Vəkil ona yaranan təhlükə barədə danışdı
Tanınmış vəkil Qurban Məmmədovu həbs etmək istəyirlər. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Qurban Məmmədovun hakimiyyətə qarşı prinsipial mübarizəsi “yuxarıları” ciddi narahat edib. Bu baxımdan vəkilə qarşı təxribat hazırlanır və onun qondarma ittihamlarla həbsi planlaşdırılır.
Qurban Məmmədovun özü isə bizimlə söhbətində hakimiyyətin bu cür absurd addım atacağına inanmadığını deyib: “Inanmıram ki, hakimiyyət o qədər başını itirib ki, məni şərləyərək həbs etsin. Doğrudur, bir məsələyə görə məni narahat edirlər. Söhbət təxminən bir il əvvəl baş vermiş qəzadan gedir. Mən avtomobil dayanacağında maşını saxlayanda oradakı nəzarətçinin səhv komandası nəticəsində başqa bir maşın da dayanacağa girib və nəticədə o, iki maşının arasında qalıb. Yəni, nəzarətçinin diqqətsizliyi və səhv komandası nəticəsində bu hadisə baş verib. Həmin yerdə xeyli sayda müşahidə kamerası var və onunla müəyyən etmək olar ki, günah kimdədir. Buna baxmayaraq mən onu dərhal xəstəxanaya apardım, müalicə etdirdim, hətta işləyə bilmədiyinə görə mən ona 6 ay 300 manat yardım etdim. Bu hadisənin üstündən xeyli müddət keçsə də, bu yaxınlarda məni 20-ci polis bölməsinə dəvət etdilər. Orada Maqsudov Mürsəl Isa oğlu bir şəxs üzümə durdu ki, guya qəzanın şahidi olub və məni ittiham etdi. Lakin bir-iki sual verdikdən sonra aydın oldu ki, bu şəxs öyrədilmiş adamdır. Çünki o deyirdi ki, qəza axşam olub. Halbuki hadisə günorta baş verib. Qısası, mən bildim ki, bunu öyrədiblər ki, üzümə dursun. Blə bir şey var. Amma yenə də inanmıram ki, hakimiyyət buna getsin. Digər tərəfdən isə həbsdən qorxmuram, çəkinmirəm”.