Hakimiyyətdə seçki ikitirəliyi dərinləşir

aliyev musavire2Qruplararası qarşıdurma iqtidarda dəngəni pozub; Hökumət bir-birinə zidd addımlar atır

Azərbaycan hakimiyyətində qarşıdan gələn prezident seçkisinə münasibətdə ikitirəlik getdikcə dərinləşir. Hakimiyyətin son günlər bir-birinə zidd adımlar atmasının iqtidar daxilində dəngənin pozulduğu, seçki yaxınlaşdıqca vəziyyətin daha da dramatik hal alacağı barədə ehtimalları gücləndirir.     
Biz hələ xeyli əvvəl ziddiyyətlərin təfərrüatları barədə məlumat vermişdik. Bir daha yada salaq. Hakimiyyətdə bir qrup düşünür ki – bu qrup hakim ailənin (Paşayevlərin) ətrafında birləşib – Qərbə müharibə etmək intihara bərabər addımdır. Əksinə, Rusiya və Iranla münasibətlərin ürəkaçan olmadığı bir dövrdə Qərblə münasibətləri normallaşdırmaq gərəkdir. Bunun üçün də təbii ki, ilk sırada Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi haqqında ciddi düşünmək, ümumiyyətlə, bu addımı atmamaq, seçkiyə başqa bir namizədlə qatılmağı nəzərdən keçirmək lazımdır. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ətrafında birləşən digər qrup isə başqa namizədlə seçkiyə qatılmağın qəti əleyhinədir. Bu qrup hesab edir ki, “başqa namizəd” Paşayevlərin hakimiyyətini tam ələ keçirmək niyyətindən doğan ideyadır. Yeri gəlmişkən, Ramiz Mehdiyevin komandası müəyyən mənada haqlıdır.
Hakimiyyətin son günlər bir-birinə zidd addımlar atması da bu qarşırdurmanın təzahürü hesab edilir. Konkret olaraq  Səməd Seyidov və digərlərinin ABŞ-da keçirdikləri görüşlər ərəfəsində Qərbə qarşı hücumları nümunə gətirmək olar. ABŞ-dakı görüşlərdə Azərbaycana şimal və cənubdan təhlükənin olduğunu bəyan edilir, açıq şəkildə Qərbdən dəstək istənilir. Lakin eyni vaxtda Azərbaycanda anti-ABŞ kampaniyası aparılır. Müşahidələr göstərir ki, ABŞ-ın əleyhinə kampaniyaya Ramiz Mehdiyevin nəzarətində olan mətbuat orqanlarında daha çox həvəs göstərilir. Digər tərəfdən Ramiz Mehdiyev bu ərəfədə geniş müsahibə ilə çıxış edir. Müsahibədə açıq mətnlə olmasa da, Qərbin ünvanına bir sıra ittihamlar səsləndirir. Amma Səməd Seyidovun vurğuladığı Rusiya və Iran təhlükəsindən danışmır.  
Başqa bir məqamı da vurğulamaq yerinə düşər. Ramiz Mehdiyevin məlum müsahibəsindən bir gün sonra Ilham Əliyevin xanımı Mehriban Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşür. Təsadüfdürmü? Zaman göstərəcək.

Namiq