Şah sarayının həkimi, şair Məsihi…

Təbiblər nəslinin yetirməsi

Azərbaycanda təbabətin və tibb elminin tarixi uzaq keçmişə gedir. Hələ çox qədimlərdə xalq arasından çıxmış savadlı və bilgili insanlar tibbin inkişaf etmədiyi bir zamanda şəfalı bitkilərlə ən kəskin xəstəliklərin çarəsini tapmışlar. Bu şəxslər çox zaman dövrünün mütaliəli, zəkalı və elmli şəxsləri olmuşlar. Belə şəxslərdən biri də mənşəcə Azərbaycan türklərindən olan şair və həkim Məsihidir.
O, XVII əsrin ən görkəmli şəxsiyyətlərindən biri olmuşdur. Məsihinin atası Nizaməddin Əli əslən həkimlər sülaləsindən idi. O, Iran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olaraq çalışmışdır. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Təbabət elmi ilə məşğul olmalarına baxmayaraq, onların hamısı həmin dövrün bütün savadlı şəxsləri kimi şeir yazmışlar.
Dövrünün tanınmış təbiblərindən olan Nizaməddin Əli oğlunun tibb sahəsində savadlanması ilə şəxsən məşğul olur. Həkim, şairin həyat dövrü təqribən 1579/80-1655/56-cı illər arasında müəyyənləşdirilib. Məsihinin əsli Təbrizdəndir. Mənbələrin xəbərinə görə, onun atası əvvəlcə I Şah Təhmasibin başqa saray əyanları ilə birlikdə Təbrizdən Qəzvinə, sonra isə I Şah Abbas paytaxtı köçürəndə Isfahana gəlib. Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış “Zabitət ül-əlac” (“Müalicə qaydaları”) adlı kitab da yazır.
Məsihinin tam adı Rüknəddin Məsud Məsihidir. Çox zaman onu sadəcə Rükna da çağırırlar. Məsihi (Məsih, Məsiha) onun ədəbi təxəllüsüdür. Məsihi Isfahanda yaxşı təhsil alıb. Azərbaycan, fars və ərəb dillərində gözəl danışır, təbabət, fəlsəfə, məntiq, nücum, ilahiyyat elmlərini dərindən bilirmiş. Müasirlərinin əksəriyyəti kimi o da xəttatlıqla maraqlanıb və bu sahədə özünün dediyinə görə, böyük uğurlar qazanıb. Şeirlərini əsasən, Azərbaycan türkcəsi və fars dilində yazıb. Onun əsərlərinin tam külliyyatı 100 min beytə çatır.
Atasının yolunu davam etdirən Məsihi şah Abbasın sarayında həkim kimi çalışıb. Geniş dünyagörüşü, yüksək savadı və saray mühiti üçün vacib amil sayılan böyük poetik istedadı sayəsində tezliklə I Şah Abbasla yaxınlaşan Məsihi onun ən yaxın müşavirinə çevrilir. Orta əsr təzkirəçilərinin dediyinə görə, şah tez-tez Məsihinin evində qonaq olur və onun məclislərində iştirak edirmiş. Bundan başqa, Məsihi şahın müşaviri kimi onu bir çox hərbi yürüşlərində də müşayiət edir. Lakin hansı səbəbdənsə sonra onların arası dəyir və Məsihi digər məşhur həkim dostu Heydərlə Hindistana üz tutur.
Azərbaycan türkcəsində “Vərqa və Gülşa” poeması
Üz tutduğu Hindistanda da Məsihi müxtəlif səviyyəli hakimlərin, o cümlədən Böyük Moğollar sülaləsindən olan şah Əkbər və Cahangirin saraylarında müalicə həkimi olur. Burada da bir saray həkimi kimi o, böyük nüfuza malik idi. Şah Cahangirin sarayında çalışdığı dövrə aid bir məşhur əhvalat da bunu sübut edir. Nə zamansa baş vermiş qəbahətinə görə həkim Rüknadan tələb edirlər ki, saraydan getsin. Lakin üstündən heç bir il keçməmiş şah ağır xəstələnir və həkimlərdən heç biri onu sağalda bilmədikdə, Məsihidən üzr istəyib, onu yenidən saraya qaytarırlar.
