Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilən Toğrul Əhmədovu döyüblər yoxsa, idman zamanı xəsarət alıb?
Gülər Əhmədovanın hərbi xidmətdə olan oğlu Toğrul Əhmədov təcili Dövlət Sərhəd Xidmətinin (DSX) Bakıdakı Hospitalına gətirilib.
Bu məlumatı Movqe.az-a Toğrulun atası Fikrət Əhmədov verib: “Mənə xəbər gəldi ki, oğlunu təcili Dövlət Sərhəd Xidmətinin Bakıdakı Hospitalına gətiriblər. Mənə dediklərinə görə, qolu qırılıb. Amma verilən digər məlumata görə, Toğrulu vurublar. Onu helikopterlə təcili Bakıya gətiriblər. Hələki oğlumla görüşümə icazə vermirlər. Bilmirəm vəziyyəti necədir. Xahiş edirəm ki, oğlumu göstərsinlər ürəyim rahatlaşsın. Amma içəri buraxmırlar. Əgər qolu qırılıbsa Hospitalın rəhbərliyindən bu barədə mənə bir söz də deyən yoxdur. Hələki gözləyirəm. Çox narahatam oğlumun səhhətindən. Sizin vasitənizlə səslənirəm Hospitalın rəhbərliyinə mənim oğlumla görüşümə icazə versinlər”. Fikrət Əhmədov oğlunun DSX-nin Yevlaxdakı N saylı hərbi hissəsində xidmət etdiyini söyləyib.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin APA-ya verdiyi məlumata görə isə Toğrul Əhmədovun qolu idman zamanı sınıb: “Əsgərlər arasında qol güləşi zamanı əsgər Əhmədovun sağ qolu dirsəkdən yuxarıdan sınıb. Əsgər dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Orada rentgen aparatına salınıb və əsgərin sınan qoluna gips qoyulub. Bundan sonra o, DSX-nın Mərkəzi Hərbi Hospitalına gətirilib”.
“Toğrul idmançıdır. Bu zədə onun üçün adi bir zədədir. Bu hadisə hərbidə olan hər bir əsgərin başına gələ bilər”.

Bu sözləri Gülər Əhmədovanın qardaşı Ilqar Mikayıloğlu bacısı oğlu Toğrulun qolunun sınması ilə bağlı movqe.az-a açıqlamasında bildirib. Ilqar Mikayıloğlu Toğrulun idmanın əlbəyaxa döyüş və ağırlıqqaldırma növləri ilə məşğul olduğunu qeyd edib: “Toğrulun başına gələn hadisənin şişirdilməsinə heç bir gərək yoxdur. Bu hadisənin qərəzli, qəsdən baş verməsindən isə söhbət gedə bilməz. Mən Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə olmuşam. Və oradakı şəraitdən, əsgərlərə göstərilən münasibətdən də xəbərdaram. Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə nəinki mənim bacımın oğluna, heç bir əsgərə qarşı sayqısız davranma ola bilməz. Mən buna görə həmin hərbi hissənin komandirinə, zabitlərə dərin minnətdarlığımı bildirirəm. Və baş vermiş anlaşılmazlığa görə, onlardan üzr istəyirəm.
Toğrulun başına bu hadisə gələn zaman mən bir daha dövlətin, DSX-nın hərbi heyətəninin öz əsgərinə necə münasibət göstərdiyinin, necə can yandırdığının şahidi oldum. Onların hər biri Toğrulun zədə almasından narahatçılıq keçirirdilər. Buna görə, onlara minnətdaram. O ki, qaldı Toğrulun qolunun sınmasına, bu Toğrul üçün adi bir zədədir. Idmanla məşğul olan, hərbi xidmətdə olan hər kəs bilir ki, bu cür hadisələr təlim zamanı baş verə bilər. Toğrul sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıtdacaq və onun üçün şərəf olan hərbi xidmətini davam etdirəcək”.


