Yaxşı yadımdadı, Novruz bayramının rəsmən yasaq olduğu çağlar, bayrama həftələr qalmış, kəndimiz sözün gerçək mənasında sanki qış yuxusundan ayılar, silkinib özünə gələr, görkəminə əl qatıb təpədən dırnağa yara-yaraşığa minərdi. Hər yanda təmizlik işləri başlardı, çiy kərpicdən tikilmiş, palçıq suvaqlı evlərin üzünə şirə verilər, əhənglənib ağardılardı. Xalça-palazı, yorğan-döşəyi həyətə töküb günə verər, tozunu-torpağını, hisini-pasını alar, yenidən yüklüyə yığar, bayram günü isə evlər başdan-ayağa bayramdan-bayrama evə döşənən xalça-kilimlə süslənər, hamısı birlikdə adama ilahi enerji verərdi. “Novruz gülü” dediyimiz qar çiçəyinin torpaqdan baş qaldırması yeni həyatın başlamasının, ayılmanın ilk siqnalı olardı və hər kəs Novruzu tər təmiz içlə-dışla qarşılamağa hazırlaşardı. Insanlar təbiətlə tam harmoniyada yaşayırdı. Sanki o vaxtlar adamlar da gec-gec ölərdilər. Əslində “sanki”siz də beləydi. Müqayisə eləyəndə görürəm ki, gerçəkdən elə olub – indi bir ayda dünyasını dəyişənlər o vaxtın bir ilindəki ilə eyni, hətta daha artıqdı. Son 15 gündə kəndimizdə 10 yasa baş çəkmişəm.
Bu bayramı qaşqabaqla qarşılamaq, mısmırığını sallamaq günahdı. Ancaq neynəyəsən ki, hətta bayram öz bayramlığını da itirib. Dadı-duzu qaçıb. Novruz rəsmi yasaqdan çıxandan sonra elə bil ürəklərdən də çıxıb gedib. Bir ara düşünürdüm ki, bəlkə onda uşaqmışıq, bayramı o cür sevə-sevə, uça-uça qarşılayıb, o cür təəssüflə də uğurlayırmışıq. Bayram bitəndən sonra elə qəmə batırdıq ki! Ancaq sonra baxdım ki, yox, məsələ uşaqlıqda deyil, indi də bizim o vaxtkı yaşımızda olan uşaqlar var, ancaq bizdən heç də az dərdli və qaşqabaqlı deyillər, bayramın gəlişini də, demək olar, hiss eləmirlər. Axı uşaqlar böyükləri həvəsləndirəndə, onların xətrinə də olsa, böyüklər çalışır ki, özlərini şən göstərsin. Onu da deyim ki, bizim çağda böyüklər heç də bizdən az həvəslənmirdilər. Axır çərşənbə günü atam kəndə, hamının toplaşdığı yerə çıxardı, əvvəlcədən seçdiyimiz bərk (bizimkilər “misleyim” deyərdilər, yəqin ki, mis və lehim sözünün birləşməsindən) yumura çaqqışar, “hellətdi” (dik yerdən yumurtaları diyirlətmə), “hilmərə” – küləbasdırma oynayar, deyib-gülər, həyəcanlanar, mübahisə elərdilər. O zaman onlar bizim indiki yaşımızdan (40-45) sinniydilər, ama ürəkləri, ruhları gənc idi. Atam Rayon Xalq Maarif Şöbəsinin müdiriydi, əmim Dəri-Zöhrəvi xəstəxanasının baş həkimiydi, Toyuq fabrikinin müdiri vardı (sexdən yaxşı yumurtalar gətirərdi, bəzən kənd yumurtasından da bərki olardı)… rəsmən yasaq olan bayramı bu dövlət məmurları bizdən də şən keçirərdilər, od üstdən atlanar, lopa, tüfəng atardılar.
O zamanlar Ilaxır çərşənbədə məktəblilərə tətil olmazdı, yanıb-tökülərdik, dərsdən evə nə vaxt çatacağımızı gözləyə-gözləyə bağrımız çatlardı. Evə çatan kimi bayram paltarımızı geyib cibimizi qovurğayla doldurub, yumurta döyüşünə yollanar, axşamtərəfi bizə qoşulan böyüklərimizlə də evə bayram süfrəsinə qayıdardıq.
Bunları niyə xatırladım? Ona görə ki “Bəs indi?” sualını vermək istəyirdim. Insanlar o qədərmi qayğısızdılar o çağ? O qədərmi dərd-sər yox idi? Axı yaşamaq, dolanışıq həmişə çətin olub. Ancaq o vaxtkı bayramlarda ən imkansız ailələri də böyüklü-kiçikli sevinc içində görərdik. Bəli, kasıblıq idi. Biz bir rayonun maarif şöbəsinin müdirinin ailəsi belə təmtəraqlı həyatın nə olduğunu bilmirdik. Təvazökar həyatımız vardı. Ancaq nə üçünsə nəşəliydik. Totalitar rejimli dövlətdə yaşayırdıq. Nə söz hüququ vardı, nə düşüncə. Ancaq bunu çoxları hiss etmirdi. Bəlkə elə məsələ Anton Çexovun “6 nömrəli palata”sındakı sözün başındadı: “Ağrı – ağrı haqda təsəvvürdən başqa bir şey deyil…”. Hər nədirsə, bizim indi nəinki ağrı haqda təsəvvürümüz var, özümüz iliyimizə qədər ağrıyıq. Indi qaşqabaqlı olmayıb, neynəyəsən?
Indi biz axır çərşənbədə tətildəyik. Ancaq buna sevinmək yerinə Bakı Dərin Özüllər Zavodunda fəhlələrin tətilə başlaması haqda düşünürük. Olsun, bu tətildə də sevindirici bir şey var. Oyanış həmişə bayramdı…

Acı bayram tətilləri
•
•