Elşad Abdullayevin qardaşının oğurlanmasını ört-basdır etmək üçün DIN hansı addımları atıb?
Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş Prokurorluğun Ağır cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zərərçəkmiş şəxs qismində 15 may 2009-cu ildə verdiyi ifadə redaksiyamıza daxil olub. Sabiq rektorun ifadəsini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Rəis müavini zəng edərək hədə-qorxu ilə məndən 50 min dollar tələb etdi
“23.11.2003-cü il tarixdə 050 384 33 08 saylı telefonla mənim 050 2128215 saylı telefonuma zənglər oldu və qardaşımla birlikdə həmin gün saat 20 radələrində BMV-X5 markalı maşınla Kürdəmir yoluyla Zaqatalaya getdik. 16.11.2003-cü ildə həmin telefonla saat 02.41-dən başlayaraq mənə tanımadığım bir nəfər dəfələrlə zəng etdi. Sonradan adını bildiyim bu şəxs Kürdəmir rayon polis şöbəsinin rəis müavini Qalib idi və o, zəng edərək hədə-qorxu ilə məndən 50 min dolları Zaqatalaya gətirməyi və pulu rayonun girəcəyindən 1 km aralıda yerə atmağı tələb etdi. Qalib öz adamları tərəfindən izləndiyimizi deyərək Mahirin onun əlində olduğunu söylədi və söhbətimizi davam etdirəcəyini dedi. 16.11.2003-cü il tarixdən 23.11.2003-cü ilədək həmin şəxs aramsız olaraq telefonuma zəng edərək məni Zaqataya pulu gətirməyi söyləyib. Ayın 23-də qardaşlarım Ismayıl, Eldəniz, Elsevərlə birlikdə evdə olarkən yenə də zəng olundu və pulu gətirməyəcəyimiz təqdirdə Mahiri görməyəcəyimizi dedilər. Işin belə olduğunu görüb qardaşlarım və qaynım Mustafayla belə qərara gəldik ki, zəng edən yəqin Mahiri aparan adamdır, ona görə onun qaytarılması üçün 50 min dollar istəyir. Biz zəng edən şəxsin dediyi kimi hərəkət edərək 50 min dolları götürüb Zaqatala istiqamətində yola düşdük. Lakin Kürdəmir dördyoluna az qalmış həmin şəxs mənə zəng edərək maşını ”Azpetrol”un yanında saxlayaraq bir nəfəri gözləməyi tapşırdı. Deyilən yerdə yarım saat dayanandan sonra bir nəfər bizə yaxınlaşıb danışmaq istərkən əli avtomatlı çoxlu polis əməkdaşı bizi əhatəyə alıb heç bir əsas göstərmədən Kürdəmir rayon polis şöbəsinə gətirdilər. Maşınımızı da polis idarəsinin həyətinə saldılar. Sonra bizi Qalib adlı rəis müavininin yanına apardılar.
Bizimlə bağlı əməliyyat üçün daha iki nəfər DIN əməkdaşı rayona ezam olunmuşdu
Bu şəxs maşınımızı DIN-in idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən saxlandığını deyib bizi Zaqatalaya göndərən və bizimlə danışanın da özü olduğunu dedi. Sonra isə qəflətən mənə dedi ki, Mahiri oğurlayan böyük qardaşımın oğlu Mübariz Aslan oğlu Abdullayevdir. Mən bu sözdən çox təəccübləndim və ixtiyarsız olaraq Mübarizin Mahiri oğurlamasından şübhələndim. Bundan sonra Mübarizi bizə təqdim etdilər. Lakin Mübariz Mahirlə bağlı bizə heç bir söz deyə bilmədi. Qeyd edim ki, maşınımızda axtarış aparılmışdı və mən 50 min dolları özümdə saxlamışdım. Hesab edirəm ki, rəis müavini Qalibin mənə və qardaşlarıma qarşı belə hərəkət etməsində əsas məqsədi əsl cinayətkarı müdafiə etmək və gizlətməkdən ibarət idi. Belə ki, bizi şəxsən Kürdəmir RPŞ-nin rəis müavininin 50 min dollar pulla Zaqatalaya nəyə görə aparmaq istəməsini indiyədək başa düşə bilmirəm. Çünki qardaşım oğlu Mübarizin Mahiri oğurlaması barədə Kürdəmir polisində hansısa məlumat vardısa, onda məni zərərçəkmiş şəxs kimi polisə dəvət edərək qanun çərçivəsində məsələlərə aydınlıq gətirmək olardı. Bu hadisəylə bağlı Kürdəmir RPŞ-nin müstəntiqi Anar adlı şəxs məndən izahat almışdı. Həmin vaxt aldığım məlumata görə DIN-in idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən, barəmizdə belə bir əməliyyatın həyata keçirilməsi üçün hətta Nərimanov rayon polis idarəsinin istintaq bölməsinin rəisi və daha iki nəfər DIN əməkdaşı həmin rayona ezam olunmuşdu. Çünki istintaq bölməsinin rəisi olan adını bilmədiyim şəxs qardaşım Elsevərlə tələbə yoldaşı olub. Qardaşım onu hadisə vaxtı rayon polisində görərkən ondan hansı tapşırığa əsasən rayona ezam olunduğunu soruşub. Həmin şəxs də ailəsiylə birlikdə Əli-Bayramlıdan Bakıya qayıdarkən DIN-dən olan zəngə görə təcili şəkildə Kürdəmirə gəldiyini bildirmişdi.
