aliyev-mammadyarov

Əliyevlərin iflasa uğrayan xarici siyasət doktrinası

aliyev-mammadyarovSülalə hakimiyyəti çətin vəziyyətə düşüb; daha dövlət maraqlarını satıb xilas olmaq mümkün deyil

Rəsmi Bakı Türkiyənin regionda fəallaşmasına qarşı çıxmağa cəhd edir

“Azərbaycana əsas təhlükə Şimaldan və Cənubdan gəlir. ABŞ-la müttəfiqlik niyyətimizə görə bizi sendviç kimi əzirlər” – Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov Vaşinqtonda Azərbaycanın lobbi təmsilçilərinin Con Hopkinis Universitetində düzənlədiyi konfransda belə deyib. “Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaq niyyətində deyil” – Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənov…
“Azərbaycan Avropa Birliyinə üzv olmağı qarşısına məqsəd qoymayıb” – Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev…
“Irəvan-Van aviareysinin açılmasını işğalçılara dəstək kimi qiymətlədiririk. Türkiyə bu addımı ilə işğalçılara faktiki dəstək verib” – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov…
“Azərbaycan Avrasiya Ittifaqının və Gömrük Ittifaqının üzvü olmaq niyyətində deyil” – dövlət başçısı Ilham Əliyev.
Nəhayət, iki il əvvəl Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasını da yada salaq və rəsmi Bakının yürütdüyü xarici siyasətin prioritetlərini, mahiyyətini müəyyənləşdirməyə çalışaq.

Bəs uğurlu xarici siyasət hanı?

Dövlət rəsmilərinin yuxarda qeyd olunan açıqlamalarından görünür ki, Azərbaycan beynəlxalq iqtisadi və təhlükəsizlik sistemlərinə qoşulmaq niyyətində deyil. Vaxtaşırı Iran, Rusiya, Türkiyə və Avropa dövlətləri ilə problemlər meydana çıxır. Rəsmi Bakı ölkənin qonşularını və nüfuzlu Qərb dövlətlərini Azərbaycana təzyiq göstərməkdə ittiham edir.
Vəziyyət hakimiyyətin təqdim etdiyi kimidirsə, Azərbaycan niyə hər tərəfdən çarpaz təzyiq altındadır? Regionda müxtəlif maraqları olan qüvvələrin hamısı ilə münasibətlər niyə pisdir? Nəhayət, Qarabağ kimi problemi olan ölkənin müttəfiqləri niyə yoxdur? Bəs rejim başçısı Ilham Əliyevin vaxtaşırı bəyan etdiyi uğurlu xarici siyasət nədən ibarətdir?

Rusiyayönümlü siyasətin “bəhrəsi”

Azərbaycanın xarici siyasəti rejimin xarakterinə və maraqlarına uyğun formalaşdırılır. Başlıca olaraq ailənin gəlir-çıxarları əsas götürülür, hakimiyyətin möhkəmləndirilməsi üçün hətta dövlətin milli maraqları tez-tez tapdalanır. Bir neçə misal gətirməklə mövzuya davam edək:
Rusiya Qarabağ probleminin yaradıcısı və həllinə mane olan əsas qüvvədir. Amma Heydər Əliyevin hakimiyyətə gəlişilə rəsmi Bakı xarici siyasətində Rusiyanın maraqlarını həmişə üstün tutub. Moskvanın işğalçıya hərtərəfli dəstəyinə rəğmən, Azərbaycan hakimiyyəti nə qardaş Türkiyə, nə də Qərb dövlətlərilə strateji münasibətlər qurmayıb. Enerji ixracatçısı olmaqla kifayətlənib, beynəlxalq təşkilatlara inteqrasiya etməyib. Avropa Birliyi, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası ilə məsafəni uzaq saxlamaq siyasətini davam etdirir.
Rusiya avtoritar mahiyyətinə görə həmişə post-sovet məkanında zəif, cəmiyyətlə qarşıdurma içində olan ailə hakimiyyətlərinin qalmasında maraqlı olub. Çünki onları təzyiq altında saxlamaq çox rahatdır. Belə rejimlər demokratik sistemlərin qurulmasına və Qərbin nüfuz dairəsinin genişlənməsinə əngəl olurlar. Həmçinin rejimlər iqtisadi və siyasi cəhətdən də zəif, xaricdən asılı olmaqla regiondakı əsas gücün vassallığına müqavimətsiz razılaşırlar.
Əliyevlər məhz avtoritar, korrupsioner hakimiyyətlərini müdafiə etdiyinə görə saatlarını Kremllə tutuşdurmağı məqbul seçiblər. Bu siyasət Azərbaycan dövlətinin milli maraqlarına zidd olub, ölkənin müttəfiqsiz və inkişafdan qalmasına, Qarabağ probleminin həll olunmamasına gətirib çıxarıb.

