Bilmirəm, fikir vermisiniz, ya yox, rejimin danışmağa öz adamları yoxdur, hər mövzuda üç-dörd adamın ümidinə qalıblar – Siyavuş Novruzov, Mübariz Qurbanlı, Əli Əhmədov.
Əvəzində isə vaxtilə bu sistemlə qanlı-bıçaq olan, ona ən ağır yarlıqlar yapışdıran adamlar özlərini yeri gəldi-gəlmədi, yaptokratiyaya qarşı ittihamların, tənqidlərin qabağına verirlər, inqilab söhbətlərində isə xüsusi canfəşanlıq göstərir, qara-qışqırıq salırlar.
Bir zamanlar sistemə baltanı dibindən vuran, özləri də rejimin haqsızlığını, zülmünü dadmış adamlar indi hər dəfə hakimiyyət üçün çətin situasiya yarananda siyavuşlardan, mübarizlərdən, əliəhmədovlardan daha çox əl-ayağa düşür, onun müdafiəsi üçün daha çox tər tökürlər.
Heç bu cür adamlardan ayın neçəsi olduğunu soruşan da yoxdur, amma bir əndişə, bir həyəcanla, yuyulmamış qaşıq kimi hər söhbətin içinə girirlər.
Əlbəttə, məqsəd özlərini rejimə daha şirin salmaq, ona daha xoş gəlmək, onun qarşısındakı öhdəliklərinə sadiqliklərini sübut etməkdir. Amma xüsusən son vaxtlar bunu elə hay-küylə, haray-həşirlə, qara-qışqırıqla, saçlarını yolaraq, üz-gözlərini cıraraq edirlər ki, adam təəccüblənir. Təəccüblənir ki, bəzən hətta Siyavuş Novruzovu-zadı vurub keçməyə nə hacət var axı?
Mən bir az düşünüb, bunun səbəbini tapmışam, deyəsən.
Dəhşət kompleks keçirirlər. Həm əvvəlki mövqelərindən, əqidələrindən 180 dərəcə dönərək, toplumun, bu günki və gələcək nəsillərin gözündən düşərək necə bir sistemi müdafiə etdiklərinin fərqindədirlər, həm də o sistemin sonunu bilirlər.
Qaçılmaz dəyişiklikdən sonra həm Əli aşından, həm Vəli aşından olacaqlarının fərqindədirlər.
Necə ağır suallarla, necə qınaqlarla, tənələrlə üzləşəcəklərini anlayırlar.
Tərcümeyi-hallarındakı az-çox təmiz səhifələri korrupsiya pulları, deputat mandatı, nə bilim daha nələrlə kirlətmələrinin bədəlini ödəmək, hesabını vermək çox ağır gəlir belələrinə. Dözülməz görünür.
Ona görə də ölkədəki dəyişiklik ən çox bu cür adamları qorxudur, narahat edir, əndişələndirir.
Bu qorxu ilə, əndişə ilə, narahatçılıqla yaşayacaqdınızsa, həqiqəti yalana…
Xeyiri Şərə…
Düzlüyü fırıldağa…
Azadlığı köləliyə dəyişməyə dəyərdimi?
Dəyərdimi, yoldaş yuyulmamış qaşıqlar?!
Qansız müharibələrdən daha amansız
Xatırlayacaqsınız, bir neçə gün əvvəl Naxçıvanda naməlum şəxslər Müsavatın yerli sədri Sabir Vəliyevi döymüşdülər.
Əslində “naməlum şəxslər” demək də doğru deyil, söhbət Naxçıvandan və bir müxalifətçidən gedirsə, döyən də, döydürən də, döyülmənin səbəbi də aydındır.
Dünənsə xəbər gəldi ki, Sabir bəyi yarımcan halda, müalicə aldığı xəstəxanadan çıxarıblar, həkimlər deyiblər ki, onun vəziyyəti yaxşıdır. Indi döyülən müsavatçının qardaşı heyrətlə soruşur: “Bu necə ola bilər ki, xəstə özünü yaxşı hiss etmədiyini deyir, həkim isə vəziyyətinin yaxşı olduğunu söyləyir?!”.
Heyrətlənməli bir şey yoxdur, prezidenti hamının adından hamının yaxşı yaşadığını deyən bir ölkədə həkim xəstənin adından “özünü yaxşı hiss etdiyini” niyə deməsin?
Bunlar 20 ildir elə bununla məşğuldurlar: bizim adımızdan yaxşı yaşayırlar, özlərini yaxşı hiss edirlər və s. və i.a
Sadəcə, biz ölkədə yeni növ faşizmin – urfaşizmin təntənəsindən danışanda ağız-gözünü əyənlərdən soruşuruq: ağır döyülmüş, xəsarətləri sağalmamış bir insanı xəstəxanadan çıxarmaq, onun müalicəsinə belə, imkan yaratmamaq faşistcə bir davranış deyilsə bəs nədir?
Hətta ən qanlı, amansız müharibələrdə belə, yaralının müalicə almaq, sağalmaq üçün döyüş meydanından çıxarılmasına imkan verirlər.
Bunların xalqa elan etdiyi müharibədə isə hətta bu sıradan, adi insani hərəkətə də yer yoxdur.

Yuyulmamış qaşıqlar
•
•