Mahir cəhənnəm, həm özünü, həm də məni zibilə salacaqsan
Bu hadisədən sonra qardaşım oğlu Mübariz Abdullayev uzun müddət yoxa çıxdı və indiyədək onun yerini bilən yoxdur. Başımıza gələn hadisəylə bağlı məcbur qalıb Zahid Dünyamalıyev və Arzu Kazımovskiyə telefon əlaqəsi yaradıb aldadılaraq 50 min dollarla Zaqatala adıyla Kürdəmirə gətirildiyimizi dedim. Bundan sonra Z.Dünyamalıyev Kürdəmir RPŞ-nin rəisi Polad adlı şəxslə telefonla danışdı və sonra bizi şöbədən buraxdılar. Maşınımızı da özümüzə qaytardılar. RPŞ rəisi Polad ezamiyyətdə olmasına baxmayaraq DIN-dən kiminsə göstərişinə əsasən, öz xidməti otağında gizlənərək bu hadisəyə nəzarət edirdi. Mən ibtidai araşdırma orqanından xahiş edirəm ki, yuxarıda göstərdiyim qanun pozuntusu araşdırılsın. Çünki bir hüquqşünas kimi rəis Poladla tanışlığım olduğu üçün ona bildirdim ki, başımıza gələn bu oyun pul üstündədirsə, Qalibin göstərişinə əsasən, Mahirin azad edilməsi üçün gətirdiyimiz 50 min dollarla bizə kömək etsin. Amma Polad ciddi şəkildə dedi ki, bu işin çox böyük xərci var.
Getdikcə Mahirin azad edilməsi üçün tələb olunan pulun məbləği artırdı. Arzu Mahirin salamat olmasına məni inandırmaq üçün alınan pulları ona məxsus “Inşaat-Servis” MTK-nın möhürü və şəxsi imzasıyla təsdiq edərək mənimlə müqavilə bağlayacağını və lazım oln məbləği alacağını dedi. Arzu yalan danışmadığını və Mahiri o və Zahiddən başqa heç kimin qaytara bilməycəyini bildirdi. Bu mövzu barədə Arzuyla dəfələrlə söhbətimiz olub.
Nəhayət, Arzu Mahirin qaytarılması üçün 27.12.2003-cü ildə məni 500.000 dollarla birlikdə “Qız qalası”nın yaxınlığında yerləşən ofisə gəlməyi bildirdi. Mən həmin gün qohumum Sabir Hüseynovla saat 15 radələrində deyilən ofisə gəldim. Qapının üstündə heç bir ünvan yox idi. Məni yenə də Arzu özü qarşıladı və ofisdə tanımadığım arıq, idmançı görkəmində, sonradan adını bildiyim Nurlan Həsənov, 50-55 yaşlarında saçına dən düşmüş, sonradan adını öyrəndiyim Arzunun qardaşı Nizami və digər şəxslər vardı. Arzu N.Həsənovdan soruşdu ki, Mahirin vəziyyəti nə yerdədir, “qorxudan şalvarını batırmayır ki, çətinliyə dözürmü”. Nurlan isə ona dedi ki, qorxsa da hələ dözür. Onların bu söhbəti yanımda olduğundan artıq Mahirin sağ olduğunu başa düşdüm. Sabir Hüseynov ofisdə deyil, çöldə gözləyirdi.
Pulu Arzuya verməzdən əvvəl ona aramızda müqavilə bağlanmasını və tərəflər kimi həmin müqaviləni imzalamağı söylədim. Arzu müqaviləni gətirəndə özü və qohumum Sabir onu imzaladı. Sabir müqaviləni imzalayandan sonra ofisdən çıxdı və Arzunun Nurlana dediyi sözləri eşitmədi. Bu müqavilənin kserosurətini ifadəmə əlavə edirəm.
