Ağız cəzası

“Əsgər ölümlərinə son” demək üçün meydana çıxan gəncləri, yəni dünənin və sabahın əsgərlərini, şəhid valideynlərini, ağbirçək anaları, ağsaqqal ataları, körpələri, hətta hələ ana bətnində olan varlığı və onun anasını amansızcasına döyəndə, qollarını burub qıranda, yerlə sürüyüəndə, rezin güllələrlə atəşə tutanda, gözyaşardıcı qazla kor eləyəndə, qulaqbatırıcı qurğularla kar eləyəndə, onlara qahmar çıxmaq yerinə (çünki onlar dövlətin təməllərindən biri olan ordunun sağlamlaşmasını tələb edirlər) dövlətin başçısı çıxıb onları “ünsür” adlandıranda, aksiyanın dağıdılmasını Avropada fəxrlə dilə gətirəndə… mütləq belə olmalıydı.
Belə olmalıydı. Bir əsgərin yeddisi çıxmamış yeni birinin meyidi valideynlərinni üstünə göndərilməliydi. Az əvvəl hamilə qadından bəhs etdim. Adını unutduğum o xanımın aksiyadan iki gün qabaq yazdığı məktubu vardı. FB-də yayılmışdı. Yazırdı ki, sabah mənim də oğlum olacaq, bir gün əsgər gedəcək və mən onun ölməsini istəmirəm. Bunun üçün də o aksiyaya mən də qatılacam ki, etiraz edim, əsgərlərimiz qeyri-döyüş şəraitində həlak olmasınlar.
Övladları həmin günlərdə xidmətdə olan bəziləri də vardı ki, aksiyaçıları qınayır, lağa qoyur, dövlətçiliyimizə zərbə vurduqlarını yazırdılar. Tanrı onların günahını bağışlasın, ağızlarından haqsız kəlmələr çıxardıqlarına görə öz əsgər övladlarının dağıyla cəzalandırmasın. Hətta mənə qohumluğu çatan biri aksiyanın videogörüntülərini izləyəndə şəhid anasının, şəhid atasının sürüdülməsini görüb dedi ki, onların heç biri gerçəkdə şəhid valideyni deyil. Əlbəttə bu sözə yanmamaq, həmin şəxslə dalaşmamaq mümkün deyil. Yəni bu fikir allahsızlığın elə bir həddidi ki, hətta hakimiyyət, hətta Siyavuş kimi şəxslər belə, eyni fikri işlətməyiblər. Belələrini anlatmaq, yola gətirmək mümkün deyil. Ancaq hər kəsin quyruğu tapdananda ayılır. Elə birilərinin öz övladları, qohum-əqrəbaları eyni haqsızlıqla qarşılaşmayınca, döyülərək öldürülməyincə ağılları başlarına gəlmir. Mən bu cür ayıltmanı Tanrının haqsızlığı kimi qəbul edirəm, axı o gənc əsgərin suçu nədi ki, onun hansısa doğması belə küfr düşünür? Ancaq görünür, bizim Tanrıdan çox bilməyimiz mümkün deyil. Yəqin o görür ki, belələrini ayıltmağın başqa yolu yoxdu. Haqsızlığı kiməsə sübut etmək üçün onun öz başına gətirməlisən.
Gənc fəal, özünü azadlıq uğrunda savaşa bağışlamış Renad Nəcəfovun gördüyü işgəncələri başına eyni xəsarət gəlmiş, əməliyyat görmüş biri kimi çox yaxşı anlayıram. Sadəcə dəhşətdi. Onu və onun kimiləri yer üzündən silməyə hazır olan hakimiyyət rəhbərlərini anlayıram, ama onun üzünü öz zirehi ilə dağıdan, yenə də ürəyi soyumayan polisi yox. Mən elə bir cəlladın bu millətdən olduğuna şübhə edirəm! Bəlkə insan olması da mübahisəlidi.
Yevlaxda yerləşən N saylı hərbi hissədə qulluq edən əsgər Miriyev Elvin Fikrət oğlunun amansızcasına öldürülməsi məni dəhşətə gətirdi. Gənc şair dostumuz Aqşin Yenisey dünyasını dəyişən əmisi oğlu haqda “Qafqazinfo”ya deyib ki, onun baş hissəsində ağır zərbə izləri vardı. Yevlaxda keçirilən ilkin ekspertiza zamanı isə ona zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvləri təkrar ekspertiza barədə tələb irəli sürsələr də, tələbləri yerinə yetirilməyib. Hər şey göz qabağındadı. Ancaq bu zəhərlənmə versiyası mənə daha inandırıcı gəldi. Bəli, bütün Azərbaycan cəmiyyəti – ordusu da daxil olmaqla zəhərlənib. Bu zəhərlənmə aradan qalxmayana kimi hələ çox əsgərlərimizi “taburetka” ilə vurub öldürəcək, təkrar ekspertizalara da izn verməyəcəklər. Valideynlərin ağzını yummaq üçünsə rayon rəhbərləri tökülüşüb hüzrlərə gələcəklər.
Ağız demişkən, mətbuat Gülər Əhmədovanın ağzından əməliyyat olunduğunu yazır. Əvəz Zeynallı haqda şər-böhtan kəlmələr həmin ağızdan çıxmışdı. Diqqətli olaq, ağzımıza yaxşı baxaq…