Əli Kərimli xalqı təbrik etdi

AXCP sədri Əli Kərimli Novruz bayramı münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlərim, sizi Novruz Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu qədim, milli bayramı keçirmək  zaman-zaman işğalçı rejimlər tərəfindən yasaq edilmiş, dədə-babalarımız min bir əziyyətlə onu yaşatmış və bu günə qədər gətirib çıxarmışlar. Bu da xalqımızın absurd qadağalara baxmayaraq nə qədər  milli adət -ənənələrə sadiq, işğalçı imperiyalara etirazçı olmasının bariz nümunəsidir. Hazırda Novruzun keçirilməsi sərbəst olsa da, dövlət səviyyəsində qeyd edilsə də bilirəm ki, yenə də xalqımız onu ürəkaçıqlığı, şadlıq içində bayram edə bilmir. Bir çoxlarınız maddi imkansızlıq ucbatından süfrənizə istədiyiniz nemətləri düzə bilmir, övladlarınızı ürəkdən sevindirə bilmirsiniz. Ailə başçısı minlərlə kilometr uzaqda çörəkpulu qazanan, övladları hərbi xidmətdə baş verən özbaşınalıqlar ucbatından ölən, 25 ilə yaxındır erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızdan didərgin düşən qaçqın ailələr də az deyil. Mövcud antimilli iqtidar öz hüquqları, söz, yığıncaq və toplaşmaq azadlıqları  uğrunda  mücadiləyə qalxmış neçə-neçə gənclərimizə, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif partiya təmsilçilərinə məhbəs həyatı yaşadır. Lakin sevindirici haldır ki, indi minlərlə gənc, yaşlı, qadın, yeni-yeni qüvvələr müxalifətin işıqlı gələcək, demokratiya uğrunda on illərlə apardığı mübarizəyə qoşulub, diktaturaya yox deyir, haqqını tələb edir.
Novruz yeni gün, təbiətin oyanışı, dirçəlişi deməkdir. Bu bayram insanlara bir ümid, gələcəyə inam, optimizm gətirib həmişə.  Mən əminəm ki, sizlər, əcdadları bu bayramı unutdurmamaq üçün hər cür əzab-əziyyətə dözmüş vətəndaşlarımız öz haqlarınız, azadlığınız uğrunda da böyük əzmlə  birgə mübarizəmizi davam etdirəcək, ədalətli cəmiyyət, demokratik dəyərlərin vətənimizdə bərqərar olmasına nail olacağıq.
Hörmətli həmvətənlərim, Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edir, üzləşdiyiniz çətinliklər ucbatından ruhdan düşməməyə çağırır, özünüzü və gələcək nəsillərinizi layiq olduğunuz firavanlığa, tərəqqiyə qovuşdurmaq naminə  şərəfli ömür sürməyinizi, yüksəlişə, xoşbəxtliyə, işıqlı günlərə tezliklə çatmanızı arzulayıram. Qoy Novruz tonqallarınız gür yansın, Azadlıq alovu ürəyinizdən heç vaxt əskik olmasın!