyə verdiyi önəmi artırmaqdadır. Yeni dönəmdə regional güc ola biləcək dövlətlər arasında (Rusiya, Iran və Türkiyə) ABŞ-ın seçimi Soyuq Müharibə dövründən müttəfiqi, NATO üzvü olan Türkiyədir. Çünki digər önəmli müttəfiqi Israilin nəinki bölgədə Amerika maraqlarını müdafiə etmək potensialı mövcuddur, əksinə, Israil ABŞ-ın mənafeyinə zidd vəziyyət yarada bilər. Bu baxımdan Türkiyənin regionda dəstəklənməsi strateji əhəmiyyət daşıyır. Beləliklə, ABŞ-ın bölgədə istinad nöqtəsi və dəstəkləyə biləcəyi yeganə ölkə Türkiyədir.
ABŞ bölgədə qarşıdurmanı önləmək üçün iki müttəfiqi olan Israil ilə Türkiyəni barışdırmaq məcburiyyətində idi. Bu barışma Türkiyənin artan nüfuzundan irəli gələrək, lazım gələrsə Israilin geri addım atması hesabına belə reallaşdırılacaqdı. Məhz bu səbəbdən Obama Türkiyə ilə münasibətlərin normalaşdırılması istiqamətində Israili razı sala bilmişdi. Nəticə etibarı ilə Israilin üzr istəməsini gərəkli edən məqamlar – ABŞ-ın bölgəyə dair dəyişən yanaşması, regiondakı yeni güc balansı və Israilin geosiyasi ətrafının yenilənməsi oldu.

İsrailin dəyişən geosiyasi ətrafı və izolasiya

İsrail ətrafında baş verən proseslərdə ilk diqqəti cəlb edən “ərəb baharı” adlandırılan mühüm siyasi dəyişikliklərdir. “Ərəb baharı”nı yaşayan ölkələrin hamısında Israilin istəmədiyi və onu narahat edən proseslər baş verib. Israilin altındakı siyasi zəminin tədricən çökməsinin fonunda baş verən transformasiyanı bu dövlətin izolyasiyası kimi xarakterizə etmək olar. Misirdə və Iraqda islamçıların iqtidara gəlməsi, Suriyada Əsəd rejiminin devrilmək üzrə olması və yerinə gələcək gücün də Israil ilə böyük ehtimal ilə dost münasibətlərdə olmayacağı diqqət yetirilməli məqamlardır. Iranın da Israilə münasibətini nəzərə alaraq əminliklə qeyd etmək olar ki, Israilin dost qəbul edə biləcəyi ölkə yalnız Türkiyədir. Israil indiyə qədər bölgədə arxalana biləcəyi güc olaraq ABŞ-a güvənirdi. Elə məhz ABŞ-ın dəstəyi nəticəsində Israil indiyə qədər regionda öz “inandçı” siyasətini yürüdə bilmişdi. Amma Obamanın son səfəri nə olursa-olsun ABŞ-ın Israilin yanında olacağı və ona dəstək verəcəyi fikrini dəyişdi. Obamanın Israilin Qəzza bölgəsindəki məskunlaşdırma siyasətini tənqid etməsi, Fələstinin müstəqilliyinin vacibliyini xüsusi vurğulaması Təl-Əvivi vəziyyəti yenidən nəzərdən keçirməyə vadar edib.
Israilin artıq yalnız ABŞ-ın əsgəri gücünə arxalanaraq siyasət yürütməsi dövrü sona çatmaqdadır. Amerikanın bölgəyə marağının azalması və ABŞ-ın regiondakı nüfuzunun ziyan görməsi Israilin ətrafındakı yeni şərtlərə adaptasiya etməyə vadar edir. Bu baxımdan Israil üçün ən önəmli və əvəsiz ölkə Türkiyədir. Bütün bu şərtlər Israili Türkiyə ilə yaxınlaşmalı olduğuna inanmağa məcbur edib. Böyük ehtimal ilə ABŞ-ın Israilə verdiyi ən önəmli mesaj məsuliyyətsiz addımlarına son qoyaraq bölgədəki müttəfiqləri ilə münasibətləri düzəltməli olduğundan ibarətdir. Əks təqdirdə ABŞ-ın Israili hər addımda dəstəkləyəcəyi mümkünsüzdür.