Arzuya 500.000 dollar yaşayış evi almaq üçün deyil, Mahirin qaytarılması üçün müqavilə bağlanıb. Arzu Zahid Dünyamalıyevin Bilgəhdə pansionatda olduğunu deyərək pulu aparıb şəxsən ona təhvil verməyi söylədi. Mən Arzuya bu işin birdəfəlik qiymətini söyləməyi deyəndə, o, Zahid Dünyamalıyevin onun haqqında başqa cür fikirləşməsini istəmədiyini bildirdi: “Elə bilməsin ki, guya ona atıram”. Mən Arzuya etiraz edəndə o, adam oğurluğunun öz qanunları olduğunu və bu işdə diqtəni qarşı tərəf deyil, özləri etiyini bildirdi. Bu sözdən sonra məni hədələyərək dedi ki, pulu Dünyamalıyevə təcili çatdırmasaq, onda Mahir cəhənnəm, həm özünü, həm də məni zibilə salacaqsan. Çünki hələ dərk eləmirsən ki, kimlərlə iş görürsən.
Arzu Dünyamalıyevə dedi ki, Elşad çox etibarlı adamdır
Arzunun dediklərini sirr kimi saxladığımdan çox əziyyət çəkirdim. Mahirin sağ-salamat evinə qayıtması üçün qohumlarım Əhəd və Sədrəddinə 27.12.2003-cü ildə vəziyyəti anlatdım. Əhəd 400.000, Sədrəddin isə 300.000 dollar, özüm də 200.000 dollar əlavə edib köməkçim Şamil və Arzu ilə Bilgəhdə Zahid Dünyamalıyevin yanına gəldik. Dünyamalıyevin yanında DIN-in narkomaniyaya qarşı mübarizə idarəsinin polkovniki Ağa Abbasovu gördüm və onunla da görüşdüm. Yarım saat söhbət edəndən sonra Ağa Abbasov Zahid Dünyamalıyevin göstərişylə otağı tərk etdi. Arzu isə Dünyamalıyevə dedi ki, Elşad çox etibarlı adamdır. Ona söz vermişəm ki, Mahiri sizin köməyinizlə evinə buraxılmasına kömək edək və bunun üçün də biz bura hazır gəlmişik. Bundan sonra gətirdiyim pulu otağa qoyub Arzuyla birlikdə onun qara rəngli “Mersedes S Klass” markalı maşınıyla geriyə, şəhərə döndük. Həmin vaxt maşını Arzunun sürücüsü Ağalar sürürdü. Arzudan vəziyyətin necə olduğunu soruşanda o, hər şeyin qaydasında olduğnu və nəticəni yaxında görəcəyimi dedi. Onunla ofisin yanına gələndə Arzu dedi ki, Mahiri sabah, yəni 28.12.2003-cü ildə qaytaracağıq, lakin səs-küy olmasın deyə, qardaşlarının birinin evində müvəqqəti olaraq yerləşdirmək lazımdır. Çünki Mahir barəsində axtarış verilib. Bundan sonra qardaşım Elsevər, Ismayıl, Eldənizlə gecə saat 24 radələrində Elsevərin yaşadığı evin həyətində görüşdük. Qardaşlarıma bildirdim ki, hələlik sirr olaraq sizə heç nə deyə bilmərəm, Lakin mötəbər bir adamın dediyinə görə Mahiri sabah buraxacaqlar. Mahiri bizim birimizin evində ara sakitləşənə qədər saxlamalıyıq. Qərara gəldik ki, Mahiri Elsevərin evində saxlayaq. Səhərisi gün axşam saat 24 radələrində həyətdə Mahiri gözləyərkən gözlədiyimizin əksinə olaraq, Arzu ilə Zahid Dünyamalıyev Elsevərin yaşadığı “Istambul evi”nə, ağ rəngli “Mitsubişi” markalı CIP maşınında həyətə gəldi. Arzu maşından düşəndə ondan Mahiri soruşdum. O isə sərxoş vəziyyətdə dedi ki, Mahirin işi bir az gecikir, bu çox çətin işdir, yenə də pul vermək lazımdır. Bu zaman əsəbimdən dözə bilməyib onun üstünə qışdırdım ki, sən məni deyəsən dolamısan, Mahirin qaytarılması üçün sizin bütün şərtlərinizi necə lazımdır yerinə yetirmişəm. Bu vaxt Arzu çox sərxoş olduğundan mənə dedi ki, sabah ofisə gəl, orada söhbət edək. Sonra da hər ikisi çıxıb getdi.
Səhərisi gün mən yenə də Arzu ilə onun ofisində görüşdüm”.
Ardı var