Obamanın mesajından bütün avtoritarlara pay düşür

Fuad Qəhrəmanlı: «ABŞ-ın xarici siyasətində demokratiyanın çəkisinin artması başqa ölkələrə münasibətdə də bu tendensiyanın qabarmasına gətirib çıxaracaq»

İsrail və Fələstinə səfər edən ABŞ prezidenti Barak Obama Qüdsdə təsirli çıxış edib. ABŞ prezidentinin çıxışı daha çox Israil hökumətinə ünvanlansa da, çıxışda Amerikanın xarici siyasətinin ümumi konturlarının nədən ibarət olduğu bir daha vurğulanıb. ABŞ prezidenti qeyd edib ki, regionda sülhün əldə olunması üçün bölgədə baş verən son hadisələri, ərəb dünyasındakı inqilab dalğasını nəzərə almaq vacibdir:
“Regiondakı dövlətlərdə hökumətlərin xalqın iradəsi ilə formalaşdığı bir vaxtda Israilin öz təhlükəsizliyini qorumaq üçün bir ovuc avtokratik rejimlə sülh əldə etdiyi dövrlər artıq arxada qalıb. Sülh xalqlar arasında əldə edilməlidir, hökumətlər arasında yox”.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının fikrincə, Obamanın bu açıqlaması Yaxın Şərqdə sülh yaratma istiqamətində demokratik proseslərin aparıcı mövqeyə çıxmasının anonsudur: “ABŞ prezidenti açıq dedi ki, ayrı-ayrı avtoritar rejimlərlə anlaşmalar sülhü təmin edə bilməz. Anlaşmanın əldə olunması üçün xalqların sülh prosesində iştirakına ehtiyac var. Bu isə yalnız xalqların seçdiyi hökumətlər vasitəsilə təmin oluna bilər. Deməli, artıq qlobal təhlükəsizliyin tərkib hissəsindən biri olan Orta Şərqdəki sülh prosesi demokratik prosesin tərkib hisəsi kimi nəzərdən keçirilir”.
F.Qəhrəmanlı hesab edir ki, Obamanın çıxışı həm də onun mesajıdır ki, demokratik proseslər bu qədər üstün mövqeyə sahib olursa, bu artıq yaxın dönəmlər üçün digər bölgələrə sirayət edə bilər. Çünki ola bilməz ki, bir çoğrafiyada avtoritarizmlə əməkdaşlıq yolverilməz sayılsın, digərində xalqların iradəsini boğan siyasətə dəstək verilsin və avtoritar liderlərlə əməkdaşlıq edilsin: “Amerikanın xarici siyasətində demokratiyanın çəkisinin artması, demokratik dəyərlərin daha geniş təsir imkanına sahib olması, əlbəttə, başqa ölkələrə münasibətdə də bu tendensiyanın qabarmasına gətirib çıxaracaq. Azərbaycanda da qarşıdan prezident seçkiləri gəlir. Bu baxımdan çoğrafiyasından asılı olmayaraq dünyanın aparıcı güc mərkəzləri tərəfindən demokratik dəyərlərin daha fəal şəkildə müdafiə olunması azadlıq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər bir xalqların maraqlarına, mənafeylərinə uyğundur”.

Xəyal