Elşad Abdullayevdən növbəti müraciət

Sabiq rektor Mahir Abdullayevlə bağlı cinayəti ört-basdır etmək üçün saxta müdafiə komitələrinin yaradıldığını bildirir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə Elşad Abdullayev “Yeni Müsavat” qəzetinə müraciət yollayıb. Elşad Abdullayev yeni müraciətində yazıb ki, MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə bir sıra saxta müdafiə komitələri yaradılıb:
“Lakin, bandanın çoxsaylı təzyiqlərinə və təqiblərinə baxmayaraq, 03 mart 2013 il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə yaradılmış Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsi  həqiqətən Mahir Abdullayevin hüquqlarını qoruyan müdafiə komitəsidir. Istintaqa kömək etmək məqsədi ilə Mahir Abdullayevlə bağlı kimdə nə məlumat varsa, xahiş edirəm bu komitəyə təqdim etsin. Mən Mahir Abdullayevin oğurlanmasl ilə əlaqədar bir sıra maddi sübutları, video-audio görüntüləri bu Müdafiə Komitəsinin Müstəqil Təhqiqat Komissiyasına təqdim etmişəm. Yalnız Azərbaycanda bu Müdafiə Komitəsinin yaydığı video-audio görüntülər etibarlı hesab edilir”.
Elşad Abdullayev həmçinin yazıb ki, banda öz başçısını  gizlətmək və xalqı çaşdırmaq məqsədi ilə müxtəlif adla müdafiə komitələri yaradıblar. Onun sözlərinə görə, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə yaradılan “ABU tələbələrinin Müdafiə Komitəsi”, yaxud Mahir Abdullayevin “Müdafiə Komissiyası” cinayət məqsədi daşıyır: “Artıq belə saxta Müdafiə Komitələri bizim tərəfimizdən ifşa olunmuşdur. 03 mart 2013 il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yaradılmışdır. Bu müdafiə komitəsi həm də ABU-nun Hüquqlarının Müdafiə Komitəsidir. Bu, həm də, tələbələrin və müəllimlərin pozulmuş hüquqlarının bərpa olunması uğrunda mübarizə aparan obyektiv və qərəzsiz Müdafiə Komitəsidir. YUNESKO əsas prinsiplərindən olan bir universitetin açılması bir həbsxananın bağlanması deməkdir. ABU bərpa olunmalıdır, tələbələr və müəllimlər auditoriyalarına qayıdıb təhsillərini davam etdirməlidirlər. ABU Məzunlar Assosasiyasının fəaliyyəti də səmərəlidir. Lakin Mahirin Hüquqlarının Müdafiəsi Komitəsindən başqa Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə daha bir hüquq müdafiə komitəsi yaradılıb –  ABU-nun hüquqları pozulan tələbələrinin müdafiəsi. Bu müdafiə komitəsi PA-nın müdiri Ramiz Mehdiyevin və baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ABU-nun əmlakını və valideynlərin pulunu ələ keçirmək məqsədilə yaradılıb. Müdafiə Komitəsinə vəkil Ramiz Zeynalovun ”Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin başçılıq etməsi qurumun hansı məqsəd ilə yaradılması haqda müəyyən fikrə gəlməyə əsas verir. Bu müdafiə komitəsi başqalarının əmlakını qanunsuz olaraq zor və fırıldaq yolu ilə ələ keçirmək üçün yaradılıb. Azərbaycan məhkəmə təcrübəsindən məlumdur ki, Ramin Nağıyevin dediyi kimi “Qara Ramiz”, “Mersedes Ramiz”, “Qara advokat”, “Terrazina” – Avropa mediasında mənfi advokat obrazı, “doktor” – bunlar Ramiz Zeynalovun xalq arasında geniş yayılmış ləqəbləridir. O, həmişə AR Baş Prokuroru Zakir Qaralova “mirzəlik” edib, onun tapşırığı ilə də həbsxana da yatan demokratik fikirli şəxsləri sındırmaq məqsədi ilə yanına yerləşdirilib”.
Elşad Abdullayev onu da yazıb ki, ABU-in bağlanmasında günahkar kimdirsə tələbələrə və müəllimlərə dəymiş maddi və mənəvi ziyanı təqsirli şəxs ödəməlidir. Onun yazdığına görə, rektordan asılı olmayaraq ABU-nu Ramiz Mehdiyev ələ keçirmək məqsədi ilə bağlatdı, hazırda da Ramiz Zeynalovun saxta müdafiə Komitəsinin vasitəsi ilə mənimsəmək istəyir. Sabiq rektor bu yerdə Ramiz Mehdiyevin ünvanına bir neçə ciddi ittiham yönəldib. Sabiq rektor iddia edib ki, ABU bərpa edilib fəaliyyət göstərsə, bir həftə içərisində tələbələri diplomla təmin etmək olar. Sabiq rektor müraciətinin sonunda qeyd edib: “Avropa Məhkəməsi beynəlxalq hüquq normalarını əsas götürərək ABU ilə bağlı özbaşınalığa son qoyacaqdır, ABU bərpa olunacaq və tələbələrin bütün problemləri həllini tapacaqdır. Bir universitetin açılması 30 həbsxananın bağlanması deməkdir”.