NATO Suriyada əməliyyata hazırlaşır

ABŞ-ın Avropa Birlikləri Komandanı sensasion açıqlama verdi

“NATO üzvü ölkələr Suriyada daxili müharibəni dayandırmaq üçün hərbi əməliyyat planları hazırlayır”. Bunu ABŞ-ın Avropa Birlikləri Komandanı admiral Ceyms Stavridis çərşənbə axşamı Senatın silahlı qüvvələr komitəsində bildirib.

Stavridis bildirib ki, bəzi NATO ölkələri Suriya üzərində uçuşa qadağan bölgə təmin edilməsi üçün hava qüvvələrindən istifadə də daxil olmaqla Suriya müxalifətinə kömək imkanlarını araşdırır.
Bununla belə, admiral Stavridis onu da qeyd edib ki, Suriyaya müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının və NATO üzvü ölkələrin müvafiq razılığı lazımdır.
“Biz əməliyyatın geniş spektrini nəzərdən keçiririk və əgər müraciət alarıqsa Liviyada olduğu kimi münaqişəyə müdaxilə edə bilərik” deyən admiral xatırladıb ki, Liviyada NATO-nun əməliyyat aparması üçün alyansın 28 üzvü və BMT Təhlükəsizlik Şurası qərar vermişdi.

Türkiyədə yerləşdirilən NATO-ya məxsus Patriot raket komplekslərindən Suriyanın hərbi təyyarələrini vurmaq üçün istifadə imkanı ilə bağlı suala admiral Stavridis müsbət cavab verib. O, bildirib ki, belə bir imkan var və bu, “dalandan çıxmaq və Bəşər Əsəd rejimini devirmək” işində faydalı olardı.

azadliq.info