Regional güc Türkiyə

Türkiyənin bölgədəki nüfuzu hər ötən gün artmaqdadır. Bu istiqamətdə Türkiyənin önündəki ən böyük əngəl PKK və kürd problemidir. Hər iki problem Türkiyənin “yumşaq qarınaltısıdır”. PKK-nı zərərsizləşdirmiş və kürd problemini çözmüş Türkiyənin bölgədəki gücü durmadan artacaqdır. Bu baxımdan Israilin üzr istəməsi ilə PKK-nın silahı yerə qoyması haqda bəyanatının eyni tarixə təsadüf etməsi maraqlıdır. Getdikcə izolyasiya olunan Israilin güclənməkdə olan Türkiyəni müttəfiq kimi itirmək niyyəti yoxdur. Çünki, bu itki Israilin maraqları baxımdan ciddi fəsadlar yarada bilər.
Bəziləri, Israilin üzr istəməsini Türkiyənin tarixi uğuru kimi qiymətləndirsə də, digərlərinin fikrinə görə, bu hadisə Suriya və Irana müdaxilənin yaxınlaşdığı anlamına gəlir. Mənim fikrimcə, bu nə Türkiyənin uğuru, nə də hərbi müdaxilənin xəbəridir. Türkiyənin qətiyyətli mövqeyi və ABŞ-ın təzyiqi olmadan Israilin üzr istəməsindən söhbət belə gedə bilməzdi. Məsələn, Davudoğlu o məqama diqqət çəkdi ki, onlar son bir həftədir ki, Israil hökuməti ilə deyil, Vaşinqtonla və dövlət katibi Con Kerri ilə sıx təmasda idilər. Baş verənləri Yaxın Şərqə yeni müdaxilənin xəbərçisi kimi dəyərləndirmək də düzgün deyildir. Əksinə, Israil öz üzrünün məhz belə bir müdaxilənin olmaması üçün edildiyinə vurğunu qoyur. Özəlliklə Iran məsələsində ABŞ-ı hərbi müdaxiləyə razı sala bilməyəcəyinə əmin olan Israil izolyasiyanın nəticəsində yaranan regional münasibətləri normalaşdırmağa çalışır.
Bütün bu hadisələri doğru qiymətləndirmək gərəkdir. Bölgədə nüfuzunu artırmaqda olan Türkiyə ABŞ-ın da dəstəyini alaraq regionda yaranan yeni düzəndə əsas yerini almaq niyyətindədir. Suriya məsləsində müşahidə olunan riskli siyasətin də kökündə Türkiyənin regionda yaranan yeni qüvvələr balansında yerini tutmaq məqsədi dayanır. ABŞ-la deyil, Rusiya ilə münasibətlər quraraq Türkiyənin regionda nüfuzunu artıra biləcəyini düşünənlər, Kremlin bölgədə dəstəklədiyi ölkənin Iran olduğunu görmür.
Bölgəyə dair yanlış dəyərləndirmələr Türkiyənin potensialına zərər vurur. Kosmopolit düşüncələr Türkiyənin potensialının reallaşdırmasının bir çox hallarda qarşısını alır.
Regional güc olmaq istəyən ölkələr kimin təklif etməsindən asılı olmayaraq, qarşılarına çıxan bütün üstünlüklərdən istifadə etmək istəyər. Bu bir siyasi reallıqdır. “Qəsdlər nəzəriyyəsi” və antiAmerikan ovqatı ictimai fikirdə müəyyən uğur qazana bilər, amma reallıqdan çıxış edərək milli maraqlara uyğun siyasət yürüdülməlidir.
Israilin üzr istəməsi regiondakı psixoloji balansı Türkiyənin xeyrinə dəyişdi. Türkiyənin həm ərəb dünyasında, həm də Israilin gözündəki nüfuzu artmaqdadır. Baş verən dəyişiklik həm də Fələstin probleminin həllinə müsbət təsir edə, onu asanlaşdıra bilər. Digər tərəfdən, Israil ilə münasibətlərin normallaşması Türkiyənin maraqlarına uyğundur. Çünki Türkiyə xüsusilə əsgəri-texnoloji sahədə Israilin yardımına ehtiyac duyur.