Rəsmi Bakı ABŞ-la xaricdə dost, daxildə düşməndir?
Azərbaycan hakimiyyətinin Qərblə, xüsusən də Birləşmiş Ştatlarla bağlı mövqeyinin nədən ibarət olduğunu müəyyən etmək olmur. Məsələ ondadır ki, hakimiyyət eyni anda ölkənin daxilində bir cür, xaricində isə bir başqa cür təbliğat aparır. Bu günlərdə Azərbaycan parlamentinin Vaşinqtonda olan dörd deputatı Con Hopkins Institutunda lobbiçilər və ekspertlər qarşısında çıxış edərək ABŞ-dan yumuşaq desək, imdad diləmişdilər. “Ölkəyə təhlükə şimaldan və cənubdan gəlir” deyən deputat Səməd Seyidov bildirmişdi ki, Azərbaycanı ABŞ-la yaxın olmaq cəhdlərinə görə “sendviç kimi” əzirlər.
Deputat Asim Mollazadə isə demişdi ki, əsasən insan hüquqları mövzusunda Azərbaycan təzyiq aləti kimi istifadə olunur və onun prezidenti Ilham Əliyev təzyiq altındadır. Iqtidarın deputat heyətinin Vaşinqtonda ABŞ-la dostluqdan, Azərbaycana qarşı Rusiya və Iran təhlükəsindən danışıb kömək dilədikləri günlərdə Bakıda rəsmi təbliğat vasitələri ABŞ-ı, onun ictimai institutlarını qaralamaqla, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Qərbin ölkədə fəaliyyət göstərən QHT və diplomatlarını hədələməklə məşğul idi. ABŞ-ın ən böyük və nüfuzlu qurumlarından olan Milli Demokratiya Institutunu “vuran” Azərbaycan hakimiyyəti onu ölkədən çıxara biləcəklərinə eyham vurmaqdan da çəkinmədi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin Qərblə, xüsusən ABŞ-la bağlı ikitirəli siyasətini bir neçə səbəblə izah edir: “Ola bilsin ki, hakimiyyət daxilində xarici siyasətə münasibəti fərqli olan güc mərkəzləri var. Rusiyaya yaxın olan güc mərkəzi ABŞ-a qarşı aqressiv münasibət ifadə edir. Bu, həmin güc mərkəzinin geopolitik oriyentasiyası ilə bağlıdır. Bunun başqa bir izahı odur ki, hakimiyyət bir tərəfdən Qərbi, ABŞ-ı şantaj edir. O biri tərəfdən demək istəyir ki, demokratiya ilə bağlı təzyiqləri artırsalar, Azərbaycan hökumətinin münasibəti adekvat olacaq. Milli Demokratiya Instituna olan hücumlar da bu konteksdən izah oluna bilər. Qərbdən dəstək istəmələri də səbəbsiz deyil. Hökumət göstərmək istəyir ki, seçki öncəsi geopolitik faktorlara görə təzyiqə məruz qalır. Bunu ilk dəfə Saakaşvilinin dili ilə anons etmişdilər. Indi də, Rusiyanın təzyiqlərinə məruz qaldıqlarını elan etməklə özlərini Qərbin təmsilçisi kimi göstərməyə çalışırlar. Guya Rusiyadan olan təzyiqlər Azərbaycanın Qərblə münasibətləri ilə bağlıdır. Mesaj vermək istəyirlər ki, Qərb dəstəyini verməyəcəyi təqdirdə, Rusiya Azərbaycanda hakimiyyəti öz maraqlarına xidmət etməyə məcbur edəcək. Yəni bütün bunlar daha çox seçkiyə hesablanmış addımlardır”.