Berezovskini asıblar?

Rusiyalı oliqarxın ölümü ilə bağlı təhqiqatın ilkin nəticələri açıqlandı

Britaniya polisi rusiyalı oliqarx Boris Berezovskinin ölümü ilə bağlı apardığı təhqiqatın ilkin nəticələrini açıqlayıb.
Polisdən bildiriblər ki, B.Berezovskinin ölümünə onun özü və meyiti aşkarlayan şəxsdən başqa hansısa kənar qüvvənin səbəb ola biləcəyinə dair heç bir dəlil aşkarlanmayıb. Berezovskinin yanında çalışan (böyük ehtimalla onun cangüdəni olan) və meyiti aşkarlayan şəxs ifadəsində deyib ki, sonuncu dəfə iş adamını martın 22-də yerli vaxtla saat 22.30-da görüb. Martın 23-də o, Berezovskini uzun müddət evdə görmədiyini, bundan şübhələnərək vanna otağının qapısını sındırdığını və meyiti aşkarladığını, dərhal təcili yardım çağırdığını söyləyib. Hadisə yerinə gələn həkim ölüm faktını qeydə alıb. Polis hazırda mərhumun son günlərinin mənzərəsini canlandırmağa çalışır və Berezovskinin doğmaları, yaxınları ilə söhbət aparır.
Britaniya polisi ekspertlərin onun evində kimyəvi, bioloji və nüvə mənşəli zəhərləyici maddələrin izini axtardıqlarını, lakin heç nə aşkar etmədiklərini də bildirib. Kriminalist ekspertlər onun hansı şəraitdə ölməsi ilə bağlı araşdırmaları davam etdirirlər.
Rusiya KIV-ləri dünən Berezovskinin ölümü ilə bağlı maraqlı məlumat yayıblar. Xəbərə görə, Berezovskinin meyitinin yanında şərf tapılıb. Bu da rusiyalı oliqarxın şərflə boğulduğu ehtimalını yaradır. Bu barədə Britaniyanın “Quardian” nəşri də Aeroflotun baş direktor köməkçisi Nikolya Qluşkova istinadən məlumat yayıb. Qluşkovun sözlərinə görə, hadisə yerində Berezovskinin keçmiş həyat yoldaşı Qalina da dindirilib. Cəsədin tapıldığı evin ona məxsus olduğu bildirilir. Elə şərf haqqında da o danışıb. Qluşov deyib ki, o, biznesmenin özünü öldürdüyünə inanmır və onun boğularaq öldürüldüyünü güman edir. Rusiya mətbuatının yaydığı son məlumata görə isə, Britaniya polisi Berezovskinin asılaraq öldürüldüyü haqda ekspertlərin rəyini açıqlayıb.
Qeyd edək ki, 67-yaşlı oliqarxın meyiti ötən şənbə Londonun kənarında yerləşən Askot rayonunda yaşadığı evin vanna otağında aşkar olunub. Bəzi mənbələrə görə, Berezovski son dövrlərdə maliyyə çətinliklərilə üzləşdikdən depressiya vəziyyətində olub. Berezovski 2000-ci ildən Britaniyada yaşayıb, 2003 ildə ona siyasi sığınacaq verilib. Platon Yelenin adı ilə Britaniya vətəndaşlığını qəbul edib. Rusiyada Berezovski cinayət yolu ilə iri məbləğdə maliyyə vəsaitinin əldə edilməsində və fırıldaqçılıqda ittiham edilərək 13 illik həbs cəzasına məhkum olunmuşdu. Rusiya dəfələrlə Britaniyadan onun ekstradisiya olunmasını tələb edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölümündən qabaq Boris Berezovski prezident Putinə məktub yazaraq bağışlanmasını və Rusiyaya dönmək üçün icazə istəyib.
Ölümündən bir neçə gün əvvəl isə “Forbes” nəşrinə son müsahibəsində Berezovski həyatın onun üçün mənasını itirdiyini etiraf edib. O, bəzi məsələlərə görə peşmançılıq keçirdiyini də bildirib.