Köşə yazılarımın birində müalicə almağa getdiyim “N” adlı cənnət ölkə haqqında təəssüratlarımı yazmışdım. Həmin ölkədə təsadüfən çox gözəl bir insanla da tanış olmuşdum. Mən onu ilk dəfə görəndə elə bilmişdim hardasa 50-55 yaşı var. Adam çaşqınlıqla o tərəf bu tərəfə baxdığımı görüb gülə-gülə mənə yaxınlaşıb bütün dillərdə az da olsa danışdığını, amma 4-5 dili daha mükəmməl bildiyini deyəndə sevinmişdim. Çünki sevdiyi dillərdən biri də türk dili idi.
Mənim təəccüblə ona baxdığımı görüb gülümsədi və dedi ki, hələ səni çox heyrətləndirəcəyəm. Ilk heyrətim onun yaşını biləndə oldu: mənim 50-55 yaş verdiyim adamın 71 yaşı var imiş. Eyni məhəllədə qaldığımız üçün hər gün onu görürdüm: adam səhər saat 5-də oyanıb harasa gedirdi, bir də 3 saatdan sonra qayıdırdı. Qaldığımız yer dənizə yaxın olduğuna görə mən çox vaxt səhərə kimi yatmayıb Günəşin doğuşuna baxmaq üçün gözləyirdim. O, bir səhər qapını döyüb, “Günəşi daha yaxından görmək istəyirsənsə mənimlə gedək” dedi. Yol boyu etdiyi söhbətlər ancaq ölkəsinin tarixi yerləri haqqında oldu. Onun hər səhər 3 saat yoxa çıxması da, yaxınlıqda olan tarixi yerlərdə gəzib dolanması ilə bağlı imiş. Fəxrlə “o yerlər bizim qürur tariximizdir, nə qədər orda gəzsəm də, getsəm də, doymuram” deyəndə gözləri yaşardı. Orda olduğumuz müddət ərzində o bizi bütün tarixi yerlərlə tanış etdi. Bizim üzümüzdə təbəssüm, heyrət görəndə onun üzündəki qürur daha da çoxalırdı. Onunla Günəşi qarşılamağa gedəndə mənə elə gəldi ki, o ölkənin Günəşi də başqadır, o yalnız onların Günəşidir.
Bir dəfə o bizi evinə dəvət etdi. Tək-tənha yaşayan bir qocanın evindəki səliqə-səhmanı mən bir il gecə-gündüz yır-yığış etsəydim də, bacarmazdım. Yuyub ütülədiyi paltarların təmizliyi, səliqəsi məni heyran etdi. Hələ 71 yaşlı kişinin nəvə-nəticəsi yerində olan övladlarıma və mənə mətbəxdən balaca uşaq kimi müxtəlif yeməklər, şirələr, meyvələr daşıması, gülə-gülə qulluğmuzda dayanması artıq məndə təəccüb, heyrət yox, şübhə oyatmağa başladı. Fikirləşdim ki, olsun adam yabançı olduğumuzdan istifadə edib, bizə ömrümüzdə görmədiyimiz belə mehribanlıq göstərməklə Allah bilir başında hansı qara planlar qurur. Evinin bütün otaqlarında divarlardan asdığı ancaq uşaq şəkilləri idi. Maraqla baxdığımızı görüb “nəvə-nəticələrimdi” dedi. Qızım hardansa hərbi geyimdə olan bir cavan oğlanın ağ-qara, köhnə şəklini tapdı: məlum oldu ki, müharibə filmlərindəki müsbət qəhrəmanlara bənzəyən şəkildəki ucaboylu, gözəl-göyçək oğlan, bayaqdan mətbəxlə qonaq otağı arasında bizə görə “savaşan” qoca kişi imiş. O şəkli bizdən alıb “vaxtınızı boş şeylərə baxmağa sərf etməyin” deyib, onu kənara tulladı.
Sonra bizə vaxtilə kəşfiyyatçı olması, həbslərdə ona edilən işgəncələr, əsir düşməsi haqqında danışdı, əlindəki güllə izlərini göstərdi. Ən sonda “indi təqaüddə olsam da, yenə dövlətimin təhlükəsizliyinə yardım etmək üçün iş yerimlə əməkdaşlığı davam edirəm” deyəndə çox qorxdum. Elə bildim adamyeyənin evinə qonaq getmişik və o bizi bir azdan şişə çəkəcək. Tez-tələsik ayağa qalxdığımızı görüb təəssüfləndi, mən ayaqqabılarıma əlimi uzadanda o dizləri üstə oturub dedi ki, icazə ver sənə yardım edim. Heç bilmədim ayaqqabılarımı necə yerdən götürüb “yoooxxx…” qışqırdım və ayaqyalın evə qaçdım. Bilmirəm, nədənsə o anlarda mənə elə gəldi ki, əcnəbi kəşfiyyatçı ayaqqabılarıma ya kamera, narkotik qoymaq, ya da partlayıcı yerləşdirmək istəyir. Axı harda görünüb ki, kəşfiyyatçı qadına ayaqqabı geyinməkdə yardım etmək üçün qarşısında diz çöksün? Bizdə nəinki qocaman kəşfiyyatçılar, hətta DIN-nin yumurtasından təzə çıxan polislər şeytana papucunu tərs geyindirir, ağ saçlı kişini qarşısında diz çökdürür, qadınların, uşaqların saçından yapışıb arxasıyca sürüyüb ayağından ayaqqabılarını çıxardır…
Yaşadığım qorxulu ölkənin tərbiyəsindən boş yerə gül kimi fürsəti də qaçırdım, ömrümdə ilk dəfə bir erkək ayaqqabılarımı geyindirəcəkdi, ona da imkan vermədim. O gözəl insanla daha yaxından tanış olduqca əmin oldum ki, kəşfiyyatçılar bizdəki kimi “şipion, agent, işverən, evyıxan” deyillər. Bəlkə də dünyanın ən gözəl insanları kəşfiyyatçılar olur, bizim isə xəbərimiz yoxdur. Orda olanda qərara almışdıq ki, kəşfiyyatçı dostumun keçdiyi həyat yolu haqqında bir kitab hazırlayaq. Adam əsl canlı kitab idi. Hətta qərara aldıq ki, xatirələr əsərinin adını “Canlı Kitab” qoyaq.
Indi əziz dostum şələ-küləsini yığıb Azərbaycana gəlir. Cənab kəşfiyyatçılar, bəlkə deyəsiniz, cənnət, azad ölkədən gələn həmkarınızı hasarlanmış, zindan məmləkətdə gəzməyə hara apara bilərəm, onunla nə haqqında söhbət etməyə icazəm var? Əmin ola bilərəmmi qonağımı qara eynəkli, qorxulu məxluqlar izləməyəcək? Axı burda Günəşi görməyə gedəndə də adamın arxasıyca topa-topa “qara buludlar” gəlir…
P.S. Deyirəm, bəlkə dostumu Qəbələyə aparım? Eh, orda da Nazlı Ağayeva gəlib yapışacaq qonağın yaxasından və deyəcək ki, ay səfeh qoca, gəzmək üçün başına ölkə qəhət idi?!..

Qarşımda diz çökən peşəkar kəşfiyyatçı
•