eabdullayev-enyeni

“Mahir Abdullayevin qaytarılması üçün 10 milyon istədilər”

eabdullayev-enyeniSabiq rektor prokurorluğa ifadəsində qardaşı ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayır

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş Prokurorluğun Ağır cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zərərçəkmiş şəxs qismində 15 may 2009-cu ildə verdiyi ifadə redaksiyamıza daxil olub. Sabiq rektorun ifadəsini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Əvvəli ötən sayımızda

Arzu tezliklə Mahirin evində olacağını dedi

“Səhərisi gün mən yenə də Arzu ilə onun ofisində görüşdüm. O mənə dedi ki, işin axırıdır, 1 milyon dollar da əlavə pul lazımdır. Məni danışmağa qoymayaraq Arzu dedi ki, səndən pulu ancaq inanasan deyə, yazılı, rəsmi sənəd əsasında öz imzamla təsdiq edib götürəcəm və bununla da iş başa çatır. Yəqin ki, Mahir də sağ-salamat evinə qayıdacaq. Əlacsız qalıb yenə də pul əldə etmək üçün qohumlarımdan – bibim Tamella, Məryəm xalamın yoldaşı Canbaba, Şükufə xalamın yoldaşı Kamal, qardaşım arvadı Zemfira ilə görüşərək Mahirin qaytarılması üçün  mənə pul lazım olduğunu başa saldım. Mahirin salamatlığı üçün bu barədə heç kimə bir söz deməməyi də söylədim. Onlar mənimlə razılaşdılar. Bibim Tamelladan 400.000, Canbabadan 300.000, Kamaldan 400.000, Zemfiradan 100.000 dolları 2 ay müddətinə, yəni cəmi 1.200.000 dollar toplayaraq 200.000 dolları evimdə saxlayıb 1 milyon dolları  05 mart 2004-cü ildə Arzuya vermək üçün onunla əlaqə saxladım. Arzu məni evdə gözlədiyini söyləyəndə köməkçim Şamil, qardaşım Ismayıl və Eldəniz Arzunun evinin qarşısına gəldik. Onun evinin qarşısında gözətçi məntəqəsi də var idi. Arzunun oğlu Zaur məni evə apardı. Evə daxil olanda oğlu, Arzunun yoldaşı Iradə, yoldaşının qardaşı Hüseyn Səfərov, qardaşı Nizami, Arzunun qohumu, yaxud dostu doktor Sülhəddin və Moskvada yaşayan, Arzunun deməsinə görə silah alveriylə məşğul olan Elçin adlı şəxs vardı. Arzu məndən çantanı alaraq o biri otağa apardı və dedi ki, hər şey qaydasında olmalıdır. O mənə yoldaşının gətirdiyi çayı içməyi təklif edib uşaqların pulu saymasını dedi. Mən Arzugildə 2 saata qədər qaldım və pulu sayıb qurtarandan sonra Arzu mənə hər şeyin qaydasında olduğunu, tezliklə Mahirin evində olacağını dedi. Gətirdiyim pulu qonşu otaqda doktor Sülhəddin, Zaur, Hüseyn Səfərov saydı. Məlumatıma görə, Hüseyn Səfərovla Nizami həbsdədir.
Arzu hədə-qorxu gələrək əvvəl bütün əmlakımı, sonra isə işlədiyim ABU, evimi, bağımı tələb etməyə başladı
Mən DIN-in narkomaniyaya qarşı mübarizə idarəsinin əməkdaşı  Ağa Abbasovu Bilgəhdə Zahid Dünyamalıyevin yanında görəndən sonra Arzuyla şəhərə gəldim və səhərisi gün Arzunun ofisində Ağa Abbasovu yenə də orada gördüm. Onlar nə üçünsə bir-biriylə mübahisə edirdi. Qəflətən Ağa Abbasov heç nədən çəkinmədən mənə dedi ki, bu işdə böyük əməyi var, odur ki, Arzuya verilən puldan 300.000 dollar da ona çatmalıdır. Mən təəccüblə Arzunun üzünə baxanda Arzu tez-tələsik Ağa Abbasova dedi ki, Ağa, sən heç narahat olma, sənə çatan pulu Elşad yox, mən verərəm. Borc olaraq topladığım 3 milyon pulu Arzu və Zahid Dünyamalıyevə verəndən sonra Arzunun mənə gələn zəngləri tədricən azalmağa başladı və sonra kəsildi.  Mən Arzunun ofisinə gedərək Mahirin evinə nə üçün qayıtmadığını tələb edəndə hiss etdim ki, Arzu nədənsə məndən gizlənməyə çalışır. O hər dəfə görüşəndə narahat olmamağı, Mahirin tezliklə qayıdacağını deyirdi. Lakin vaxt uzandıqca narahat olduğumdan bu barədə Arzuya dedim. O isə bu adamların 10 nəfər olduğunu və hərəsinə də 1.000.000  dollar verməklə işin düzələcəyini bildirdi. Arzu onların işinə özünün gücü çatmadığını, bu işdə sadəcə, icraçı olduğunu, əmri, göstərişi verənin onlar olduğunu söylədi.  Mən onun bu təklifini rədd edəndən sonra Arzu hədə-qorxu gələrək əvvəl bütün əmlakımı, sonra isə işlədiyim ABU, evimi, bağımı tələb etməyə başladı. Sonra isə bu sirr batsın deyə Azərbaycanı tərk etməyi söylədi. Arzunun bu tələblərindən sonra başa düşdüm ki, bu çox böyük mütəşəkkil dəstənin işidir və hələ ki gec deyil, verdiyim pulu geri alım. Odur ki, dəfələrlə Arzu və Dünyamalıyevin yanına gedərək verdiyim 3.000.000 dolları tələb etməyə başladım.  Arzu mənə hədə-qorxu gələrək 10 nəfərə bölüşdürmək üçün ya 7.000.000 dollar əlavə olaraq verməyi, ya da Mahirdən əlimi birdəfəlik üzməyi dedi. Vəziyyətin belə olduğunu görəndə  qardaşlarıma başıma gələnləri danışdım və pulları geri almaq üçün Ismayılla birlikdə dəfələrlə Arzunun qardaşı Nizami və özü ilə mübahisə etdik. Biz Arzuya verilən 3 milyonu tələb edirdik. Arzu və qardaşı verilən pulların onda olmadığını, onu Zahid Dünyamalıyevə verdiyini söylədi. Arzu heç bir yerə şikayət etməyəcəyim və onlardan sakitliklə əl çəkəcəyim təqdirdə, 3 milyonun əvəzində Ə.Cavad küçəsində yerləşən  ona məxsus olan binadakı mənzilləri mənə verəcəyini dedi.  Arzu göstərdiyi sxemdə mənzillərin qiymətini hesablayaraq onu mənə verdi. Lakin Arzuya verdiyim 3 milyonun əvəzində  mənə vermək istədiyi evlərdən imtina etdim və pulumu istədim. Vəziyyətin daha da kəskinləşdiyini görən Arzu mənə özünün mülkiyyətində olan 2 hektar torpağı şikayət etməyəcəyim təqdirdə notarial qaydada mənə təklif etdi.  Onunla razılaşdım və bu məsələ rəsmi şəkildə 1 saylı Bakı Dövlət Notariat Kontorunda qohumlarım Hüseyn Əhmədov, Sabir Hüseynov, qardaşlarım Ismayıl, Eldəniz, köməkçim Şamil və Arzu, qardaşı Nizami, Nurlan və tanımadığım sürücüsünün iştirakıyla notarius Famil Ismayılov tərəfindən Arzunun 2 hektar torpağı rəsmiləşdirilərək mənə verildi. Belə bir müqavilənin rəsmiləşdirilməsi heç də aramızda torpaq alınması ilə bağlı deyil. Bu əslində Arzugili ifşa etmək üçün bizdən alınan pulun notarius tərəfindən hüquqi cəhətdən rəsmiləşdirilməsidir.

