Növbəti qara xəbər Yevlaxdan gəldi (FOTOLAR)
Sərhəd Xidməti “təzyiqin kəskin düşməsi”, qohumları “komandir öldürüb” deyir
Azərbaycanda daha bir qeyri-döyüş şəraitində əsgər ölümü qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgər Niftizadə Elvin Fikrət oğlu dünyasını dəyişib. 1994-cü il təvəllüdlü Elvin Niftizadə bu ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsindən hərbi xidmətə çağırılıb.
Əsgərin öldüyü haqda ilk xəbər yayan “Teleqraf.az” saytı Yevlax rayon xəstəxanasındakı mənbəyə istinadla bildirib ki, əsgər hərbi hissədən xəstəxanaya gətirilərkən yolda keçinib.
Mərhumun bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev isə “Musavat.com”a məlumat verib ki, əsgəri öz komandiri yatdığı yerdə, kətillə (taburetka) başından vuraraq qətlə yetirib. Komandirin adı, hadisənin detalları barədə hələlik məlumat yoxdur.
Ülvi Quliyev bildirib ki, Elvinin bədənində, xüsusilə, baş nahiyəsidə çoxsaylı xəsarətlər və döyülmə izləri var.
Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini mərhum əsgərin yaxınlarına məlumat verib ki, Respublika Hərbi Prokurorluğunda istintaq qrupu yaradılıb. Yeddi nəfərdən ibarət qrup hadisənin təfərrüatlarını araşdırmaq üçün Yevlax rayonuna ezam olunub.
11.15
Martın 16-da Yevlaxda ölən əsgər Elvin həm də gənc şair Aqşin Yeniseyin əmisi oğludur. “Qafqazinfo”ya açıqlamasında Aqşin Yenisey deyib ki, Yevlax rayonunda sərhəd qoşunlarında iki aydır ki, hərbi xidmətdə olan əmisi oğlu Elvinin başına küt alət vurmaqla qətlə yetiriblər: “Onun yalnız baş hissəsində ağır zərbənin izləri var. Artıq əsgərin cəsədi doğulduğu kəndə aparlıb. Mən öz tayfamızı tanıyıram, onu öldürən adamın aqibəti yaxşı olmayacaq, çıxsın üzə və gedib həbsxanada gizlənsin”.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində öldürülən əsgər Elvin Niftizadə dəfn edilib. Bu barədə məlumatı Musavat.com-a onun bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev verib.
Ülvi Quliyev bildirib ki, əsgər başından kətillə (taburetka) vurularaq öldürülüb. Buna baxmayaraq, Yevlaxda keçirilən ilkin ekspertiza zamanı zəhərlənmə diaqnozu qoyulub. Lakin mərhumun bədənində, xüsusilə, başında olan xəsarətləri görən ailə üzvləri bu versiyanı absurd hesab edirlər. Onlar təkrar ekspertiza barədə tələb irəli sürsələr də, bu tələbləri yerinə yetirilməyib. “Əgər dayım oğlu zəhərlənibsə, onda hərbi hissədəki 300 əsgər də zəhərlənməliydi. Onların hamısı eyni qidanı qəbul ediblər. Niyə təkcə Elvin zəhərlənib?”, – Ülvi Quliyev bildirib.
Ülvi Quliyev məlumat verib ki, yas mərasiminə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi və müavinləri, əsgərin öldürüldüyü hərbi hissənin zabitləri, eləcə də, Dövlət Sərhəd Xidmətinin Göytəpədəki hərbi hissəsinin komandiri gedib.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) martın 16-da Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı məlumat yayıb. Bu barədə APA-ya DSX mətbuat mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, martın 16-da DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə gətirilib. Müayinə zamanı əsgərin təzyiqinin kəskin surətdə düşməsi aşkar edilib və o, təcili olaraq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, Elvini xilas etmək mümkün olmayıb.
Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər hansı xarici yaxud daxili xəsarət alma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb.
“Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.
Hadisə barədə məlumat aldıqca yazıya əlavə edəcəyik.