Qarabağ musiqi məktəbinin daha bir ustadı

Molla Ibrahimin istedadlı tələbəsi Bahadır

Xalq arasında Mehralı oğlu Bahadır kimi tanınan Bahadır Mehralıoğlu görkəmli xanəndə, gözəl müəllim olub. Azərbaycan musiqisinin inkişafında Mehralıoğlunun da özünəməxsus xidmətləri var. Bahadır Mehralıoğlu 1883-cü ildə Şuşanın “Çuxur məhəlləsi”ndə dabbaq ailəsində anadan olmuşdu. Onun atası Mehralı kişi musiqi həvəskarı idi, yaxşı qarmon çalardı.
Mehralı kişi oğlu Bahadırın da musiqiçi olmasını istəyirdi. Səkkiz yaşında Molla Ibrahimin məktəbinə gedən Bahadır həmin məktəbdə fars, türk dillərini öyrənməklə yanaşı klassik muğamlardan dərs də alırdı. Qarabağın bir çox görkəmli muğam ustaları da Molla Ibrahimin məktəbində təhsil almışdılar.
Bahadırın olduqca zil səsini və şəxsi istedadını nəzərə alan müəllimi onunla xüsusi məşğul olurdu. Onun zəhməti hədər getmədi. Gənc Bahadır musiqi elminə kamil yiyələndi, fars dilini mükəmməl öyrəndi.
“Molla Ibrahim dəfələrlə tələbələrinə deyərdi: Muğam musiqisinə yiyələnmək üçün, xüsusilə Sədi, Hafiz, Ömər Xəyyam, Nizami kimi böyük şairlərin qəzəllərini oxumaq üçün fars dilini, Füzuli, Zakir, Seyid Əzim, Tofiq Fikrəti dərindən başa düşmək, anlamaq üçün ana dilinin incəliklərini öyrənməlisiniz. Bunları bilmədən musiqiçi olmaq müşküldür. Bahadırın bir xanəndə kimi püxtələşməsində atasının da müəyyən təsiri olmuşdur. Mehralı kişi öz oğluna dabbaqlıq sənətini öyrədirdi. Bahadır məktəbdən evə qayıdandan sonra atasının dükanına gedər, orada gön aşılayardı. Nahar vaxtı qonşu sənətkarlar Mehralı kişinin dükanına yığışardılar. Mehralı kişi isə dostlarının xahişi ilə qarmon çalar, Bahadırsa ”Segah” üstündə zümzümə edərdi. Mehralı kişi musiqi məclislərinə, el şənliklərinə dəvət olunarkən gözəl səsli oğlunu da özü ilə aparardı. Bu məclislərdə Bahadır özünün incə və zil səsi, şirin nəfəsi ilə nəinki atasını, həm də bütün məclis əhlini xoşhal edərdi”(Firudin Şuşinski).
Bahadır məhəllə toylarında yerli xanəndələrin oxumaqlarına diqqət yetirər, Füzulinin, Seyid Əzimin, Zakirin, Natəvanın qəzəllərini əzbərləyərdi. Onu xanəndələrdən ən çox gərgin böyük müğənnisi Cabbar Qaryağdı oğlunun sənəti maraqlandırardı. Iyirmi yaşında artıq Qarabağda bir xanəndə kimi məşhur idi. O, tarzən Məşədi Cəmillə tez-tez yoxsullarının məclislərinə dəvət olunurdu.
Bahadır həmçinin Şəki, Şirvan, Gəncə, Irəvan və Tiflis məclislərinə, toy şənliklərinə də tez-tez dəvət olunurdu. dəvət edərdilər. Onu hətta Iran məclislərinə də dəvət edərdilər.
Şuşa məclislərinin bəzəyi
Mehralı oğlu Bahadır “Qarabağ məktəbi”nin bütün ifaçılıq qanunlarına bir xanəndə kimi riayət etməkdə son dərəcə ehtiyatlı idi. O, bütün varlığı, düşüncəsi ilə xalq musiqisinə bağlı idi və musiqidə yad elementlərdən xoşlanmazdı.
Xanəndə eyni zamanda söz seçməkdə, qəzəlxanlıqda da usta idi. O, muğamı tamam-dəstgah oxuyanda yalnız bir qəzəldən istifadə edərdi. Onun repertuarı da geniş və rəngarəng idi, həmişə məclis əhlinin zövqünə uyğun mahnı və söz seçərdi.
F.Şuşinski yazırdı: “Mən Bahadırın səsini ilk dəfə 1931-ci ildə eşitmişəm. O zaman xanəndə Bahadır öz dəstəsi ilə Şuşanın ”Çanaxqala” adlı seyrangahında çalıb-çağırardı. Mənim altı yaşım olardı. Hər axşam mən, atam, çox vaxt əmim qəssab Şəmillə öz qoyun-quzu sürümüzü və Xanlıq atlarını qarşılamaq üçün “Çanaxqala”ya çıxar, oradan da “Yel dəyirmanı”na enərdik. Məhz həmin yay aylarında Şuşaya istirahətə gələn yüzlərlə adam “Çanaxqala”ya seyrə çıxar, cıdıra tamaşa edər, “Çanaxqala”da Əvəz bəyin qəhvəxanasında çay-kofe içib dincələrdilər. Bir çoxları da ancaq Mehralı oğlu Bahadırı dinləmək üçün hər axşam buraya toplardılar. Mənim əmim arvadı Abıhəyat Həmidə xanımın qohumu idi.
