Sosial şəbəkə faktoru

Müxalifəti hər yerdən – parlamentdən, meydanlardan, oturduğu yerlərdən belə qovub uzaqlaşdıran diktatura rejimi bütün bunlardan sonra yenə belə bir soru ilə üz-üzə qalıb: nə etməli? 19-cu yüzildə rusiyalı yazar-demokrat Çernışevski bu sorunu romanına başlıq etmişdi. Ancaq bu, yalnız Çernışevskinin deyil, min illərin sorusudur. Bu gün bizdə bu soru əliyevçi rejimin başlıca sorunu (sorun-problem) olaraq ortaya çıxır. Müxalifəti 19 ildən bəri əzə-əzə gələn, Ailə hakimiyəti 2006-cı ildəki çıxışlarının birində “2008-ci ildə indiki müxalifət olmayacaq? deyən Ilham Əliyev indi daha aqressiv bir müxalifətlə qarşılaşmış durumdadır. Bir daha yada salmaq gərəkir: Quba, ”Binə”, Ismayıllı. Eləcə də gənclərin 12 yanvar, 10 mart aksiyaları – bunlar bütünlüklə AYRI AZƏRBACAN görsənişləridir! 
Hə, bunlar illərlə rejim yetkililərinin, rejim əlaltılarının gülüb ələ saldıqları “ənənəvi” müxalifət görsənişləri deyil. Bunlar rejimin pul paylamaqla yaratdığı “konstruktiv” müxalifət görsənişləri də deyil. Bəs bunlar nədir? Bunlar rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən heydərizmin özünün doğurduğu LEGITIM görsənişlərdir: Xalqa qarşı aqressiv rejimlə rejimə qarşı aqressiv MÜXALIFƏT görsənişləri! Bunu Internet dönəminin müxalifəti də adlandırmaq olar. Sosial şəbəkələrdə yazışmalar, paylaşmalar, haylaşmalar, çağırışlar… çox asanlıqla adamları bir yerə yığa, bir amaca yönəldə bilir. Sözsüz, gerçəklikdən çıxış etməklə.
Gerçəklik bütün parametrlər üzrə rejimin xalqa düşmən kəsilməyidir. Bu düşmənçiliyin obyektinə çevrilən minlər, milyonlar sosial şəbəkə sistemindən çox asanlıqla bir partiya olaraq yararlana bilir. Internet dünyanı ekranlaşdırıb-balacalaşdırıb: evində oturub dünyanı, dünyada baş verənləri görə bilirsən. Görürsən, qıcıqlanırsan. Avropada insan özgürlüyünü görürsən, istəyirsən ondan sənin ölkəndə də olsun. Ərəb ölkələrində diktatura rejimlərinə qarşı qalxımları görürsən, istəyirsən sən də qalxıb ölkəndəki diktatura recimini devirəsən. Bunu Internetin yaratdığı qlobal “domino effekti” adlandırmaq olar. Bu qarşısıalınmaz effektdən qaçmağın bir yolu var: dövlət-toplum yönətimində çağdaş prinsipləri, demokratik dəyərləri gündəm düzgüsünə çevirmək! Bu gün feodalizm dönəminin düşüncəsi ilə Azərbaycanın başında duranların başı getdikcə daha çox “xarici düşmən”, “molotov kokteyli” axtarmağa qarışacaq. Ancaq ən qorxulu “xarici düşmən” də, ən yandırıcı “molotov kokteyli” də uzaqda deyil, onların çağdaş dünya düzənindən çox-çox uzaq başlarının içindədir…
Rejim sosial şəbəkələrlə bağlı qorxusunu dilə gətirməkdədir. Avtoritar rejimin ən aktiv qurucularından, qoruyucularından olan F.Ağamalı deyir: “Mən avtoritar və köhnə təfəkkürlü deyiləm və hər zaman yeniliyin tərəfdarıyam”. Bu bir mesajdır, yaxın gələcəyin demokratik hakimiyətinə ötürülən mesaj: mən sizinlə də işləyə bilərəm. Bununla yanaşı o, sosial şəbəkələrdə “dövlətçiliyə, milli maraqlara zidd” çağırışların qarşısını almaq istəyində bulunur. Dövlətçiliyi dağıdan, milli maraqları satanlarla yol yoldaşı olanın istəyinə bax! Dövlətçiliyi dağıtma, milli maraqları satma qaynaqları sosial şəbəkələr deyil, bandit düşüncəsi ilə dövlət hakimiyətinə yiyələnmə faktlarıdır! Sosial şəbəkələrdə ortaya çıxan rejimə düşmənçilik görsənişləri nədən deyil, sonucdur – rejimin özünün doğurduğu sonuc.
Sosial şəbəkə aktivlərinə mənim deyəcəyim budur: aktivliyi əldən verməyin, ancaq ETIK normalardan qırağa çıxmamaqla. Gündəlik oxuyub-öyrənməklə bilik çevrənizi genişləndirin, ölkəiçi-ölkədışı sosial-siyasi prosesləri anlamaq, eləcə də boşuna deyil, tutarlı statuslar yazmaq bacarığına yiyələnin. Rejimə qarşı olsa belə, S.Ş-də söyüş-təhqirə yol verənlər məndən dostluq gözləməsinlər. Sözümüzə ucuzluq yox, ucalıq qazandıraq!