Xeyriyyə Marafonu davam edəcək

Demokratiyaya Yardım Fonduna 10000 manat ianə toplandı

Müsavat Partiyasının qərargahında ötən həftə Demokratiyaya Yardım Fondu Ictimai Birliyinin təşkilatçılığı ilə “10 qəpik” kampaniyası keçirilib. Üç saat davam edən bu prosesdə 5 min manata yaxın pul toplanıb.
Təşkilatçıların verdiyi məlumata görə, ölkə boyunca başlayan bu kampaniya son aksiyalar zamanı həbs olunaraq, məhkəmələrin fantastik məbləğdə cərimələdiyi fəalların cərimələrinin ödənməsinə sərf ediləcək. Müsavat Partiyasının konfrans zalında başlayan kampaniyaya müxalifətçilərlə yanaşı, bəzi QHT rəhbərləri, hüquq müdafiəçiləri, jurnalistlər, siyasi partiyaların rayon təşkilatlarının sədrləri dəstək veriblər.
Yardım aksiyasında həmçinin AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXP sədri Pənah Hüseyn və keçmiş daxili işlər naziri Isgəndər Həmidov  da iştirak edib.
Bəs kampaniyanın sonrakı mərhələsi necə davam edəcək?
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Xeyriyyə morafonu ilə bağlı qərarı Ictimai Palatanın Koordinasiya Şurası vermişdi. “Bu kampaniya daxilində ilk xeyriyyə aksiyası baş tutdu. Kifayət qədər insan bu tədbirdə iştirak etdi. Aksiyada cərimə olunanlara, həbs olunmuş insanların ailəsinə yardım baxımından bu çox zəruri kampaniyadı. Düşünürəm ki, bu kampaniya davamlı olacaq və Azərbaycanın bütün bölgələrini əhatə edəcək”.
IP-nin Koordinasiya Şürasının üzvü Mehriban Vəzir bildirdi ki, biz istəyərdik ki, Azərbaycanda insanların söz azadlığı, sərbəst toplaşma azadlığı olsun, bu cür fondların yaranmasına ehtiyac qalmasın. Ancaq, ölkədə elə bir vəziyyət hökm sürür ki, biz mübariz insanları meydanda tək buraxmamalıyıq, onlara ictimaiyyətin dəstəyini çatdırmalıyıq. Bu məqsədlə keçirilən aksiya uğurlu alındı. Bundan sonra da xeyriyyə kampaniyası davam edəcək, yardımlaşma ənənəsi formalaşacaq”.
Demokratiya Yardım Fondunun təşkilatçılarından olan Nihad Hüseyn bildirdi ki, IP KŞ-nin ideya müəllifi olduğu  xeyriyyə marafonu çox uğurlu oldu. “Bir gün ərzində 5000 manatdan çox pul toplandı. Xeyriyyə marafonunda insanların iştirakı yüksələn xətt üzrə davam etdi. Bu kampaniya məqsədinə çatana qədər davam edəcək. Bu fonda yığılan pullar tam şəffaf şəkildə qeydə alınır. Cəmiyyətdəki bütün azadlıq sevən, bizim fəaliyyətimizi dəstəkləyən hər kəsi, bu fonda yardım etməyə, mübariz insanlara dəstək olmağa çağırıram”.
Qeyd edək ki, indiyə qədər Demokratiyaya Yardım Fonduna 10000 manata qədər pul toplanıb”.
Fondu martın 4-də bir sıra vətəndaş cəmiyyəti nümayəndələri təsis edib. Ianələri toplamaq üçün Bakıda 6 ünvan müəyyənləşdirilib. Kampaniyanın məqsədi aksiyalarda cərimələnən gənclərə dəstək olmaq və “Azərbaycan saatı” verilişinin fəaliyyətinə yardım göstərməkdi.

İlham Hüseyn