Məmmədyarovun məktubu yayıldı; ABŞ-ın ATƏT-dəki nümayəndəsi bəyanat verdi
ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Gari Robins martın 14-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında bəyanatla çıxış edib. O, rəsmi Bakının ATƏT-in Bakıda səlahiyyətlərini və missiyasını məhdudlaşdırmaq planları barədə məlumat verib.
“Bizə Azərbaycan hökumətindən ATƏT-in Bakı ofisinin mandatını dəyişmək xahişi daxil olub”, deyən Robins qeyd edib ki, Bakı ofisinin hazırki mandatı 2013-cü ilin əvvəllərində yenilənib və onun üzərinə “bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, insan və ekoloji aspektlərdə, habelə sabitlik və təhlükəsizlik istiqamətlərində ATƏT çərçivəsində prinsip və öhdəliklərin tətbiqinə şərait yaratmaq” vəzifəsi qoyulub”.
Daha sonra Robins bildirib ki, Bakı missiyasının Azərbaycana demokratik institutların inkişafında dəstək göstərilməsi nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.
“Siyasət və insan hüquqları məsələləri üzrə məruzələr mühüm xəbərdarlıq mexanizmləridir və ATƏT-in münaqişələrin qarşısının alınması və həlli roluna töhfə verir. Vaxtlı-vaxtında verilən məruzələr regionda gərginliyin artması ehtimalı haqqında təsəvvür formalaşdırmağa imkan verir. ABŞ bu məruzələrin sabitlik və təhlükəsizliyin təmin edilməsi və Azərbaycana öhdəliklərini yerinə yetirməsində kömək göstərilməsi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür. Hesab edirik ki, əvvəlcədən razılaşdırılmış mandatın hazırki səlahiyyətlərini saxlamaq Azərbaycan hökumətinin maraqlarına uyğun olardı. ABŞ Azərbaycan hökuməti ilə güclü demokratiya və vətəndaş cəmiyyəti qurulması məsələsində yaxın əməkdaşlığını yüksək qiymətləndirir”, deyə Robins bildirib.
Qeyd edək ki, rəsmi Bakı hələlik bu bəyanatla bağlı şərh verməyib və ölkə hakimiyyyəti ATƏT-ə belə bir müraciət etdiyi haqda məlumat yaymayıb. Lakin diplomatik mənbələrə görə, söhbət ATƏT missiyasının statusunun layihə koordinatoru səviyyəsinə qədər azaldılmasından gedir.
Ən mühüm dəyişiklik gələcək layihə koordinatorunun bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və yalnız rəsmi Bakının razılığı ilə həyata keçirməli olması ilə bağlıdır.
Ehtimal etmək olar ki, hakimiyyət missiyanın ştatını ixtisar etmək və səlahiyyətlərini məhdudlaşdırmaq istəyir. İlk növbədə bu məhdudiyyətlə ATƏT missiyasının müstəqil tədbirlər keçirmək, seçkilərlə, insan hüquqlarının və demokratiyanın pozulması ilə bağlı hadisələrə və proseslərə reaksiya imkanları ilə bağlıdır. Həmçinin bu, hakimiyyətin ATƏT və yerli QHT-lər arasında birbaşa əməkdaşlığa yol verməmək cəhdinə dəlalət edir.
Prezident seçkiləri ilində bu, ATƏT DTİHB müşahidəçilər missiyasının ölkəyə buraxılmaması demək olar (“Turan”).
Hakimiyyət ATƏT-ə nə təklif edir?
“Azadlıq” radiosu Azərbaycan Xarici İşlər Nazirliyinin layihə koordinatorluğu ilə bağlı ATƏT-ə təklifini yayıb. Nazirlik bu barədə məktubu martın 6-da ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kozharaya göndərib. Radio diplomatik qaynaqlardan həmin məktubun surətini əldə edib.
Məktubda qeyd olunur ki, 13 il keçəndən sonra ATƏT-in Bakı ofisinin mandatı ilə bağlı sahələrdə ciddi irəliləyiş əldə olunub, Azərbaycan da bütün çətinliklərə baxmayaraq, ciddi iqtisadi inkişaf qazanıb, yaxşı işləyən dövlət və mülki cəmiyyət qurumları yarada bilib: «Biz ATƏT və onun prinsiplərinə tam sadiq qalırıq. Eyni zamanda, inanırıq ki, ATƏT və Azərbaycan arasında yaradılmış əməkdaşlıq mexanizmləri müasir reallıqlara uyğunlaşdırılmalıdır. Bu mənada, ATƏT-in Bakı ofisinin missiyasının Layihə Koordinatoru statusu ilə əvəzlənməsini təklif edirik…
Bu mənada, ATƏT-in Fəaliyyətdə olan sədri kimi sizdən ATƏT-in Azərbaycanda Layihə Koordinatorunun təsis olunması prosedurlarının asanlaşdırılmasını xahiş edirəm».
Məktuba əlavə olunmuş Qərar Layihəsində qeyd olunur ki, Koordinator Azərbaycana ilkin bir müddətə (məktubda həmin müddətin yeri boş göstərilir) təyin olunacaq. Daha sonra bu müddətin hər dəfə 6 ay uzadılması nəzərdə tutulur. Ayrıca o da göstərilir ki, Layihə Koordinatoru ATƏT-in Bakı ofisini əvəzləyəcək.
«ATƏT-in Azərbaycandakı Layihə Koordinatoru Azərbaycan hakimiyyəti ilə ATƏT arasındakı, Xarici İşlər Nazirliyinin təsdiqlədiyi layihələri planlaşdırıb həyata keçirəcək», – deyə məktubda bildirilir.
ATƏT-in Azərbaycandakı Layihə Koordinatoru Bakıdakı həmin qurumun beynəlxalq və yerli əməkdaşlarına da rəhbərlik edəcək.
ATƏT-dən nə deyirlər?
ATƏT sözçüsünün müavini Frane Maroevic Azərbaycan XİN-in məktubla bağlı “Azadlıq” radiosunun sorğusuna cavab olaraq bildirib: «Məktubda toxunulan məsələlər diqqətlə öyrənilir və iştirakçı Dövlətlərlə müzakirə olunur. Bu müzakirələr konfidensial olduğundan indi bu barədə şərh vermək mümkün deyil. Bakıya səfəri zamanı ATƏT-in baş katibi Lamberto Zannier məktubda qaldırılan məsələləri Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edib.
ATƏT-in əməliyyatlarının mandatı ev sahibi olan ölkə ilə razılaşdırılır və ATƏT-in 57 üzv dövləti tərəfindən təsdiqlənir. Bu səbəbdən müzakirələr ATƏT-in bütün üzvləri ilə sürdürüləcək».
Azərbaycanda 2000-ci ildən bəri fəaliyyət göstərən ATƏT-in Bakı ofisinin illik mandatı dörd ay bundan əvvəl (2012-ci ilin noyabrında), büdcəsi isə ötən ay təsdiqlənib.