Əliyevçi rejimin başında duranlar bütünlüklə Sovet “şinelindən” çıxmış, Sovetin nədən yıxıldığını gözəl bilən kimsələrdir. Onlar Sovetin, eləcə də çağdaş dünyadakı bir çox oxşar rejimlərin nədən yıxıldığını bilə-bilə “gözü çıxan qardaşın” getdiyi yolu getdilər, gedirlər. Ən azı, son illər Ərəb ölkələrində baş verənlər onlara dərs olmalı idi, olmadı. Onları dönə-dönə, ən azı, Ərəb ölkələrində baş verənlərdən dərs almağa, tezliklə ölkədə demokratik reformalara, özü də köklü reformalara başlamağa çağırdıq. Saymadılar, baxmadılar. “Pulumuz çox, gücümüz artıqdı”, – düşündülər. O biri yandan da xalqı, demokratik dünyanı aldatmağı bir az da artırdılar. Yalanlara daha da artıq qaz verdilər. Başqa bir yandan rejimə daha artıq kriminal xarakter verərək rüşvət, korruposiya, oğurluq, soyğunçuluq, monopoliya siyasətini körüklədilər.
Illərlə “radikal” müxalifəti əzib, islamçılara geniş meydan verdilər. (Deyiblər, axı, bir yandan bağlayan bir yandan açar). “Radikal” damğası vurduqları müxalifəti əzə-əzə satılmışlardan “konstruktiv”-əlaltı müxalifət düzəltdilər: bir yandan xalqı, o biri yandan demokratik dünyanı aldatmaq üçün. Siyasi müxalifəti yetərincə əzəndən sonra repressiya maşınının üzünü islamçı-irançılara çevirdilər. Qabaqca “radikal” müxalifətlə qorxudub aldatdıqları demokratik dünyanı sonra “islam terrorizmi” ilə qorxutmağa başladılar. Beləcə, özləri üçün 20 illik sabitlik dönəmi qazandılar. Bu dönəm içində ölkədən 100 milyardadək pul çıxardılar. 20 ildə keçirdikləri hər seçki ilə xalqa, dünyaya kələk gəldilər. Beləcə, ölkə içində də, ölkə dışında da özlərinə inam limitini tükətdilər…
Illərlə xalqa yalan satdılar, “uğurlu neft-qaz strategiyası” ilə aldatdılar, quru yerdə qoydular. Illərlə Türkiyəyə “bir millət – iki devlət” ritorikası ilə kələk gəldilər. Illərlə bu yanda Iranı, o yanda Rusiyanı aldatdılar. Illərlə Avropanı, Amerikanı “demokratiyaya keçid” söyləmələri ilə aldatdılar. Indi nə baş verir? Yerdən göyədək limit tükənib, üz tutmağa yer qalmayıb. Ancaq… üz tutmağa yer qalmasa da, yer tutmağa ÜZ qalıb! Bunu Səməd Seyidovun başçılığında ABŞ-a üz tuturkən göstərdilər. S.Seyidov indiyədək nəsə olmamış kimi ABŞ-da dedi: ABŞ-la birgəlik istəyimizə görə Iranla Rusiya bizi sendviç, yox, siçan kimi əzir. Üzə baxın: bir yandan ABŞ-ın illərlə etdiyi demokratikləşmə çağırışlarını saya salmır, qəzetlərində, televiziyalarında ABŞ hökumətini, onun prezidentini, prezidentin ailəsini quru yuyub yaş sərir, o biri yandan birgəlik istəklərindən dəm vururlar. Başqa bir yandan, illərlə “strateji ortağımız” dedikləri qonşularını açıqca satırlar! Deyəsən, əliyevçi rejim üçün yaranışından norma sayılan bu satqınlığın içində başqa satqınlıq da var: xalqı satmaq!
Hansı xalqı? 20 illik rejim satqınlığından, rejim dönüklüyündən, ƏZICI rejim dözülməzliyindən baş qaldıran, ayaqlanan xalqı! S.Seyidov ABŞ-da üstüörtülü olaraq quzey-güney qonşularının onları… əzdiyini deyir. 20 ildə bu iki qonşudan qorxmayan rejimin indiki qorxusu gerçəkdə qonşulardan deyil, xalqdandır. Rejimin “radikal müxalifət”, “islam fundamentalizmi”, “islam terrorizmi” qorxuluqları indi gərəksiz olub. Ortaya rejim üçün XALQ adlı daha qorxulu, yenilməz bir güc çıxıb. Xalq gücünü, yenilməzliyini hardan alır? Bax, bu yerdə ABŞ-ı inandırıb özünə arxa etməyin ən yaxşı yolu Iranla Rusiyanın adını çəkməkdir. Keçən ilin yayında xalqı, müxalifəti qorxutmaq üçün “hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”, deyən PA sözçüsü Ə.Həsənov görün indi nə deyir: “2013-cü ildə inqilabdan uzaq olmağı arzulayıram”. Ölkədə baş verən son olaylar bunların canlarına gizlədə bilmədikləri titrətməli INQILAB qorxusu salıb. Aydındır: itirəcəkləri milyonlar, milyardlar var!

Əliyevçi əzici rejim əzilmək qorxusu qarşısında
•