Rumıniyadakı səfirin Ilham Əliyevə müraciəti müxtəlif mülahizələrə yol açıb
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun postundan geri çağırılması barədə ölkə başçısı Ilham Əliyevə müraciəti müxtəlif mülahizələrə səbəb olub. Hələ bir müddət əvvəl Eldar Həsənovun yüksək vəzifəyə gətiriləcəyi barədə yayılan məlumatlar daha da geniş işlənməyə başlandı.
Eldar Həsənovun yeni təyinatı ilə bağlı baş prokurordan tutmuş, Prezident Administrasiyasının rəhbəri postuna qədər müxtəlif vəzifələr sadalandı.
Lakin səfirin Ilham Əliyevə müraciətində incə bir məqam var. Eldar Həsənov bildirir ki, o səfir postundan geri çağırılmasını istəsə də, bundan sonrakı fəaliyyətini də diplomatik sahədə davam etdirmək arzusundadır. Eldar Həsənovu yaxından tanıyanların sözlərinə görə, səfir o qədər ehtiyatlı, korrekt adamdır ki, o, Ilham Əliyevlə əvvəlcədən razılaşdırmadan ona etdiyi müraciəti ictimailəşdirməz. Bu halda onun səfir postundan geri çağıralaraq başqa bir vəzifəyə təyin ediləcəyi barədə məlumatların əsassız olmadığını söyləmək olar. Amma hansı vəzifəyə, yuxarıda qeyd etdiyimiz kimi Eldar Həsənov buna işarə vurub və əgər söhbət diplomatik fəaliyyətdən gedirsə, o zaman mümkündür ki, o, daha böyük bir ölkəyə səfir göndərilsin. Yaxud da Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər. Lakin bu zaman da ortaya sual çıxır: Ilham Əliyev Eldar Həsənovu hansısa vəzifəyə təyin etmək istəyirsə, nədən bunu adi qaydada etmir? Eldar Həsənovu səfir postundan geri çağırıb, başqa bir vəzifəyə təyin etmək olmazdımı? Niyə Eldar Həsənov səfir postundan geri çağırılması üçün ayrıca Ilham Əliyevə müraciət etməlidir?
Bəzi mülahizələrə görə, bu taktiki gediş səfirin hakimiyyətdəki rəqiblərinə görədir. Eldar Həsənovun iqtidarda kifayət qədər nüfuzlu və təsir imkanları olan məmurlarla problemləri var. Ola bilsin ki, Eldar Həsənovun xahişi ilə Ilham Əliyev bu sayaq astagəllik edir. Səfir bununla rəqiblərinin gözlənilən hücumunun qarşısını alır. Yaxud da Eldar Həsənovun hakimiyyətdəki odioz məmurlarla problemi olduğunu bilən Ilham Əliyev özü səfirin bu müraciətilə reaksiyaları yoxlayıb buna müvafiq addım atmağı düşünüb. Bu mülahizə və məlumatların nə dərəcədə həqiqət olduğunu isə zaman göstərəcək.
Namiq