Yeni əsrin yeni lideri

Həm də hədsiz səmimi…
Axır ki… Ötən ilin payızından başlanan, bütün ölkəni lərzəyə gətirən video qalmaqalından zərbə alanlar yazın gəlişiylə yavaş-yavaş dirçəlir. Yaz belədir, gəlişiylə qanı qaynadır, adamları danışmağa, mən də varam, hələ sağam, nəfəsim gəlir, yaşayıram – deməyə həvəsləndirir. Etiraf edək ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin uzaq Fransadan açdığı artilleriya atəşi hədəfə dəymişdi. Bir çoxları zərbədən şoka düşmüşdülər. Ancaq doğrudan da zamanın ən yaxşı məlhəm olduğu bir daha göründü. Yaralar qaysaq bağladı.
Video zərbədə əsas hədəflərdən olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev martın 14-də AzərTAc-a müsahibə verib. Bu müsahibə payızdan çökmüş ölü sükutun pozulması kimi də dəyərləndirilə bilər. Bunu dolaşan söz-söhbətlərə, bəzən həddini aşan dezinformasiyalara cavab da saymaq olar. Yox, biz yerimizdəyik, dəyişən deyilik, aramızda heç bir umu-küsü də yoxdur. Ölkəni yenə də köhnə üsullarla idarə etmək niyyətindəyik və bunda israrlıyıq. Bizi birləşdirən dəyərlər, hələ illər öncəsi qarşımıza qoyulan vəzifə var. Biz bu yoldan dönmərik.
“Ilham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab Ilham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir”.ÿ
Sitat Ramiz müəllimin müsahibəsindəndir. Mənə elə gəlir ki, bundan dərhal şüar kimi istifadə etmək, dövlət idarələrinin divarlarına yazmaq, yollarda, küçələrdə asmaq olar. Həm də seçki ili olduğundan işə yarayır. Bir balaca sonuncu cümlədə dolaşıqlıq var. Administrator-filosofun dövlət başçısının hədsiz səmimi olduğunu dedikdə nəyə işarə vurduğu bilinmir. Bəlkə hansısa yolun 10-20-ci kilometrinin açılışını bildirən qırmızı lenti kəsəndə, bəlkə yumurtanın qiymətini aşağı salmaq üçün müşavirə keçirəndə, Sərkisyanla xizək sürəndə, Putin haqqında ürəyindən keçənləri deyəndə, ailə biznesini çiçəkləndirəndə, pensiyaları 40-60 qəpik artıranda, məmurlara barmaq silkələyəndə, turnikdə dartınanda, “Əsgər ölümlərinə son” aksiyası keçirənlərə “ünsür” deyəndə, alimi iclas zalından qovanda… Indi görünür ki, həqiqətən səmimi addımlar çoxdur, hətta o qədər çox ki, sadalamaqla qurtarmaq olmur.
“…Biz Administrasiya olaraq bu seçkilərə təşkilati nöqteyi-nəzərdən hazırlaşırıq, Mərkəzi Seçki Komissiyası ilə birlikdə üzərimizə düşən işləri görürük, fəaliyyətimizi seçki praktikasının təkmilləşdirilməsi, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində qururuq”.
Bu sitatın isə səmimiliyinə zərrə qədər şübhə yoxdur. Administrasiyanın seçki ilə bağlı üzərinə düşən işlərin çox olduğunu və bunun hansı işlər olduğunu Elşad Abdullayevin hələ də yayılmaqda olan videoları sayəsində təkcə Azərbaycanda yox, uzaq Liviya səhrasında da bilirlər. Mərkəzi Seçki Komissiyası ilə Prezident Administrasiyasının birgə fəaliyyəti… uzun illərdir sonda gedib “atvyorka”ya dirənir. Ümid edirik ki, bu il “atvyorka” problemi yaşanmayacaq. “Yeni əsrin yeni lideri” ilə birgə daha sivil yol və üsullar tapılacaq. Müasir tələblərə cavab verən laqonda və drellər məncə, daha keçərli, moderndir.
Sonda bir iradımı bildirmədən keçə bilmərəm. Bu sitatda, görünür, redaktor və korrektor səhvə yol verib. Ramiz müəllimin səsləndirdiyi “demokratik, azad və ədalətli seçki” sözləri əslində dırnaqda yazılmalıydı. Administrator-filosof durğu işarələrini də diliylə deyəsi deyildi ki. Çünki bu sözləri deyəndə onun hədsiz səmimi olduğu açıq-aşkar görünür, sətirlərdən tökülür. Mən deyərdim ki, hətta Ilham Əliyevdən də səmimi…