Məsihi uzun müddət Allahabadda, Caypurda, Aqrada və Hindistanın başqa şəhərlərində yaşayır. Burada o, tez-tez həmyerlilərimizlə görüşür. Sonralar Məsihi sarayda görkəmli Azərbaycan şairi Saib Təbrizi ilə tanış olur. Bir çox təzkirəçilər Saibi Məsihinin tələbəsi hesab edirdilər. Onların bu dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir göstərmişdir.
Poetik irsinin əsas hissəsinin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Yazılı mənbələrdən bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı, günümüzə onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı “Vərqa və Gülşa” poeması çatmışdır. Şairə böyük şöhrət qazandıran da bu əsər olmuşdur. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara məxsus olmuşdur. O da zamanında əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, sonra isə ortabab bir şair kimi tanınmışdır. Nüsxədə bununla bağlı qeyd də var. Amma sonradan bu nüsxə müəmmalı bir tərzdə Moskvada üzə çıxır. 1749-1750-ci ildə Məhəmməd Hatəmi oğlu Hüseynqulu Kahdamini onu alıb Tehrana aparır. London nüsxəsi poemanın yazılıb başa çatmasından 17 il sonra köçürülüb. Qarabağ nüsxəsi isə ondan 4 il sonra köçürülüb. Uğurlu xana məxsus nüsxəni cildləmiş ustanın adı da məlumdur. O, tanınmış Azərbaycan xəttatı Həbibullah ibn Əsədullah Dumbulidir.
81 yaşa kimi təbiblik…
Məsihi öz əsərlərində “Dane və dam” (Buğda və tələ), “Zənbur və əsəl” (Arı və bal) adlı, həmçinin Azərbaycan dilində yazdığı əsərlər haqqında məlumat verir. Lakin nə bu əsərlər, nə də Nizami poemalarının mövzularında yazdığı əsərlər bizə gəlib çatmamışdır, bunlar barədə şairin müasirləri məlumat verirlər. Məsihinin həyat və yaradıcılığı haqqında məlumatlar orta əsr təzkirəçilərinin əsərlərinin təhlili əsasında ədəbiyyatşünas Əliyar Səfərli tərəfindən tərtib edilmişdir.
Məsihinin ilk “Divan”larından biri onun ölümündən sonra Saib tərəfindən tərtib olunmuşdur. Məsihinin şəxsi tanışlarından olan təzkirəçi Mirzə Tahir Nəsrabadi yazır ki, Saibin evində onun on “Divan”ı varmış. Benqalda olarkən Məsihi “Bürhane qate” lüğətinin müəllifi, Azərbaycan alimi Hüseyn ibn Xələf Bürhan Təbrizi ilə görüşmüşdür. 1632-ci ildə Məsihi Hindistanda 20 il yaşayandan sonra vətənə qayıdır. Onun qayıtması münasibətilə şair Övci Nətənzi təxminən bu məzmunda bir şeir də yazmışdı: “Allaha min şükürlər olsun ki, mənə həkim Rüknünü görmək qismət oldu. Onun həkimliyindən təptəzə qalmış çoxillik şərab kimi həkimlər can alır. Allah o adamın camını doldursun ki, mənim əllərimi bu qədəhə yetirdi.”
Vətənə qayıtdıqdan sonra Məsihi hələ Hindistana getməzdən əvvəl Səfəvi şahı I Abbasın şərəfinə yazmağa başladığı “Vərqa və Gülşa” poemasını şah Səfiyə təqdim edir. Buna baxmayaraq, saray onu qəbul etmir və bu böyük şəxsiyyət ömrünün qalan hissəsini kasıblıqla keçirir.
Həkim Rükna 81 yaşında Kaşan şəhərində vəfat edib. Deyilənlərə görə, o, ömrünün son günlərinə qədər həkimlik fəaliyyəti ilə məşğul olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir