Icazəsiz aksiyalara görə 30 dəfəyədək artırılmaqla cərimə qanununun nəticələrini müşahidə etdikcə hakimiyyətin bir özəl cəhəti xüsusilə diqqət çəkir. Qalan bütün mənfi xisləti ilə yanaşı Yeni Azərbaycan hakimiyyətinin bu xislətini bilməyən yoxdu: alverçilik, alıb-satmaq, maddi, mənəvi hər şeyi bazara çıxarmaq və dövlətə yalnız bazar prizmasından yanaşmaq.
Sual oluna bilər ki, cərimələrlə bu alverçilik xisləti arasında nə bağlılıq var?
Bu da kimsəyə sirr deyil ki, indiki Azərbaycan dövləti ultra-müasir köləlik dövlətidi. Əslində dövlət son dərəcə formal məzmun daşıyır və əsasən dünya dövlətləri ilə danışıqlara, xalqın istismarına rəsmi don geyindirmək üçün istifadə olunur. Dövləti köləlik dövlət adlandırmaq dövlətə qarşı insafsızlıqdı, zira bu dövlət özü quldarların köləsidi. Əhdi kəsilənə kimi resusları istismar edilən bir kölə.
Əlbəttə, indi antik Yunan çağı deyil, imperator, ya bir quldar da öz amfiteatrında oturub qullarını qladiator döyüşünə çıxarmır. XXI əsrin öz quldarlıq quruluşu və forması var. Hər şey də ən çağdaş şəkildə.
Aksiyalardakı cərimələrlə hakimiyyətin alverçilik xislətini də bir-birinə bağlayan elə bu köləlik məsələsidi. Dəyərli oxucularımız bunu da bilir ki, dünyanın ən müxtəlif çağlarında, ən müxtəlif köləlik quruluşlrında olduğu kimi islamda da kölələrlə rəftar, illah da onların azad edilməsi məsələsinə ciddi fikir verilib, qanunlar işlənib-hazırlanıb. Islam mənbələrinin yazdığına görə, kölələrə təhqir və işgəncə etmək qadağan edilmiş, sahibləri nə yeyir və geyirlərsə onlara da onun yedirilib-geydirilməsi istənmiş, güclərinin çatmadığı və ya çətinlik çəkəcəkləri işləri tapşırmamaları, tapşırsalar da sahiblərinin onlara kömək etmələri əmr edilibmiş və bu haqlar o qədər genişmiş ki, Cövdət Paşa buna görə hətta belə bir fikir ifadə etmişdi: “Islamda kölə almaq, kölə olmaq deməkdir”.
Bizdə isə əsil kölə olan və alver predmetinə çevrilən vətəndaşlar deyil (hərçənd ki bu da var), onların azadlığıdı. Guya hakimiyyət özünə qarşı aksiyalardan gələn təhlükəni önləmək, insanların daha sərbəst, qorxusuz-ürküsüz və sonucda kütləvi şəkildə etiraza qalxmasına imkan verməmək üçün qəbul etdiyi tam qeyri-qanuni və absurd qanun belə, yenə də alver üstündə qurulub. Çünki nə iş görürsən gör, sənin peşə xüsusiyyətlərin mütləq özünü göstərəcək. Bir alverçi də hətta özünü müdafiə üçün bir addım atanda o addımı belə para üstündə quracaq.
Yayılmış sözdü ki, deyirlər: “Azadlıq verilmir, alınır”. Bu fikri işlədənlər, əlbəttə, azadlığın qan və qurbanlar hesabına alına biləcəyini nəzərdə tuturlar. Azərbaycan hakimiyyəti isə işi elə qurub ki, qətiyyən vermək istəmədiyi şey üçün həm qan, məşəqqətlər, əzab-əziyyət, fiziki ağrı və mərhumiyyətlər, həm də para tələb edir. Alverdən danışdığımız üçün bazardan misal çəkək. Təsəvvür eləyin, sizdən çalınmış bir malı, deyək ki, elə mal bazarında bir alverçidə görüb almaq istəyirsiniz. O isə sizi qanınıza qəltan eləyir, işgəncə verir, üstəlik, bütün qanunlarla sizə aid olan o malın haqqını da sizdən alır, ancaq yenə də malınızı vermir. Üstəlik, sizi borclu da çıxarır. Ancaq məsələnin məğzi budur ki, o malınızı sizə verməsə də, formal olaraq satır.
5 qəpik kampaniyasından sonra 10 qəpik aksiyası da göstərir ki, xalq hər bir halda öz azadlığını almaqda israrlıdı. Meydanlara çıxmaqdan, cərimələnməkdən qorxmursa, sonra o cərimələr toplanıb sədəqə şəklində (hətta daha təhqiramiz – 5-10 qəpiklərlə) hakimiyyətə ödənirsə, onda vay alverçi təfəkkürlü olanların halına. Çünki onlar nəinki satışa çıxardıqları ana südü qədər qutsal haqqı, üstəlik, öz “kalkulyator” kəllələrini də verməli olacaqlar. Elə tanınmış siyasi texnoloq və politoq, Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə keçmiş idarə rəisi Modest Kolerov da “haqqın.az”a bunu deyib: “Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan hakimiyyəti Mübarəkin taleyini yaşayacaq”.

Azadlıqla birgə kəllə
•
•