Mahirin qayınatasının nitqi pozuldu

Hazırda o pul bizim olmadığından onun geri qaytarılmasını tələb edirik. Arzunun oğlu Zaur, qohumu Hüseyn dəfələrlə mənim iş otağımda Mahirin geri qaytarılması üçün söhbətlər edib və hər dəfə də axırda yalan, böhtan, şərlə məni aldadıblar. Arzu ilə Zahid Dünyamalıyev ofislərində mənə yalan, şər-böhtan dolu uydarmalar danışır, sonra da həmin yalanlar bir neçə gün sonra “Təzadlar”, “Ideal” qəzetində  nəşr olunur, digər mətbuat orqanlarına ötürülürdü.  Zərərçəkmişlərin ailə üzvlərinə böhtanlar atılır, onların işgüzar fəaliyyətinə  xələl gətirirdilər. Keçən 5 ildən çox müddətdə əsas adam oğrusunu gizlətmək məqsədilə süni baxıcılar və falçılar yaratmışlar. Digər qardaşım Eldənizə təsir edilib və onun gərgin psixoloji sarsıntı nəticəsində nitqi batıb, sağ qolu və ayağının fəaliyyəti dayanıb. Bacım Qubaxanım normal əmək fəaliyyətini itirib, hazırda xəstədir, bibisi və böyük qardaşımın yoldaşı Mahirə görə əsəb sarsıntılarından dünyasını dəyişib. Mahirin qayınatası  Şamil Şahməmmədov əsəb sarsıntısı keçirərək nitqi pozuldu, sağ əli və ayağının normal fəaliyyəti pozuldu.  

ardı var