Əliyev milli maraqları Rusiyadan müdafiə edir, yoxsa?..

Amma bu gün rejim mənsubları Rusiyanı ittiham etməyə başlayırlar. Hətta ABŞ-da dövləti aşağılayıb Rusiya və Iran tərəfindən əzildiyini kobud misallarla göstərib dəstək istəyirlər. Bəlkə rejim nəhayət milli maraqları müdafiə etməyə, Rusiyanın Azərbaycana qarşı təhlükəli mövqeyini dərk etməyə başlayıb?
Vladimir Putinin ikinci hakimiyyət dönəmi Rusiyanın keçmiş sovet məkanında yeni xarici siyasət doktrinasının həyata keçirilməsilə xarakterizə olunur. Moskva açıq tələb qoyub: post-sovet ölkələri Avrasiya və Gömrük ittifaqlarına qoşulmalıdır. Azərbaycan, Ukrayna və Gürcüstan istisna olmaqla, keçmiş ittifaq respublikaları Putinin tələbilə razılaşıb. Məlumdur ki, Ilham Əliyev şəxsən Kremlin təkliflərini rədd edib.

Əliyev nəhayət, Azərbaycanın milli maraqlarınımı əsas götürüb?

Son illərdə ilk dəfə sülalə hakimiyyətinin maraqları ilə dövlət maraqları üst-üstə düşüb. Əlbəttə, Rusiyanın iqtisadi və siyasi patronajlığı altına girmək Azərbaycanın maraqlarına ziddir. Azərbaycan qardaş Türkiyə ilə strateji münasibət qurub Qərbin siyasi, təhlükəsizlik, iqtisadi strukturlarına inteqrasiya etməlidir. Bu istiqaməti öz hakimiyyətinə başlıca təhlükə sayan Əliyev Rusiya ilə qarşıdurmada yenə öz maraqlarını əsas götürür. Putinin layihələrində yer almaq ailənin kölgə iqtisadiyyatından, monopoliyadan əldə etdiyi milyardlarla qazancı məhv edə bilər. Azərbaycan hakimiyyəti Vahid Gömrük Ittifaqına qoşulmağı bu üzdən rədd edir. Həmçinin qlobal siyasətdə baş verən dəyişikliklər onu Rusiya ilə tam yaxınlaşmaqdan çəkindirir. Qərbin Belarusa tətbiq etdiyi sanksiyaların hədəfinə çevrilmək istəmir, çünki bu da sonucda hakimiyyətin itirilməsilə nəticələnə bilər.

Türkiyə ilə münasibətlər Qarabağa görəmi pisləşir?

