Ziyalılar Forumu siyasi iddiasının olmadığını bir daha bəyan etdi
“Baş verəcək kataklizmlərin məsuliyyəti hakimiyyətin üzərindədir!”
Ziyalılar Forumu heç bir siyasi məqsədi və hədəfləri yoxdur, qarşıdan gələn prezident seçkilərində öz namizədilə iştirak etməyəcək. Bunu Ziyalılar Forumu dünən yaydığı bəyanat vasitəsilə bir daha açıqlayıb. Bəyanat müəllifləri xatırladır ki, Ziyalılar Forumu sırf ziyalılıq və fəal vətəndaşlıq mövqeyindən çıxış edən ictimai qurumdur. Prezident seçkisində də təşkilat olaraq, heç bir namizədi açıq şəkildə dəstəkləməyəcək. Amma qurumun üzvləri fərdi qaydada istədiyi namizədi dəstəkləməkdə sərbəstdir.
“Biz Azərbaycan xalqının haqq etdiyi gerçək demokratik mühitin yaradılması istiqamətində sonadək mübarizə aparmaq əzmində və qətiyyətindəyik. Bu müqəddəs məqsədə səmimi şəkildə xidmət edən bütün siyasi partiya və təşkilatlara rəğbətlə yanaşır, onların hamısından eyni məsafədə olduğumuzu bir daha bəyan edirik. Ziyalılar Forumu yerliçilik və etnik zəmində fəaliyyət göstərən heç bir siyasi və ictimai təşkilatı müdafiə etmir və etməyəcək”, – deyə bəyanatda bildirilir.
Ziyalılar Forumu bəyan edir ki, ölkədə vətəndaş-dövlət, cəmiyyət-hakimiyyət münasibətləri kritik qarşıdurma həddindədir: “Quba, Ismayıllı üsyanları, ”Binə”, Zaqatala, Imişli, Neftçala və s. bölgələrimizdəki etirazlar bir milyondan çox yeni iş yeri, regionların sosial-iqtisadi inkişafı və s. haqda onsuz da heç kimin inanmadığı “mifləri” darmadağın etdi. Millətin şərəfi və ləyaqətini qazanc mənbəyinə çevirənlərin, xalqı çörəklə imtahana çəkənlərin son aqibəti də, şübhəsiz, “Çıraq”ın taleyindən fərqlənə bilməz!
Qanunsuz və mənəviyyatsız davranışları ilə xalq üsyanına səbəb olmuş məmurları və onların ərköyün övladlarını cəzalandırmaq əvəzinə, hadisədən bir gün sonra Ismayıllıya səfər edən siyasi fəallar Tofiq Yaqublu və Ilqar Məmmədovun, eləcə də haqsızlığa, mənəviyyatsızlığa etiraz edən yerli sakinlərin heç bir əsas olmadan həbs edilməsi, rejimin yaratdığı kütləvi işsizlik və yoxsulluq mühitinin qurbanı olan gənclərin valideynlərinin evindən köhnə əmlakın cərimə adı ilə müsadirəsi hakimiyyətin demokratik islahatlar keçirmək niyyətində olmadığının təsdiqidir”.
Bəyanatda əsgər ölümləri və bu faktlara hakimiyyətin saymazyana münasibətinə də toxunulub: “10 mart aksiyası zamanı əsgər ölümlərinə etiraz edən şəhid valideynlərinin, yaxınlarının və gənclərin etirazının qarşısının zorakı polis müdaxiləsi, su şırnaqları, rezin güllələr, gözyaşardıcı qaz kimi ifrat vasitələrlə alınması cəhdləri, hətta bu cəhdlərin belə, boşa çıxması hakimiyyətin gənclər siyasətinin tam iflasının sübutudur. Bu iflasın qarşısını nə 18-20 yaşlı gənclərin həbsləri və gülünc ”etirafları”, nə də ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların, bir sözlə, az qala, bütün demokratik dünyanın Azərbaycanda dövlət çevrilişi hazırlaması və gündüz çıraqla da tapa bilmədiyimiz məxfi “uğurlarımıza” qarşı qeybət xarakterli ittihamlarla almaq mümkün olmayacaq”.
Ziyalılar Forumunun bəyanatında bu qurumun üzvlərindən tanınmış dramaturq və rejissor Rüstəm Ibrahimbəyova qarşı təzyiqlər də öz əksini tapıb: “Ziyalılar Forumunun üzvlərinə, xüsusilə, onun rəhbəri, millətimizin dünyadakı simalarından biri olan Rüstəm Ibrahimbəyova qarşı təzyiqlər artan xətlə davam edərək, hətta cinayət təqibi müstəvisinə qədəm qoyub. Rüstəm Ibrahimbəyovun təqib edilməsilə vaxtilə Sovet Ittifaqında Pasternak, Soljenitsın, Saxarov və digər fərqli fikirli yaradıcı insanların təqib olunması arasında elə bir mahiyyət fərqi yoxdur. Təəssüf ki, Rüstəm Ibrahimbəyova qarşı səlib yürüşü təşkil edənlər tarixin utanc gətirən bu təqib kampaniyalarının nəticələrini çox tez unudublar”.
Ziyalılar Forumu üzərinə götürdüyü ziyalılıq missiyasına sadiq qalaraq, Azərbaycan hakimiyyətini bir daha siyası, hüquqi və mənəvi məsuliyyətə dəvət edir: “Daha öncə ifadə etdiyimiz narahatlıqlar, təəssüf ki, özünü doğrultdu. Cəmiyyət sürətlə ictimai-sosial partlayış həddinə yaxınlaşmaqdadır. Ismayıllı hadisələri hakimiyyət üçün son SOS siqnalı idi. Bundan sonra ölkəmizdə baş verəcək bütün təhlükəli kataklizmlərin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir”.
Bəyanat müəllifləri sonda əlavə edir ki, millətin və dövlətin mənafeləri bu həlledici seçim ilində hər kəsdən yüksək vətəndaşlıq mövqeyi və cəsarət tələb edir: “Azərbaycan xalqının da azad, ədalətli və ləyaqətli yaşam hüququ var. Bir millət olaraq, bu hüququmuza sahib çıxmağı bacarmalıyıq! Həm də ona görə ki, bu işğal olunmuş torpaqlarımıza, Qarabağımıza sahib çıxmağın yeganə yoludur! Bu yol azad, ədalətli, demokratik seçkidən keçir”.
Aytən