Mirzə Cəlil “Çanaxqala”nı Şuşanın bütün seyrəngahlarından daha çox xoşlardı. O, hekayələrinin birində bu yerlərin mənzərəsini, gördükləri qələbəliyi qələmə almışdı. Qəhvəxana sahibi Əvəz bəy Mirzə Cəlilə xüsusi ehtiram və hörmət bəslədiyindən kənarda tək armud ağacının altında masa qoydurmuşdu. Mirzə Cəlil burada təkcə əyləşərdi. Mirzə Cəlilli “Çanaxqala”nın ab-havasının şairanəliyindən savayı Bahadırın gözəl oxumağı da riqqətə gətirirdi. O, əmimə deyirdi:
– Bu kişinin oxumağı məni valeh edir. Həm ustadır, həm də təsirli oxuyur.
Əmim də onun sözünü təsdiq edərdi:
– Düz buyurursunuz, Mirzə, çobanlar deyirlər ki, Bahadırın səsi Xəlifəli çayına, hətta Qaybalı kəndinə belə çatır.
Doğrudan da Mehralı oğlu Bahadır “Qarabağ şikəstəsi” oxuyanda onun səsini uzaqlardan eşitmək olardı. O vaxtlar Xan Şuşinski “Şəhər bulvarında” oxuyardı. Bahadırın səsini eşidəndə o da, “Qarabağ şikəstəsi”ni başlardı. Hər iki xanəndə aralarındakı 2 verstlik məsafəni qət edib, sanki, bir-birilə Qarabağ bülbülləri kimi yarışardılar…”.
Bahadır Mehralıoğlu dəfələrlə Zaqafqaziya miqyasında keçirilən musiqi və xalq yaradıcılığı müsabiqələrində da iştirak etmiş, həmişə fəxri yerlərə layiq görülmüşdür.
1934-cü ildə may ayının 30-da Tiflisdə Zaqafqaziya xalqları incəsənətinin Olimpiadasında Bahadır Mehralıoğlu böyük müvəffəqiyyətlə çıxış etmiş, olimpiadanın ikinci mükafatına və Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsinin ikinci dərəcəli Fəxri Fərmanına layiq görülmüşdü.
Mehralı oğlu Bahadır “Heyratı”, “Qatar”, “Kürdü-Şahnaz” kimi zil səs, coşğun zəngulə tələb edən muğamları sərbəst oxuyardı.
“Şərq konsertləri”nin fəal ifaçısı
Sənət dostları kimi Mehralı oğlu Bahadır müntəzəm olaraq teatr tamaşalarının fasilələrində və “Şərq konsertləri”ndə Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Pəsxan Cəlil (Aşıq Cəlil), Kamrabəyim, tarzən Abbasqulu ağa, Isi Əliyev, Allahyar Cavanşirov, qarmonçu Lətif Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu, Yusif Yusifov və başqaları ilə çalıb-çağırardı.
Bahadır Azərbaycan musiqisinin şöhrət qazanması üçün əlindən gələni etmişdir. O, eyni zamanda Şuşada və Ağdamda verilən teatr tamaşalarının fasilələrində çıxışlar edər, “Şərq konsertləri”ndə də iştirak etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdı.
Bahadır Mehralıoğlu tarzənlər Abbasquluağa, Allahyar Cavanşirov və məşhur qarmonçu Abutalıb Kərbəlayı Muxtar oğlu, sonralar isə oğlu tarzən Məşədi Nəriman ilə xalq şənliklərində, dram teatrlarında, mədəniyyət evlərində, ordu hissələrində uzun illər çıxış etmişdir.
Bahadır Mehralıoğlu usta xanəndə idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. Oxuduğu muğamın bir guşəsini nə qədər şirin nəfəslərlə, duzlu xallarla vursa belə, onu iki dəfədən artıq təkrar etməzdi.
Mehralı oğlu Bahadır eyni zamanda qayğıkeş bir müəllim kimi də şöhrət qazanmışdı. Gənc nəslin musiqi təhsili yaxından maraqlanan Bahadır Mehralıoğlu Ağdamda şəhər pionerlər evinin nəzdində “Səs dərnəyi” təşkil etmiş, kəndbəkənd gəzib məktəblərdən səsi olan uşaqları dərnəyə dəvət edirdi. Hətta qonşu rayonlardan belə Bahadırın yanına gəlib ondan dərs alardılar.
Istedadlı sənətkar Qarabağda bütöv bir musiqiçilər nəslini yetişdirmişdir. Əbülfət Əliyev, Yaqub Məmmədov, Sahib Şükürov kimi adlı-sanlı müğənnilər də Mehralı oğlu Bahadırdan dərs almışdılar.
Mehralı oğlu Bahadır 1940-1945-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında çalışmış, 1946-1962-ci illərdə isə Üzeyirbəy Hacıbəyov adına Ağdam musiqi məktəbində muğamatdan dərs demişdir.
Ömrünün 60 ilini Azərbaycan milli musiqisinin inkişafına həsr etmiş görkəmli xanəndə Mehralı oğlu Bahadır 1962-ci ildə Ağdamda vəfat etmişdir
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir .