Ölkəmizin başlıca qorxusu haralardandır, bilirikmi? Bilmirdik, bildik. Bunu bizə hakimiyət bildirdi. AŞ PA-dakı uğãurlu alış-verişdən sonra Səməd Seyidov ABŞ-da yeni missiyasını yerinə yetirməyə girişib. Burada keçirilən konfransda o, ABŞ-ın bütün siyasi elitasını ayağa qaldıracaq bir çıxışda bulunub: “Azərbaycana başlıca qorxu quzeylə, güneydəndir. ABŞ-la birgəlik istəyimizə görə bizi sendviç kimi əzirlər”. Bəlli olduğu kimi, S.Seyidov ingilis dilində danışıb. Bizim dildə danışsaydı belə, o, mənim yazdığım kimi danışa bilməzdi – çağdaş Azərbaycan türkcəsini ingilis dilindən pis bildiyinə görə. Bizdə indi çoxlu sayda tanınmış Azərbaycan türkcəsini ingiliscədən pis bilir. Bunun çox saya nədəni var: Londondan Vaşinqtonadək ingilisin hökuməti-dövləti güclüdür…
Keçək Səməd qağanın dediklərinə. Güney deyəndə, sözsüz, ağıla birinci-sonuncu Iran Islam Respublikası gəlir. Axı, güneydə bizim Irandan qorxulu düşmənimiz yoxdur. Indiyədək Irandan gələn çoxsaylı qorxutmalar azmış kimi, indi ortaya bir ayətulla çıxıb. Bu ayətulla nə desə yaxşıdır: prezident seçilsəm, Azərbaycanı Irana qatacam. La ilahə illəllah! Tanrım, özün bizə yardımçı ol! Iranda prezident seçkisi iyun ayında olacaq. Işdir, zalım ayətullah prezident seçilsə, biz cəhənnəmə, onda Ilham Əliyev batdı! Nədən? Üçüncü dönəm sevgili Azərbaycanı öpüb-qucaqlamaq, yenib-yıxmaq (yeyib-dağıtmaq!) istəyi boşa çıxacaq. Azərbaycan olacaq Iranın bir ostanı. Azərbaycanın prezidenti olacaq ayətulla. Allah, Allah! Görün ata-oğul Əliyevlər 20 illik uğurlu neft-qaz strategiyaları ilə ölkəmizi hara gətirib çıxardılar: Səməd Seyidovun da Vaşinqtonda açıq-açığına bildirdiyi kimi, bu gün Azərbaycanda Ilham Əliyevin ən real (hərəkatı demirəm!), eləcə də ən qorxulu alternativi hansısa ayətulladır. Çox pis!
Quzeydən qorxuya gəlincə, görəsən, bu, Dağıstan ola bilərmi? Bir rusiyalı KQB polkovnikinin dediyinə (qəzetdə deyib!) görə, 1993-dən bu yana uzun illər belə olub: hər seçki öncəsi administrator-filosof R.Mehdiyevin çağırışı ilə Dağıstanda Rusiyanın Ruşaylo, Lebedev başçılığında kiçik qoşun kontingenti gəlib dayanırmış; gərəkərsə, ölkəyə soxulub müxalifəti əzmək üçün. S.Seyidovun Vaqşinqtonda dediyindən göründüyünə görə, bunlar Moskvadan ayrı mesaj alıblar: daha bizim müxalifətlə işimiz yoxdur; gəlsək, sizi əzəcəyik! Bax, belə. Bunların illərlə hamıya ata-ata getməkləri hamını, başlıcası da, ən yaxın qonşularımız olan Iranla Rusiyanı cin atına mindirib. Vikiliks də iş tapdı: gizlinləri açıb tökdü. Sən demə, I.Əliyev ABŞ diplomatları ilə görüşlərdə Iranla Rusiyanı “baqaja” qoyurmuş – üstü açılıb, ara dəyib.
Gəldik çıxdıq mister Seyidovun son sözlərinə: “ABŞ-la birgəlik istəyimizə görə bizi sendviç kimi əzirlər”. Tərsinə gedək. “Sendviç” bizim dildə yaxmac kimi bir nəsnədi. Bilirsiz, bizdə çörək urvatlı tutulduğundan, belə yox, başqa cür deyərlər: bizi siçan kimi əzirlər. ABŞ-la birgəlik istəyinə gəlincə, bütünlüklə yalandır. ABŞ hara, siz hara! ABŞ demokratiyadır, siz diktatura. ABŞ 20 ildir sizə “ilan dili” çıxarıb yalvarır: ən azı, seçkidən-seçkiyə demokratiyaya doğru DAHA BIR addım atın, belə-belə bizə yaxınlaşın, bizlə birgə olun – demokratiya birgəsi! Sizsə…
Beş-altı il bundan qabaq, elə ilin bu çağları I.Əliyev Yer üzünün hər yanından özünün bütün baş diplomatlarını Bakıya yığıb açıq-açığına bildirdi: “Biz heç kimdən qorxmuruq: bizim çoxlu pulumuz, dünyada analoqu olmayan inkişafımız, Qafqazda hamıdan güclü ordumuz var, gedin özünüzü hər yerdə belə güclü dövlətin diplomatları kimi aparın!”. Yarımasın, yarçımasın, sən demə, yağının casusu varmış, getdi soraq apardı. Böyük güclərə soraq çatınca: “Bu işi belə qoymaq olmaz, dedilər, gəlin bunu birgəlikdə yenəlim!. Mərə kafir, yenməyə çağmı tapdın?!

Azərbaycanın başlıca qorxusu
•