2013-cü ilin əvvəlindən Azərbaycan hakimiyyəti qardaş Türkiyə ilə münasibətləri kəskinləşdirməyə başlayıb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Ankaranı işğalçıya dəstək verməkdə ittiham edir.
Bu qarşıdurmanın predmeti ilk baxışdan Qarabağdır, yəni ölkənin başlıca problemi ilə bağlıdır. Türkiyə hökuməti Ermənistanla əvvəlcə iqtisadi, sonra siyasi əlaqələri bərpa etməklə, sərhədləri açmaqda qərarlı kimi görünür.
Rəsmi Bakı hesab edir ki, Türkiyənin Ermənistana qoyduğu embarqoları aradan qaldırması işğalçının mövqelərini gücləndirir, dolayısı ilə iqtisadi, siyasi imkanlarını artırmağa xidmət edir. Əliyev rejimini gerçəkdən rahatsız edən bu məsələdirmi? Ankaranın siyasəti yalnız Ermənistanı dirçəltməyəmi hədəflənib?
Türkiyə Qərbin müttəfiqi olmaqla, regionun ən güclü dövlətlərindən biridir. Tarixən Qafqazda, Şərqi Avropada, Balkanlarda, Yaxın Şərqdə və Rusiyanın nəzarətində olan türkdilli xalqların yaşadığı bölgələrdə strateji maraqları var. Müsəlman Türkiyəsi həm də demokratik sistemi, güclü iqtisadiyyatı, əlverişli coğrafi mövqeyi ilə cəlbedici iqtisadi məkan, böyük bazardır.
Din, dil və milli köklərlə bağlı olan qardaş ölkə Azərbaycan üçün ən mühüm təbii müttəfiqdir. Amma mövcud potensialın çox az bir hissəsindən istifadə olunur. Cənubi Qafqazda tarixi rəqibi – Rusiya ilə toqquşan Türkiyənin regiona nüfuz etməsi hələ də mümkün olmayıb. Çünki qəribə olsa da, Azərbaycanın müqaviməti ilə rastlaşır. Əliyevlər hakimiyyəti həmişə qardaş ölkənin rəqibinin – Rusiyanın xeyrinə seçim edib. Qarabağ münaqişəsində status-kvonun qalmasını təmin etməklə Rusiyanın nəhayətsiz təzyiq imkanları əldə etməsinə şərait yaradır.
Türkiyə birmənalı şəkildə Azərbaycanı müdafiə edib, Qarabağ münaqişəsinə görə Ermənistanı iqtisadi və siyasi blokadada saxlayıb. Bəs Azərbaycan qardaş ölkənin Qafqazda güclənməsinə niyə əngəl olur? Türkiyə ilə viza rejimi aradan qaldırılmır, iri türk kapitalı hələ də Azərbaycanda təmsil olunmur, türk iş adamları dövlətin hər cür təzyiqlərilə üzləşir, türk dili xarici dil kimi efirdən yığışdırılır. Iki ölkə arasında strateci hərbi müttəfiqlik yoxdur, ticarət dövriyyəsi potensialdan qat-qat aşağıdır. Ankaranın təziyqi ilə yaranan Strateji Əməkdaşlıq Şurası ildə bir-iki dəfə toplantılar keçirməkdən başqa bir işə yaramadı.
Əliyevlər rejimi Türkiyəni sevmir, fürsət düşən kimi bu münasibəti hiss etdirirlər. Çünki Türkiyə demoratik dövlətdir, bölgədə onun güclənməsi demokratiyanın yayılmasına, qapalı sistemlərin dağılmasına rəvac verəcək. Türkiyə ilə Azərbaycan arasında dil, baryeri yoxdur, eyni ənənələr, eyni mədəniyyətlər hakimdir. Türkiyə öz varlığı ilə hərəkət etmədən belə, Azərbaycandakı irticaya təhlükədir.
Bu gün Türkiyənin dünyada nüfuzu sürətlə artır, yaxın Şərqdəki despotik rejimlər dağılır və onun yerində Türkiyə siyasi sistemini örnək götürən demokratik quruluşlar yaranır. Türkiyə ərəb inqilablarının əsas ilhamvericilərindəndir, üsyan edən xalqlara hər cür dəstək verib. Beləliklə, yeni dünya düzəninin yaranmasında çox fəal iştirak edir, öz maraqlarını, nüfuzunu bərqərar edir.

