aliyev-monteneqro

Əliyevin Monteneqro ilə şübhəli əlaqələri

aliyev-monteneqro«Dukanoviçin ciddi şəkildə pula ehtiyacı var və Əliyev onun üçün nadir təminatlardan biridir»

Əcnəbi jurnalistlər heykəl məsələsindən tutmuş, şübhəli tender qalibiyyətinə qədər bir çox məsələləri təhlil edib…

Son vaxtlar dünya mətbuatında Azərbaycan hakimiyyətini tənqid atəşinə tutan materialların sayı artıb. Bu qəbildən olan növbəti məqaləni dünyada cinayətkarlıq və korrupsiyaya dair araşdırma yazıların hazırlanmasıyla məşğul olan Organized Crime and Corruption Project (OCCRP) təşkilatının əməkdaşı Eliza Ronalds-Hannon qələmə alıb. Məqalə Amerikadakı azərbaycanlıların yaratdığı “azerireport.com” saytında da yayımlanıb. Məqalənin tərcüməsini təqdim edirik:

Əliyevi Meksika olayı çəkindirib

Azərbaycan hökuməti ötən həftə Monteneqroda verilmiş bir bəyanatla daş oymaq diplomatiyasını davam etdirdiyini yenə göstərdi. Söhbət məşhur Azərbaycan şairi, Stalin repressiyalarının qurbanı olmuş Hüseyn Cavidin Monteneqroda heykəlinin ucaldılması və bunun Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilməsindən gedir.
Heykəl kral parkında qoyulacaq. Azərbaycan hökuməti heykəllə yanaşı, parkın yerləşdiyi küçəni də təmir elətdirəcək.
Monteneqro hökuməti proyektin qiymətini açıqlamaqdan imtina edib. Lakin bildirib ki, bu fəaliyyət bir neçə milyon dollara başa gələcək.
Azərbaycan hökuməti son illərdə bir çox başqa ölkələrdə, o cümlədən Bosniya və Herseqovina, Serbiyada da heykəllər ucaldıb. Lakin bunların hamısı keçmiş prezident Heydər Əliyevin heykəlləri olub.
“Görünür, bu, Azərbaycan hakimiyyətinin yeni siyasətidir – hansısa dövlətlə, xalqla dostluğa başlayan kimi dərhal orada Heydər Əliyevin heykəlini ucaldırlar”, – deyə azərbaycanlı blogger Əli Novruzov bildirib.
Blogger deyir ki, Azərbaycanın hər yerində Heydər Əliyevə heykəl qoyulub, indi də bu ənənəni xarici ölkələrə “ixrac edirlər”: “Bu, ölkə daxilində mərhum prezidentlə bağlı aparılan şəxsiyyətə pərəstiş siyasətinin davamıdır”.
Yeri gəlmişkən, bu heykəllərdən biri ötən ay dünya mətbuatında əsas müzakirə mövzularından biri oldu. Söhbət, Meksikanın paytaxtı Mexikoda şəhər rəhbərliyinin ictimaiyyətin kəskin etirazları nəticəsində Heydər Əliyevin heykəlini yerləşdiyi parkdan götürməsindən gedir. Etirazçı meksikalılar bildirirdilər ki, insan hüquqlarını pozan, avtoritar idarəçiliyilə məşhur olan bir şəxsə Mexikoda abidə ucaldılmasını onlar özlərinə qarşı təhqir sayırlar.
Çox güman ki, məhz bu cür etirazların qorxusu Azərbaycan və Monteneqro hökumətlərini bu dəfə Əliyevin heykəlindən imtina edərək, şair Hüseyn Cavidə abidə ucaltmağa vadar edib.
“Bu, hətta Monteneqro üçün də həddindən artıq olardı. Şairi satmaq daha asandır…”, – deyə Monteneqronun “Monitor” jurnalının redaktoru Tadiç Milka bildirib.

Əliyev rejiminin əsas xüsusiyyəti korrupsiyadır

Həm Heydər Əliyev, həm də onun oğlu – Azərbaycanın hazırkı prezidenti Ilham Əliyev mütləqiyyət üsul-idarəsi və diktator rejimin başçıları kimi tanınır. Heydər Əliyev KQB generalı olub və Azərbaycan hələ Sovet Ittifaqının üzvü olduğu vaxtlarda da bu ölkəyə rəhbərlik edib. O, öz rəqiblərini “korrupsiyaya qarşı mübarizə” adı altında “zərərsizləşdirib”. Onun oğlu Ilham Əliyevin idarəçiliyi dövründə Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının müxtəlif bəhanələrlə həbsxanaya atılması praktikası yaranıb, ölkə insan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatlar tərəfindən tənqid olunub.
Lakin Əliyev rejiminin ən əsas xüsusiyyəti hökumətin dəhşətli korrupsiya içində boğulmasıdır. OCCRP və Azad Avropa Radiosunun son araşdırmaları göstərdi ki, prezident və onun ailəsi dövlət müəssisələrini özəlləşdirməklə əsas aktivləri ələ keçirib, ölkədə ən iri biznes sahələrində bu ailənin əhəmiyyətli dərəcədə böyük olan gizli payları var. Hakim ailə həmçinin xarici ölkələrdə, o cümlədən, Çexiya kimi elit təbəqənin sevimli istirahət məkanı olan yerlərə sərmayə qoymaqla öz vəsaitlərini gizlətməyə çalışır.
Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti həm də zəngin və səxavətli qonşu kimi görünməyə çalışır. Azərbaycanda Ilham Əliyev ətrafında şəxsiyyətə pərəstiş onun atasıyla bağlı nümunə üzərində yaradılır və bu, tədricən virtual aləmə – internet məkanına keçir.

