Maraqlıdır ki, Ilham Əliyev gənclərə, o cümlədən hazırda yeni nəslin favorit təşkilatı olan NIDA-ya qarşı repressiyaları davam etdirdiyi günlərdə özünün tabeliyində yaradılmış Gənclər Fonduna 5 milyon manat ayırdı. Mən təzad axtarmıram və demirəm ki, bu nədir, bir tərəfdən gənclər şərlənib həbs edilir, o biri tərəfdən guya “gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına… yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə” pul ayrılır. Burada təzad yoxdur, çünki son günlərin həbsləri ilə bu pulların ayrılmasının motivi eynidir. Hər ikisi repressiyaya, azad gəncliyi boğmağa yönəlib.
Çünki Gənclər Fondu adı ilə ayrılan vəsait gəncləri ələ almağa, onlardan korrupsiya hakimiyyətinin ruporu olacaq simalar düzəltməyə, azadlıq istəyənləri, etiraz edənləri və bu hakimiyyətə tərif deməyənləri şərləyən öncüllər yetişdirməyə xərclənəcək. Bu, xalqın pulunu xalqa qarşı gənclik yetişdirmək üçün sərmayə qoymaqdır. Hətta rüşvətdir – prezidenti dəstəkləmək üçün kimlərisə dövlətin pulu ilə bəsləməkdir.
Həmin gənclər isə hər işin başında deyəcəklər:
– Niyə hər şeyi siyasiləşdirirsiniz?
– Iş olan yerdə problem də olar, burda nə var ki!
– Bu qədər inkişafı necə görməmək olar və s.?
Normalda gənclərə yaxşı təhsil vermək lazımdır, iş yeri təklif etmək lazımdır. Onlara ədalət və güvən lazımdır. Onlara qanunlara sayğı bəslənən, haqların qorunduğu bir cəmiyyət gərəkdir. Hər hansı bir fond bunu necə əvəz edə bilər? Gənclər yeni, ədalətli, müasir, rifahlı bir ölkə istəyir, onlara fond açırlar. Bu qədər olanlardan sonra yenə də eyni niyyətlə, eyni düşüncə ilə cəmiyyəti idarə etmək bir şeyi sübut edir: bu hakimiyyət o qədər köhnəlib ki, onun gənclərin nə istədiyini başa düşməsi çətin məsələdir.
Bunlar başa düşmür ki, NIDA-nı bir təşkilat olaraq çökdürə bilsələr də, NIDA-çılığı bu ölkədə çökdürmək mümkün olmayacaq. NIDA artıq böyük bir missiyanı həyata keçirib – bu təşkilat gəncliyin inamını özünə qaytarmaqda misilsiz rol oynadı. Göstərdi ki, hətta heç bir qüvvədən dəstək almadan da gənclər təşkilatlana və öz haqları uğrunda mübarizə apara bilərlər. Gəncliyin özünütəsdiqi baxımdan yanaşsaq, onların varlığı başqalarında da yaxşı mənada qıcıq, rəqabət və fəallaşma istəyi yaratdı. Hətta indi partiyaların gənclər təşkilatları az qala ayrıca bir güc kimi meydana çıxmaq istəyir. Indi gənclər mübarizə aparmağı özünə fəxr sayır. NIDA ölkədə ən ciddi ictimai təşkilatlardan biridirsə, NIDA-çılıq geridönməz, qarşısıalınmaz bir tendensiyadır. Yəni bu, elə azadlıq və ədalət istəyinin böyüməsidir.
Aşağıda NIDA-nın manifestinin oxuyun, görün bu cür işıqlı ideyalarla başlayan prosesi dayandırmaq mümkün olacaqmı? Məşhur bir əsərdən ölkə başçısının etirafı yada düşür: bu cür işıqlı gəncliklə döyüşmək – Tanrı ilə döyüşməkdir. O da var ki, bu işıq bu ölkə üçün, gələcək üçün həyati əhəmiyyət daşıyır.
“NIDA”nın manifestində deyilir:
Biz yeni, azad nəsilik! “Nida” azadlıq və ədalət istəyir və xalqımızın ona layiq olduğunu iddia edir! Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq “Nida” keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!
Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq! Biz pul qazanmaq və karyera qurmaq haqqında düşünmürük! Çünki azadlıqlar olmayınca heç bir xalq səfalətdən qurtulmur, heç bir ölkə həqiqi inkişafa nail olmur, onun vətəndaşları da xoş gələcəyini qura bilmir. Azadlıq olmayan ölkədə heç kim bəlalardan sığortalanmayıb.
“Nida” azadlıq, ədalət və həqiqət istəyir! Bunun üçün biz özümüz hakimiyyətə gəlmək istəmirik! Lakin “Nida” ölkəmizdə dəyişikliklər istəyir! Ölkəmizdə hakimiyyətin xalqın iradəsi ilə qurulmasına tərəfdardır.
“Nida” zorakılığa “yox!” deyir və öz fəaliyyətində qeyri-zorakı mübarizə formalarından istifadə edir!
Biz azad və inkişaf etmiş dövlətdə yaşamaq istəyirik! Istəyirik ki, bizi yüksək döyüş qabiliyyətli peşəkar ordu qorusun, tələbələr isə rahat təhsil alsınlar! Biz hakimiyyətin azad və ümumi səsvermə yolu ilə demokratik şəkildə dəyişməsini istəyirik! Biz azad və müstəqil KIV-dən məlumat almaq istəyirik! Biz istəyirik ki, qanunlar ədalətli və hamı üçün eyni olsun! Artıq səsimizi duyurmaq vaxtıdır!
Azadlıq əldə etməkdən başqa yolumuz qalmayıb! Nidanız güclü olsun!

İşıqla döyüşmək
•