Ankaranın yeni siyasəti

Türkiyə nəhayət, Cənubi Qafqazda hərəkətsizliyə son verib, yeni xarici siyasətini tətbiq etməyə başlayıb. Ankara bölgədə münaqişələrlə zəncirlənmiş ölkələri Rusiyanın buxovlarından azad etməyə çalışır. Yerevanla iqtisadi əaləqələrin qurulması əlbəttə, Rusiya və Irandan asılı olan, demoqrafik fəlakətlə üzləşən, iqtisadiyyatı dağılan Ermənistana nəfəs verəcək. Türkiyənin nəhəng iqtisadi potensialı əlverişli çoğrafi mövqeyi bu ölkənin Rusiyadan asılılığını sürətlə azaldacaq. Eyni zamanda, Ermənistandakı avtoritar, militarist rejimin dağılmasına rəvac verəcək. Əksər ekspertlər Cənubi Qafqazdakı etnik münaqişələrin, o cümlədən Qarabağ probleminin həlli yolunu bunda görürlər. Avtoritar Rusiyanın bölgədən getməsi, demokratiyanın bərqərar olması, demokratik dünyaya inteqrasiya Cənubi Qafqaz ölkələrini düşdükləri bataqlıqdan çıxacaraq.
Türkiyənin Qafqaza yönəlik xarici siyasət doktrinası bundan ibarətdir. Azərbaycanın, Ermənistanın bu məsələdə Rusiya ilə həmrəylik nümayiş etdirməsinin, öz maraqlarına qarşı çıxmasının səbəbi budur – rejimlərin maraqları dövlətlərin milli maraqlarını arxa plana atır.
2009-cu ildə baş verən bayraq krizi və Ankaranın geri çəkilməsilə nəticələnən açılım siyasəti bu dəfə daha qərarlı görünür. Indi Azərbaycan hakimiyyətinin və Rusiyanın onu əngəlləmək imkanları xeyli zəifləyib. Bakıda bu “təhlükəni” yaxşı başa düşürlər, qardaş dövlətə qarşı ənənəvi “erməni kartı” da ona görə işə salınıb.

Dünyaya qarşı abstrakt müharibə cəhdi

Qərb ölkələrinə, beynəlxalq təşkilatlara və xarici donorlara qarşı da kampaniya aqressivliklə davam edir. Hakimiyyət rəsmiləri abstrakt şəkildə onları Azərbaycana təzyiq etməkdə, ermənilərin maraqlarına xidmət etməkdə suçlayır. Baxaq görək ki, gerçəkdən Qərb milli maraqlarımıza qarşı çıxırmı?
Avropa Birliyi, xüsusən Almaniya Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verir. Bu yaxınlarda alman hökuməti Ermənistanın Xocalıda hava limanı açmasına qarşı olduğunu bəyan etmişdi. Azərbaycan rəsmiləri bu dəstəyin üstündən sükutla keçdilər. Çünki Qərb, hakimiyyəti avtoritar mahiyyətinə, korrupsiya cinayətlərinə, xalqa qarşı amansız siyasətinə görə kəskin tənqid edir. Bu da sülalə hakimiyyətini rahatsız edir. Onlara Qarabağ məsələsində dəstək lazım deyil, Azərbaycanı talayıb-dağıtmaq fəaliyyətinə göz yumulması lazımdır.
Gizlədilməyən bu qara niyyətdən bir nəticə çıxır: Əliyevlər rejimi Azərbaycan dövlətinə qarşı ən böyük təhlükədir, onların korrupsiyaya əsaslanan sülalə rejimi böyük iqtisadi potensiala, əlverişli çoğrafi mövqeyə malik olan Azərbaycanı çox zəif duruma salıb. Əmək qabiliyyətli əhalinin böyük bir hissəsi ölkədən qaçıb, torpaqların 20 faizi itirilib, xalqın milyardlarla sərvəti talan olunur…
20 illik avtoritarizm Azərbaycanı bu duruma gətirdi – indi dünyanın onlara düşmən olduğunu etiraf edirlər. Bir anti-xalq rejimin belə köməksiz vəziyyətdə qalmasına bəlkə də sevinmək olardı, amma dövlətimiz də eyni durumdadır. Azərbaycanın Əliyevlərdən xilası üçün səfərbər olmaq lazımdır. Qalibiyyətdən sonra sevinməyə dəyər.

Analitik şöbə