Hakimiyyət gəncləri satın almağa çalışır

“Uzun illər internet məkanında müxalifət dominantlıq edirdi. Lakin iki il əvvəl hakim partiyanın gənclər təşkilatı sosial mediada daha aktiv fəaliyyət göstərmək təşəbbüsündə bulundu”, – deyə Vaşinqton Universitetinin professoru, keçmiş sovet ölkələrində texnologiyalar üzrə ekspert Keti Pirs bildirib.
Pirs deyir ki, bu ölkədə ixtisaslı gənclərdən, bacarıqlı partiya üzvlərindən ibarət qruplar internetdə kampaniya aparır. Onların kampaniyası hələlik inkişaf etməyib, amma o demək deyil ki, bu baş verməyəcək. Ekspertin fikrincə, tədricən azərbaycanlıların bir çoxu həvəslə bu kampaniyaya qoşulacaq. Onun sözlərinə görə, internetdəki şəkillərdə gənc elit təbəqənin dəbdəbəli həyat tərzini görəndə bəzi gənclər “hökumətyönlü olmaq haqda” qərar qəbul etmək istəyirlər: “Azərbaycanda gənclər üçün yaxşı, imkanlı həyatın açarı hökumətyönlü olmaqdır. Amma təkcə o çevrəyə daxil olmaqla iş bitmir, gərək rəhbərliyə sədaqətini nümayiş etdirəsən. OCCRP Ilham Əliyevi ”korrupsiya cinayətlərinə görə ilin adamı” elan edəndə onlar özlərini nümayiş etdirdilər. Təşkilata və bu haqda yazmış media orqanları təxminən 6000 məktubla “bombardman” edildi. Bunların bir qismi avtomatik məktublar idi”.

ARDNŞ Monteneqrodakı tenderdə necə qalib olub?

Bu yeni gənc elitanı yaratmış neft pulları eyni zamanda, Azərbaycanın xaricdə bir sıra layihələri maliyyələşdirməsinə sərf olunur. Son heykəl məsələsi Əliyevin Monteneqroda nəhəng və dəbdəbəli kurort mərkəzləri tikmək planlarına uyğundur. Dörd milyard dollarlıq kurort Kumbor adasında – Azərbaycan Dövlət Neft Şirkətinin Monteneqro hökumətindən 90 illik icarəyə götürdüyü köhnə kazarmaların yerində inşa olunacaq. Icarənin məbləği isə açıqlanmır.
Kumbor adasında otellərin tikintisi üçün tenderi məhz ARDNŞ-in udması şübhəlidir. Dövlət Neft Şirkəti tender üçün nəzərdə tutulan əsas tələblərə cavab vermir, bu qurum turizmlə məşğul olmur. Buna baxmayaraq, ARDNŞ “Triangle” adlı şirkətin adıyla tenderi qazanıb. Tenderdə əsas iddialı namizəd olan Amerika şirkəti biləndə ki, qalib “Transparency International” beynəlxalq şəffaflıq təşkilatının hesabatlarında ən çox korrupsiyaya bulaşanlar sırasında göstərilən, bu sahə üzrə ixtisaslaşmayan bir qurumdur, dərhal nəticədən şikayət verib. Lakin “texniki qüsurlara görə” şikayətə baxılmayıb.
“Azərbaycandan çıxarılan pullarla bu yolla manipulyasiya etmək daha asandır. Onun həqiqətən də çox ciddi şəkildə pula ehtiyacı var. Ona görə də Əliyevlə getdi. Əliyev cənab Dukanoviç üçün problemlərinin həlli baxımından nadir təminatlardan biridir”, – deyə Tadiç Milka fikirlərini bölüşür.
Ötən həftə Monteneqro hökumətinin yaydığı press-relizdə bildirilir ki, iki ölkə arasında əlaqələr dinamik inkişaf edir. Dukanoviçdən sitat gətirərək, Monteneqro hökumətinin Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazır olduğu bəyan edilir.

Siyasət şöbəsi